Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, onlar 10 noyabr sazişini pozmaq gücündə olmayacaq. Kaş ki, ermənilər 10 noyabr sazişini pozmağa cəhd göstərəydilər, o zaman bizim əlimizə onları tamamilə darmadağın etmək üçün bəhanə düşərdi”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Rasim Musabəyov deyib. Deputatın fikrincə, məlum üçtərəfli bəyanata bizim xoşumuza gəlməyən “düzəlişləri” ancaq ruslar etmək iqtidarındadır:

“Ona görə ki, hazırda orada nəzarət Rusiyanın əlindədir. Ancaq Rusiya da anlayır ki, Qarabağ ermənilərinə görə Azərbaycanla münasibətlərə xələl gətirmək Kremlə fayda verməyəcək. Məhz buna görə hazırda Qarabağda olan 20 minlik erməni əsgərlərindən danışmaq yersizdir. 20 minlik qüvvənin elə 7-8 minini bizim ordumuz məhv edib. 4-5 minlik qüvvə də ağır yaralanıb və ordu sıralarından çıxarılıb. Hər halda, hərbi ekspertlər orada 2 minlik Ermənistan ordusu əsgərinin qaldığı barədə müzakirələr aparırlar. Onların da tərk-silah olunması, Qarabağdan çıxarılması gündəlikdədir”.

Millət vəkilinin sözlərinə görə, işğaldan azad olunan ərazilərə və hazırda Rusiyanın nəzarətində olan bölgələrə azərbaycanlıların qaytarılması nə bu günün, nə də sabahın məsələsidir:





“Sadəcə olaraq düşünün, biz öz nəzarətimizdə olan Kəlbəcərə, Zəngilana, Cəbrayıla məcburi köçkünlərimizi qaytarmamışıq. Hazırkı məqamda məcburi köçkünlərimizin Xankəndidə, Xocalıda, Xocavənddə yerləşdirilməsi ilə bağlı məsələ qaldırsaq, o zaman Rusiya tərəfi bunu gərginlik yaradan amil kimi qiymətləndirəcək. O zaman qarşılıqlı tələblər gələcək. Hadrutda, Şuşada evləri dağılmayan erməni ailələrin öz evlərinə qayıtması məsələsi qaldırılacaq. Yəni biz Şuşaya və Hadruta erməni ailələrini qaytarmağa hazırıqmı, yox!”

Rasim Musabəyov hesab edir ki, belə olan halda deməli, indiki mərhələdə Xankəndiyə, Xocalıya, Ağdərəyə azərbaycanlı ailələrin qaytarılması məsələsini qaldırmağın vaxtı yetişməyib:

“Mən belə düşünürəm. Ancaq təbii ki, bu bizim tələbimizdir. Etibarlı sülh təmin olunduğu, münasibətlərdə olan hazırkı gərginliyin aradan götürüldüyü halda vaxtilə həmin ərazilərdən çıxmış məcburi köçkünlərimiz, Xocalıya, Ağdərəyə, Xocavəndə, Xankəndiyə qayıtmaq istəyən azərbaycanlı ailələr oraya qayıtmalıdır”.

Tural Turan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı