Qarabağı görməyənlər necə Qarabağ QAZİSİ OLUR?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Vətən müharibəsində qazandığımız zəfəri soyuq səngərdə işğalda olan torpaqlarımıza atacağı hər qələbə addımı üçün səbirsizlənən qəhrəman əsgərlərimizə borcluyuq. Azərbaycanımızın uğrunda sinəsini hərbə meydan edən hər bir hərbçimiz bizim üçün qəhrəmandır. Şəhid, qazi qanı ilə yoğrulan hər bir qarış torpağımız isə Vətəndir, Azərbaycandır.

Azərbaycan eşqi, Vətən sevgisi ilə silahlanan igidlərimiz torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçdilər, şəhid oldular, qazi oldular, bədənlərinin zərrələrini bu yolda gözlərini qırpmadan qurban verdilər. Torpağı qanları ilə sulayan qazi və şəhidlərimizin adları, bu kəlmə hər birimiz üçün müqəddəsdir, toxunulmazdır.

Ancaq bu gün toxunulmaz hesab etdiyimiz qazi adını, onun əzizliyini, bu adın ləyaqətini, daşıdığı ucalığı öz çirkin niyyətləri üçün istifadə edənlər də az deyil.

Redaksiyamıza olan çoxsaylı müraciətlərin bir neçəsini araşdırdıqda fərqli mənzərə ilə qarşılaşırıq. Özünü qazi kimi təqdim edən işbazlar bu ad vasitəsilə öz çirkin niyyətlərini həyata keçirməyə cəhd edirlər. Deyərdim ki, onların bəziləri yalançı qazi libasına bürünüb cəmiyyətin bir hissəsinin gözünə pərdə çəkməyi də bacarır.

Bu “bacarıqlı” işbazlar fərqli yollarla dövlətdən, ayrı-ayrı şəxslərdən şəxsi mənafeləri üçün istifadə etməyə çalışır və bu hədəflərinə çatmaq üçün istənilən yola əl atmaqdan çəkinmir. Hətta üzərinə benzin töküb özünü “yandırmağa” cəhd edən, göstəriş üçün şou yaradan müharibə ilə əlaqəsi olmayan “veteran” və “əlillərin” törətdiyi qanunazidd əməllər canlı şəhid hesab etdiyimiz həqiqi qazilərimizin üzərinə yanacaq töküb yandırmaqdan başqa bir şey deyil. Həqiqi qazilərimiz bu haqsızlığı, qazi adının ucuzlaşdırılmasını, yerdən-yerə endirilməsini haqq etmirlər. Çünki qazi şəxsiyyəti, ləyaqəti ölçüyəgəlməzdir. Bu ləyaqətə kölgə salanlar və ya salmağa çalışanlar isə unutmasınlar ki, onlar təkcə qazilərimizin deyil, vətənin, millətin, dövlətin, bayrağımızın, namusumuzun, əzəli və əbədi torpaqlarımız olan Qarabağımızın üzərinə də kölgə salırlar.

Son günlər sosial şəbəkələrdə saxta müharibə əlili və saxta müharibə veteranı problemi geniş müzakirə edilir. Bu haqda bir çox xəbərlər, məqalələr dərc olunur. Hətta insanlar iki cəbhəyə bölünüb haqlı-haqsız davası aparır. Onların “gözəl yalan”larına inanıb müdafiə edənlər, baş verənlərə hissləri ilə qarşılıq verənlər də az deyil. Toxunulmaz bildiyimiz qazi adından “məharətlə” istifadə edib kütlənin müəyyən hissəsinin ürəyinin kövrək siminə toxunanlar əməlləri ilə bu yolda can qoyan qazilərimizə qarşı cəmiyyətdə inamsızlıq toxumunu səpdiklərini unudurlar. Və ya çoxdan unudublar.

Ancaq çox sayda insanlar ətraflarında müharibə ilə əlaqəsi olmayan “veteran” və “əlillərin” törətdiyi qanunazidd əməlləri görürlər və bunun qarşısının alınmasını tələb etməkdə haqlıdırlar.

Hər gün onlarla şəhid ailəsini, qazimizi ziyarət edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qazilərimizin müqəddəs adından öz çirkin əməlləri üçün istifadə edənləri həqiqi qazilərimizə qarşı hörmətsiz əməl hesab edir:




“Əsl haqq sahibləri olan Qarabağ qaziləri canlı şəhiddirlər. Çünki onların hədəfləri vətənin, dövlətin, bayrağın, irsi-namusumuzun, əzəli və əbədi torpaqlarımız olan Qarabağımızın işğaldan azad olunması yolu olub və bu, onlar üçün şərəfli mücadilə yoludur. Onlar hər bir an şəhidlik zirvəsini tapa bilərdilər, ancaq Tanrının rızası ilə qazi olaraq geri dönüblər. Təəssüflər olsun ki, bu gün Azərbaycanda xüsusi olaraq 44 günlük Vətən müharibəsindən sonra bəzi işbazlar o müqəddəs və mübarək qazilik institutunu istismar etmək yoluna hədəfləniblər. Bu cür əməl daşıyıcıları vətənin, dövlətin, bayrağın, bizim uğrumuzda canını fəda etmiş müqəddəs şəhidlərimizə və onların can, qan qardaşı olan həqiqi qazilərimizə qarşı hörmətsiz əməldir. Çünki vətənin, dövlətin bütövlüyü uğrunda canını fəda etmiş o mübarək cismin sahibləri – qazilərimiz hər bir an döyüşlərdə şəhadətə yüksələ bilərdilər. Buna görə də haqq sahibi olan həqiqi qazilərimizin adından sui-istifadə edən işbazlara səslənmək istəyirəm ki, millətin və dövlətin milli-mənəvi heysiyyəti ilə oynamasınlar. Artıq birmənalı olaraq həyatımın hər gününü ailəcə qazi və şəhid ailələri ilə keçirən bir şəxs olaraq bildirmək istəyirəm ki, bu həssas dönəmdə şəhid ailələri və həqiqi haqq sahibi olan qazilərimiz də bu cür məsələlərdən çox narahatlıq keçirirlər”.

S.C.Əzimbəyli qeyd edib ki, qazi adından istifadə edən onlarla adam var ki, bu addan ən müxtəlif üsullarla yararlanaraq özlərinə ən komfortlu şərait yaradıblar: “Halbuki, onlar qazi deyillər və həyasızcasına etdikləri bu hərəkətlərlə qaziləri, Vətən üçün canından, qanından keçən həqiqi haqq sahiblərini kənarda qoyurlar. Azərbaycanın müvafiq hüquq-mühafizə orqanları bu cür qazilik institutunun əleyhinə yönələn, xüsusilə də bu addan sui-istifadə edən dələduzların dərhal cəzalandırılması üçün hərəkətə keçməlidir. Çünki biz müharibəni sonlandırsaq da, hələ də mübarək aslanlarımızın nəşi tapılıb ailələrinə təhvil verilir. Belə bir həssas dönəmdə qazilik institutunun qiyamətə qədər Azərbaycanda qorunması ölkəmizin milli təhlükəsizliyi qədər vacibdir. Ona görə də belə işbazlara, bu addan sui-istifadə hallarına yol vermək olmaz. Azərbaycanın hüquq-mühafizə orqanları bu cür insanların cəzalandırılmasına nail olmalıdır. Digər tərəfdən də ictimai müqavimət gücü ilə bu şəxsləri qınamalı, onları ifşa etməliyik.

Vətən, dövlət üçün həqiqətən də döyüşən şəxs döyüşdükdən sonra hansısa problemlərə, narazılıqlara görə dövlətin üzərinə gəlirsə, bu da artıq həmin şəxslərin vətən və dövlət üçün haqq etdiyi və zəfər qazandığı öz haqqını şübhə altına salır. İslamın gətirdiyi qaydalara, onun təməl prinsiplərinə və “Qurani-Kərim”in hökmlərinə dayanaraq açıq bildirmək istəyirəm ki, əgər bir şəxs Vətən, millət, torpaq, bayraq və namus uğrunda mücadiləyə gedibsə, o, qarşılıq gözləmədən bu davaya qoşulub”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri bildirib ki, qazi adını, bu mübarək və müqəddəs adı, müqəddəs dəyəri istismar edənlər Rəbbimizin rızasından məhrum ola bilər: “Bu məsələlərdə biz həssas davranmalıyıq. Mənim tanıdığım qazilər, Qazilər Birliyində fəaliyyət göstərənlər, başqa tanıdığım yüzlərlə Qarabağ qaziləri var ki, bəzən elə olub ki, onların yaşadığı rayonlarda dövlətin aidiyyəti orqanları tərəfindən biganəlik olubsa belə, onlar məsələnin ictimailəşdirilməsinin tərəfdarı olmayıblar. Onlar deyiblər ki, elin-obanın sevgisi, dövlətin bizə torpaqlarımızın işğaldan azad olunması yolunda yaratdığı şərait və Vətən müharibəsində iştirakımız bizim üçün şərəfdir. Bu prinsipi əsas götürüblər ki, ilahi rızanı zədələməsinlər”.

Məlum məsələdir ki, əvvəllər hansısa yollarla saxta qazilik adını alanlar da az deyil.

Seyid Camal Əzimbəyli qazilik adını istismar edənləri, döyüşdə olmayıb, haradasa qəza keçirib sonradan hansısa yollarla qazilik adını alanları durmağa səsləyib: “Bu gün hüquqi olmayan əsaslarla bu müqəddəs adı gündəmə gətirənləri durmağa səsləyirəm. Onlar unutmasınlar ki, dövlətin aidiyyəti orqanlarından başqa cəmiyyətin, toplumun və 90-cı illərdən bu günə qədər kimin kim olduğunu bilən biz varıq”.

Bir neçə gün öncə bir qazimizlə bağlı süjet izləmişdim. Qollarını, ayaqlarını itirmişdi müharibədə. Çox təsir etmişdi mənə. Gözləri dolaraq deyirdi ki, bədənimin hissələrinin basdırıldığı yerə gedərək oranı ziyarət edəcəm. Həmin yer onun üçün Vətən idi. Bütün qazilərimiz də bizim üçün Vətəndir. Bədəninin zərrələri gözlərinin önündə parça-parça olan, onu qanı ilə yoğrulan torpağa gömən qazilərimiz yalançı qazilərin çirkin şoularını haqq etmirlər. Bu şəxslərin vicdanlarının olmadığından əminəm, ancaq heç olmasa utanmaq hissləri varsa, onların ayaqlarına, əllərinə, qollarına, gözlərinə, qəlpə dolu bədənlərinə baxıb utansınlar. Səbəb nə olursa-olsun, onların istənilən halda bu addan istifadə etmələri yolverilməzdir. Biz də insanları bu cür məsələlərdə vicdanlı olmağa, bu müqəddəs addan çirkin niyyətlərini gerçəkləşdirmək üçün istifadə edənləri isə durmağa səsləyirik.

Akqabay

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp