Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün təşkil olunan mətbuat konfransında çox sayda vacib məqamlara toxundu. Dövlət başçısı Ermənistanın beynəlxalq hüquqi müstəvidə Azərbaycana qarşı törətdiklərinə görə cavab verməsi üçün görülən işlər barədə məlumat verdi və bildirdi ki, dəymiş bütün ziyan hesablanacaq. İnsanlar həm fərdi qaydada müraciət edəcək, həm də dövlət olaraq beynəlxalq məhkəmələrə müraciət olunacaq. Prezident onu da qeyd etdi ki, beynəlxalq məhkəmə sistemi də siyasi təzyiqdən azad deyil və bəzi hallarda siyasi sifarişlər yerinə yetirilir. Ancaq buna baxmayaraq, biz öz missiyamızı yerinə yetiririk və yaxın zamanlarda hesabat hazırlanacaq. Ona görə təqdim olunan sənədlərlə bağlı qərar bundan asılı olacaq.

Publika.aza açıqlama verən Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov deyib ki, təzminat məsələsi ilə bağlı Prezident İlham Əliyev çox müfəssəl cavablar verdi:

“Ermənistanın beynəlxalq hüquqi müstəvidə ölkəmizə qarşı törətdiklərinə görə cavab verməsi üçün cənab Prezidentin təqdim etdiyi formul olduqca əhəmiyyətlidir. Biz ikili standartları tarixən, bütün münaqişə dövründə çox görmüşük. Bir sıra beynəlxalq təşkilatlar, BMT-nin ixtisaslaşmış qurumları, xüsusən də UNESCO-nun maddi-mənəvi abidələrlə bağlı son zamanlar sərgilədiyi mövqelər göz önündədir. Ancaq münaqişənin həll olunmasına məsul olan beynəlxalq təşkilatlar, BMT və ATƏT-in Minsk qrupu ikili standartlardan çıxış etdilər. İndiki vəziyyətdə Prezident doğru addımlar atmaq üçün göstərişlər verdi, həmin o beynəlxalq təşkilatların nümayəndələrinin özlərini Qarabağa dəvət etdi ki, gəlib öz gözləri ilə 30 ilə yaxın işğalda saxladıqları ərazilərdə ermənilərin hansı vəhşilikləri törətdiyini görsünlər. Orada bizim maddi-mənəvi abidələrimizin hər biri dağıdılıb”.

Prezident İlham Əliyev mətbuat konfransında daha bir vacib məqama da toxundu. Dövlət başçısı bildirdi ki, təbii resurslarımızı icazəsiz istismar edən xarici şirkətlər də məsuliyyətə cəlb ediləcək. Prezident azad edilmiş torpaqlarda qızıl mədənlərimizin vəhşicəsinə istismar edildiyini, bunun beynəlxalq cinayət olduğunu qeyd etdi və əlavə etdi ki, artıq bu cinayəti törətmiş bəzi qurumların məsuliyyətə cəlb edilməsi üçün ilkin hazırlıq işləri aparılıb.







K.Məmmədov başqa ölkədə qanunsuz işlərlə və sahibkarlıqla məşğul olmağın, o ölkənin təbii sərvətlərini talamağın cinayət sayıldığını qeyd edib: “Ermənilər təbii resurslarımızı qeyri-qanuni şəkildə xarici şirkətlərlə müqavilə bağlayıb istismar ediblər. Həmin şirkətlər də cinayət törətmiş sayılır. Ümumiyyətlə, Ermənistan tərəfi beynəlxalq cinayətkardır. Daha çox Kəlbəcərdə qızıl yataqlarını istismar edən və digər təbii sərvətlərimizin talan edilməsində iştirak edən xarici şirkətlər məhkəməyə veriləcək. Onların əksəriyyətinin sahibi bəlli oldu, həmin şirkətlərin sahiblərinin böyük hissəsinin erməni diasporu ilə əlaqəsi öyrənilib. Məsələn, qızıl yataqlarını istismar edən şirkətin nümayəndəsinin şəriklərindən biri erməni əsilli idi. Hazırkı reallıq isə budur ki, bu gün biz o əraziləri işğaldan azad etmişik və erməniləri ərazimizdən çıxarmışıq. Bu şirkətlər də, onların arxasında duranlar da məhkəməyə veriləcək və kompensasiya iddiası qaldırılacaq. Ermənistan bizə 100% məbləğdə olmasa da, çox böyük hissə, 70-80% təzminat ödəyəcək. Bu qədər ədalətsizlik, haqsızlıq olmaz. Azərbaycan bölgədə reallığı dəyişib. Vətən müharibəsi zamanı Azərbaycan reallığı dünyaya çatdırdı və hər kəs bizim haqlı mövqeyimizi gördü”.

Ölkə başçısı mətbuat konfransında həm də bildirdi ki, buna oxşar münaqişələrdə dəymiş ziyanın hesablanması üçün təcrübəsi olan beynəlxalq şirkətlərlə də sənədlər imzalanıb, onlar yaxın gələcəkdə Azərbaycana gələcəklər. Həmin beynəlxalq şirkətlərin bu sahədə təcrübəsi var və dəymiş ziyanın ödənilməsi, təzminatın ödənilməsi üçün əlbəttə ki, beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq.

Kərəm Məmmədov beynəlxalq təşkilatların və xarici şirkətlərin bu proseslərə cəlb olunmasının çox önəmli olduğunu hesab edir. O qeyd edib ki, ölkəmizə gələcək beynəlxalq şirkətlər ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə görmək imkanı əldə edəcəklər ki, bu da bizim xeyrimizədir: “Çünki ölkəmizə gələn xarici şirkətlərin arxasında təmsil etdikləri dövlətləri dayanır. Eyni zamanda biz həmin şirkətlərə də göstərə bilərik ki, baxın və görün, həqiqət hansı yerdədir. Ermənistan yenə də ikili standartlardan çıxış etməyə can atsa belə, fakt yenə də faktlığında qalır. Ermənilər 30 ilə yaxın torpaqlarımızı işğal altında saxladıqları müddətdə orada təbii sərvətlərimizi talan ediblər, yaşıllıqları məhv ediblər, ekologiyaya zərər vurublar. Bunların hamısının qarşılığı ödənilməlidir. Düşünürəm ki, bu prosesdə ölkəmizə gələcək və bu sahədə xüsusi təcrübəyə sahib olan beynəlxalq şirkətlərin böyük rolu olacaq. Bizə dəyən ziyanın ödənilməsi üçün dövlətimiz yekun qiymətləndirmələr aparacaq və beynəlxalq məhkəmələr qarşısında çox böyük həcmdə vəsatət qaldıracağıq ki, ermənilər bu illər ərzində bizə vurduqları ziyanı ödəsinlər”.

Akqabay Mıradov

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir