Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan ordusunun 44 günlük Qarabağ müharibəsində tətbiq etdiyi silahları və döyüş taktikasını aylardır xarici ölkə hərbi mütəxəssisləri, o cümlədən dünyanın aparıcı ölkələrinin ordu komandanlıqları təhlil etməkdədir. Bu günlərdə xəbər vermişdik ki, Çin ordusu Azərbaycanın bu müharibədə tətbiq etdiyi unikal fəndi sınaqdan keçirir və ötən əsrin 60-cı illərində istehsal edilmiş, silahlanmadan çoxdan çıxarılmış J-7 qırıcılarını pilotsuz təyyarələrə çevirərək onların köməyi ilə Tayvanın hava hücumundan müdafiə sistemini sınağa çəkir.

Azərbaycan ordusunun bu döyüşlərdə pilotsuz aparatların geniş çeşidindən istifadə etməsi, o cümlədən “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin müharibədə oynadığı rol da uzun müddətdir xarici hərbi ekspertlər tərəfindən təhlil edilməkdədir. Bu müharibənin təcrübəsini nəzərə alaraq bir çox ölkələr artıq öz silahlanma konsepsiyalarına dəyişiklik edirlər və öz ordularını yeni nəsil müharibələrə uyğunlaşdırmaq haqda qərarlar verirlər. Lakin müharibədə həlledici rolu təkcə silahlar oynamır, Azərbaycan ordusunun peşəkar xüsusi təyinatlı qüvvələrinin apardığı döyüşlər, o cümlədən Şuşanın azad edilməsi uğrunda gedən döyüşlər də hərb dərsliklərinə daxil ediləcək təcrübədir.

ABŞ Müdafiə Nazirliyinin strukturuna daxil olan Vest-Point Hərbi Akademiyasının Hərbi Hazırlıq Departamenti nəzdindəki Müasir Hərb İnstitutunun (Modern War Institute) saytında yerləşdirilmiş məqalə məhz Azərbaycan ordusunun Şuşa uğrunda döyüş taktikasının təhlilinə həsr olunub. “Şuşa şəhəri uğrunda döyüş və 2020-ci il Dağlıq Qarabağ müharibəsinin hesaba alınmamış dərsləri” adlı məqalənin müəllifləri həmin institutun Şəhər Müharibələri Layihəsinin həmmüəllifi Con Spenser və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbində beynəlxalq əlaqələr üzrə bakalavr təhsili alan Harşana Qurhudur.

Con Spenser

Con Spenser əvvəllər ABŞ ordusunun strateji araşdırmalar Qrupunun qərargah rəisi yanında elmi əməkdaş işləyib, piyada qüvvələrində 20 ilə yaxın xidmət edib, o cümlədən İraqdakı döyüş əməliyyatları zonasında iki dəfə ezamiyyətdə olub.

“2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri tanklardan və artilleriyadan istifadə edərək təmas xəttində, Azərbaycanla ermənilərin nəzarətində olan Dağlıq Qarabağ arasındakı təmas xəttinə hücuma başladı. Erkən döyüşlər, xüsusən də inkişaf etmiş pilotsuz təyyarə sistemləri və uzaqmənzilli döyüş sursatlarının istifadəsi zamanı açıq ərazilərdə Azərbaycan öz hərbi üstünlüyünü açıq şəkildə nümayiş etdirdi”,-məqalədə deyilir.

Amerikalı hərbi mütəxəssislər yazırlar ki, 2020-ci ilin oktyabrında Dağlıq Qarabağın cənubunda yerləşən, əvvəllər ermənilərin nəzarətində olan ərazilərin əksəriyyəti üzərində nəzarəti əldə etdikdən sonra Azərbaycan quru qoşunları təmas xəttini keçərək qərbə doğru irəliləməyə başladı. Oktyabr ayının ortalarına qədər Azərbaycan hərbi qüvvələri Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizinə doğru irəlilədi və ermənilərin nəzarətində olan əsas şəhərlərdən hesab edilən Hadrutu azad etdi.

Oktyabrın 22-dək Azərbaycan hücumu ilə Laçın şəhərinə və həyati əhəmiyyət kəsb edən dəhlizə altı mil məsafəyə qədər yaxınlaşdı. Həmin dəhlizi itirməklə Ermənistan Dağlıq Qarabağdakı qüvvələrini dəstəkləməkdə çətinliklə üzləşə bilərdi. Cavab olaraq və təzyiqi Laçın dəhlizindən uzaqlaşdırmaq üçün erməni qüvvələri çətin keçilən meşə-dağlıq ərazilərdə hərbi qüvvələrdən istifadə edərək əks hücumlara başladılar və əsas təminat yolları boyunca pusqu qurdular.

28-30 oktyabr tarixləri arasında Şuşanı düşməndən azad etmək və şəhərin müdafiəsini yarmaq üçün Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri əraziyə yeridildi. Bəzi məlumatlara görə, Azərbaycan qüvvələrinin dörd yüz hərbçisi 5 gün sıx meşələr və keçilməz yarğanlar arasından irəliləyib, ciddi mühafizə olunan Laçın dəhlizindən keçərək ətraf kəndləri mühasirəyə alıblar. Məlumata görə, xüsusi təyinatlılar şəhərə bir çox istiqamətdən və fərqli hədəflərə yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər.

Azərbaycan hərbçiləri Şuşaya girmək üçün çətin də olsa, qarşı tərəfin ağlına belə gəlməyən sıldırım qayaların olduğu istiqaməti seçdilər, onlar şəhərə qayalıqlara dırmaşmaqla qalxdılar. Erməni ordusu isə bütün gücünü şəhər istiqamətindəki əsas yollara cəmləmişdi. Çünki əsas hücumu bu yollardan gözləyirdi. Lakin Azərbaycan xüsusi təyinatlıları atəş dəstəyi olmadan sıldırım qayalıqlardan qalxdılar və yarğanlardan keçdilər.

Oktyabrın 30-da erməni tərəfi döyüşlərin Şuşadan cəmi beş kilometr şərqdə getdiyini açıqladı. Şəhər artıq sentyabr ayının əvvəllərindən bəri ara-sıra top atəşinə tutulmuşdu və bu da şəhər sakinlərinin əksəriyyətinin qonşu Stepanakertə (Xankəndi) qaçmasına səbəb olmuşdu. Müharibənin bu mərhələsində Şuşanın nəhəng dağların əhatəsində – sıldırım qayalar üzərində yerləşməsi səbəbindən müdafiə olunan erməni qüvvələri hələ də taktiki üstünlüyə sahib idilər. Azərbaycan hərbçiləri şəhərə quru yolla yaxınlaşmağa çalışarkən tez-tez artilleriya, raket hücumları və pusqularla üzləşirdilər.

Erməni əsgərləri qorxu içində Şuşadan geri çəkilir

Noyabrın 4-ü, axşam saatlarında Azərbaycan ordusunun konvensional piyada qüvvələrinin Şuşanın cənub qayalıqlarının dibindəki Daşaltı kəndinə yaxınlaşan yol uğrunda vuruşduqları barədə xəbərlər gəldi. O günə qədər Azərbaycan tərəfi Şuşanın cənubundakı dağ silsiləsinə və Şuşanı Laçın şəhərinə bağlayan Laçın dəhlizinin əsas hissələrinə nəzarəti təmin etmişdi. Həmçinin Azərbaycan ordusu Ermənistanın Şuşanı əhatə edən müdafiə mövqelərini minaatanlardan atəşə tutmağa başlamışdı.




Noyabrın 5-də axşam saatlarında Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin bir qismi əsas yola çatdı və Şuşanın müdafiəsinə kömək etmək istəyən erməni əsgərlərini mühasirəyə ala bildilər. Bu, o demək idi ki, Ermənistandan Şuşaya yardımın gəlməsi artıq mümkün deyildi. Yəni Həkəri çayı üzərindəki əsas körpü də dağıdılmışdı və şəhər ən azı üç əsas istiqamətdən mühasirəyə alınmışdı. Bölgədəki nəzarətin itirildiyini görən Ermənistan hakimiyyəti, Laçın dəhlizini mülki əhalinin üzünə bağladı – 80-ə yaxın xarici reportyor döyüş bölgəsində təcrid vəziyyətində qaldı.

Noyabrın 6-da Azərbaycanın ordu birləşmələri şəhərin yaxınlığına çatdı. Səhər tezdən Şuşanın müdafiəsinə cavabdehlik daşıyan qüvvələrin komandiri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Arqişti Kərəmyanın şəhəri tərk etdiyi barədə xəbərlər yayıldı. Bu xəbərdən bir müddət sonra Azərbaycan qüvvələri Şuşaya daxil oldu. Azərbaycan tərəfi şəhərə girdikdən sonra, ermənilərin müdafiəsinin zəiflədilməsi və ya əks-hücumların qarşısını almaq üçün ətrafda əlavə bloklayıcı mövqelər və pusqu yerləri qurdular. Azərbaycan ordusunun digər bölmələri də eyni vaxtda uğurlu əməliyyat edərək Şuşanın cənubunda yerləşən Daşaltı kəndini tutmaqla Şuşaya gedən əsas yola çıxışı təmin etmişdilər.

Azərbaycanən xüsusi təyinatlıları şəhərə girəndə müdafiə olunan ermənilərlə yaxın məsafədə ağır küçə döyüşlərinə başladılar.

Noyabrın 7-də ərazidə hava dumanlı idi. Bu, Azərbaycan tərəfinin havadan kəşfiyyat aparmaq imkanlarını, eləcə də hava zərbə vasitələrindən istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Əlverişsiz hava şəraiti, həmçinin, “TB2 Bayraktar” pilotsuz uçan aparatlarından istifadəyə də mane olurdu. Belə bir şəraitdə Ermənistan qüvvələri zirehli maşınlarından – T-72 tanklarından və BMP-2 piyadaların döyüş maşınlarından maksimum istifadəni təmin etdi.

Əks hücuma baxmayaraq, Azərbaycan qüvvələri öz mövqelərini qorudular. Şuşa meşələrində müdafiə xətti qurdular və ermənilərin üç əks həmləsini dəf etdikdən sonra Şuşa İcra Hakimiyyətinin binasını ələ keçirərək erməni qüvvələrini qovmağa başladılar, şəhərdəki binaları və daha geniş əraziləri təmizlədilər. Şuşa uğrunda döyüşlər nəhayət binadan binaya – yaxın məsafədən aparılırdı.

Noyabrın 8-i səhər “Artsax”ın “müdafiə nazirliyi” Şuşanı əhatə edən cəbhə xətti boyu gecədən bəri intensiv döyüşlərin getdiyini bildirdi.

Noyabrın 8-da Azərbaycan Prezidenti İlham Əliyev Şuşa üzərində qələbə və nəzarətin ələ alındığını elan etdi. Bu əvvəlcə Ermənistan tərəfindən təkzib edildi. Ancaq 10 Noyabrda Ermənistan baş naziri Nikol Paşinyan Şuşa da daxil olmaqla, Dağlıq Qarabağın bütün bölgələrini azad etmiş Azərbaycana təslim olmaq haqqında bəyanata imza atdı.

Məqalədə müəlliflər Şuşa uğrunda 1992-ci ildən gedən döyüşləri də təhlil edirlər. Bildirirlər ki, o zaman Şuşanı müdafiə edən Azərbaycan qüvvələri coğrafi baxımdan üstünlüyə malik olsalar da şəhərin müdafiəsini düzgün qura bilməmişdilər. Nəticədə erməni qüvvələri Şuşaya ətraf kəndlərdən irəliləyərək üç istiqamətdən hücum təşkil etdilər və şəhərin tam mühasirəyə alınmaq təhlükəsi yarananda onun müdafiəçiləri geri çəkilməli oldular. Məqalədə bildirilir ki, 1992-ci ildə də Azərbaycan qüvvələri ermənilərin indi etdikləri səhvlərə yol vermişdilər və şəhərə hücumun ancaq əsas yollar üzərindən baş verəcəyini gözləyirdilər. Sıldırım qayalıq və meşəlik ərazilər istiqamətində isə yetərli müdafiə qurmamışdılar.

Müəlliflər qeyd edirlər ki, Qarabağ müharibəsinin dərsləri hələ öyrənilməlidir. Lakin bu müharibə şəhər döyüşlərinin vacib dərslərini də üzə çıxarır və onları öyrənmək vacibdir. Bu dərslər isə aşağıdakılardır:

Şəhərlər müharibələr zamanı operativ və strateji hədəflər olaraq qalırlar. Şuşanın azad edilməsi Azərbaycanın strateji qələbəsi oldu və sonda müharibənin də taleyini həll etdi. Şuşanın alınmasından sonra Ermənistan təslim olmağa məcbur oldu, çünki qorxurdu ki, Azərbaycan qüvvələri hücum edib Dağlıq Qarabağın əsas şəhərini də (Xankəndi) ələ keçirəcək.

Digər mühüm dərs budur ki, həlledici əhəmiyyətə malik şəhərləri tutmaq və əldə saxlamaq üçün müasir qarışıq qüvvələrin tam dəstindən istifadə zəruridir. Burada həm xüsusi təyinatlı qüvvələr, həm adi quru qoşunları, həm uzaqvuran artilleriya və dəqiq zərbələr endirməyə imkan verən silah sistemləri, eləcə də güclü hava dəstəyi nəzərdə tutulur. Havada üstünlük, bombardmanlar, uzaq məsafədən dəqiq zərbələrin endirilməsi və pilotsuz aviasiya sistemləri-bütün bunlar döyüş əməliyyatlarının aparılması imkanlarını təmin edir.

Qarabağda müharibəni təkcə müasir pilotsuz aparatlar udmayıb. Şəhər müharibələri təkcə piyadaların döyüşləri deyil. Müharibənin həlledici əməliyyatı-Şuşanın azad edilməsi ümumqoşun imkanları tələb edirdi ki, burada xüsusi təyinatlı qüvvələr, artilleriya atəşləri, zirehli texnika, mühəndis qoşunları, eyni zamanda piyada birləşmələri tətbiq edilmişdi. Başqa sözlə, əraziləri tutmaq və əldə saxlamaq üçün yerüstü qüvvələr lazım idi, amma yekun nəticəni əldə etmək üçün bir çox digər vasitələr də tətbiq edilmişdi.

Müəlliflər sonda qeyd edirlər ki, Şuşa uğrunda həm 1992, həm 2020-ci il döyüşlərinin təhlili belə qənaətə gəlməyə əsas verir: müdafiə olunan qüvvələr çoxsəviyyəli müdafiə planlarına, o cümlədən geniş təsəvvürlərə və hərbi əməliyyatlar apamaq imkanlarına malik olmalıdır. Qarabağdakı son müharibəni öyrənənən analitiklər və tədqiqatçılar gələcək müharibələr üçün qiymətli və əhatəli dərslər çıxaracaqlar. Ola bilsin bu qısamüddətli müharibənin müharibələrin özünün xarakterini dəyişdirməsinin əlaməti olduğu hələ tam aydın deyil. Lakin bir məsələ aydındır: müharibə göstərir ki, hərbçilər şəhərlər uğrunda və onların daxilində döyüşməyə hazır olmalıdır. (Virtualaz.org)

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir