Gərək, mütləq ölkə rəhbəri tapşırıq versin?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Azəriqaz”ın sədri Ruslan Əliyev son 4 ayda hər həftə sosial şəbəkələr üzərindən canlı yayımlar etməklə minlərlə insanın qarşısında ən sərt suallara cavab verir, videoqəbullar keçirir, göstərişlərini açıq kanallarla edir. Deməli, Miqrasiya Xidməti rəhbərinin 3 il əvvəl cəsarətlə çıxdığı çevik ünsiyyət platformasına hökumətimiz tam tərkibdə qoşulsa, dövlətin informasiya siyasəti köklü dəyişər.

Publika.az xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.




Komitə sədri qeyd edib ki, bütün hakimiyyət institutlarının davranışları belə deyil: “2016-cı ilin 4 günlük Aprel müharibəsində qələbəmizdən sonra orduya qarşı qurulan qəsd planı, yaxud onun üçün saxta əsaslar yaradan düşmən hiyləsi nəticəsində övladlarını itirən və onlara qarşı işgəncə faktı məhkəmə qərarı ilə təsdiq olunan, lakin dövlətdən üz döndərməyən, buna görə hər cür ehtirama layiq olan analara hərbi strukturlar, eləcə də Hərbi Prokurorluq və məhkəmə orqanları həm özləri, həm də cəmiyyətdə nüfuzlu insanlar vasitəsilə məlum linç kampaniyasını durdurmaq üçün tədbirlər görə bilməzdilərmi? Gərək, mütləq ölkə rəhbəri tapşırıq versin? Müavinətləri kəsilən on minlərlə insanın, kredit ala bilməyən sahibkarın və yaxud haqsız hökm, qərarla üzləşən vətəndaşın qarşısına çıxmamaq da ciddi fəsadlar törədir”.

Zahid Oruc vurğulayıb ki, müasir kommunikasiya vasitələri tamam yeni idarəçilik tələbləri ortaya qoyur: “Bizə kənardan mövzu, gündəlik, siyasət və rəy diktə edənlərin qarşısına yalnız xalqla daimi kommunikasiya ilə çıxmaq olar. Bəs onda haradadır ənənəvi partiya konfransları, haradadır aktivlərlə açıq virtual görüşlər, canlı yayımlı müşavirə və iclaslar? Gözəl binalara və optik internet resurslarına, yüksək markalı kompüterlərə malik olmaqla iş bitmir. Qələbəmizi sürətlə xərcləmək, əsrlərə yetəcək zəfərimizi gündəlik hüquq, sosial problemlər, idarəetmə qayğıları içərisində əritmək olmaz. Tənqid və ittihamçılar təkcə hökuməti, bir strukturu deyil, sonda dövləti hədəf seçirlər. İnformasiya vakuumunun yerini şayiə və böhtanlar tutur. Dövlət nə qədər işlər görsə də, təbliğat və təqdimatlar cəmi bir günə yetir. Axı ictimai rəy təkcə rəsmi vasitələrlə formalaşmır. Hər gün insanların qəlbi və ruhu uğrunda əsl “səlib yürüşü” gedir. Ona görə də hamımız qəbul etməliyik – hakimiyyət xalqla kommunikasiya, ünsiyyət, dialoq deməkdir!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp