Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Polad sağlığında bütün bayramları əsgərlərinin yanında, səngərdə qeyd edərdi, iş başında olardı. Xüsusi günləri təmtəraqlı şəkildə keçirməyi xoşlamazdı. 26 İyun Silahlı Qüvvələr günündə onu təbrik etmək üçün zəng edəndə həmişə deyərdi ki, əsgərlərimin yanındayam.

Bu sözləri Publika.az-a açıqlamasında Tovuz hadisələri zamanı şəhid olan Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun bacısı Kəmalə Həşimova deyib.

Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbiçilərimizi təbrik edən K.Həşimova şəhidlərimizə də Allahdan rəhmət diləyib:

“44 gün müddətində Azərbaycan Ordusu böyük bir dastan yazdı, böyük şücaət göstərdi, qəhrəmanlıq mübarizəsi apardı. Vətənin keşiyində şərəflə dayanan bütün əsgər və zabitlərimizə mərd, başı yuxarı və qürurlu olmalarını arzu edirəm. Diləyirəm ki, əyinlərinə geyindikləri mundirlərinin ağırlığını və məsuliyyətini hər zaman hiss etsinlər. Allah onların canını sağ etsin, bu vətən öz azadlığını torpaq altındakı şəhidlərinə, canını torpağa sipər etmiş qazilərə və bu gün vətənin keşiyində dayanan əsgərlərə borcludur”.

Ötən il Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan polkovnik İlqar Mirzəyevin həyat yoldaşı Güllü Mirzəyeva da arzu və xatirələrini bizimlə bölüşüb.

Qəhrəmanımızın xanımı bildirib ki, polkovnik Silahlı Qüvvələr Günündə adətən iş başında olub:




“Həmişə əsgərlərinin yanında qeyd edərdi bu günü. Son illər bir-birimizdən ayrı düşmüşdük. O, Şəmkirdə, biz Bakıda qalırdıq. 26 İyun ordu günü münasibətilə səhər tezdən yuxudan oyanan kimi uşaqlar zəng edib atalarını təbrik edərdi. İmkan olanda yanına gedirdik. Bu gün də zəng edib səsini eşitmək, təbrik etmək istərdik… Təəssüf ki, belə bir imkanımız olmadı, səsini eşidə bilmədik. Buna baxmayaraq, İlqarın müqəddəs xatirəsini yada salıb öz təbriklərimizi də dilə gətirdik. Qürur duyuram ki, belə bir qəhrəmanın həyat yoldaşı olmuşam, övladlarımın atasıdır”.

Güllü Mirzəyeva vətəni qoruyan bütün əsgər və zabitlərimizə can sağlığı, şəhid ailələrinə isə səbirli olmağı arzu edib: “30 ildən sonra ilk dəfə hər birimiz üçün əziz olan ümumxalq bayramını – Silahlı Qüvvələr Gününü qələbə əhval-ruhiyyəsi, qürur hissi ilə qeyd edirik. 30 il səbrlə gözlədik və sınmış qürurumuz bərpa olundu. Azərbaycan xalqı öz Silahlı Qüvvələri ilə fəxr edir və ona inanır”.

Şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova deyir ki, xüsusilə Silahlı Qüvvələr günündə Rəşad həmişə əsgərlərinin yanında olardı, səngərdə onlara baş çəkməyə gedərdi: “Nə ehtiyaclarını olduğunu öyrənər, yeməklərinin, içməklərinin yaxşı olması üçün əlindən gələni edərdi”.

K.Hüseynova şəhidlərimiz, qazilərimiz və bu gün sərhəddə canını sipər edən əsgərlərimizə borclu olduğumuzu qeyd edib və onlara can sağlığı arzu edib: “26 İyun Azərbaycan tarixinin ən gözəl bayramlarından biridir. Bunlar pafoslu sözlər deyil. Tam ürəkdən səmimi deyirəm, hərbiçilərimiz öncə bir-birlərinə, sonra Allaha əmanət olsunlar. Allah onlara o qədər güc-qüvvət versin ki, o çətin keçilməz dağlarda və səngərlərdə vətənin keşiyində dayana bilsinlər. O gün olsun ki, ordumuzun 500 illiyi qeyd olunsun. İgid qəhrəmanlarımız, güclü ordumuz var olduqca Azərbaycan hər zaman azad və müstəqil olacaq”.

Aytən Məftun

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı