Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Səhər tezdən gül və suvenir mağazalarının qarşısında ancaq kişiləri görmək olar. Evdəki xanımlarını təbrik etmək üçün gül, oyuncaq, suvenir mağazalarının qarşısında növbədə dayanıblar.

“Memar Əcəmi” istiqaməti… Saat 08:30 radələri…

Kimisi 8 Marta görə qiymətlərin süni bahalaşdırılmasından şikayətlənir, kimisi qiymət salır, bir başqası da hövsələsizlik edib üzbəüz gül köşklərinə yönlənir.

Adi günlərdən fərqli olaraq bu gün mağazalarda güllərin qiyməti 15-20 faiz bahalaşıb. 8 Martdan əvvəl 4-5 manata olan qızılgülün bir ədədinin qiyməti indi 6 manatdan aşağı deyil. Bir dəstə buketin qiyməti isə 15 manatdan başlayır. Hətta içərisində 3 ədəd qızılgül olan buketin dəyəri 35 manatdır.

Azyaşlı qız uşaqları üçün suvenirlər də bahalaşıb. Gəlinciklərin qiyməti adi günlərdə 8-12 manat arasında dəyişirdisə, indi 12-15 manata təklif olunur. Alıcılar şikayətçi olsalar da, satıcılar deyəsən, məmnun görünür. Satıcılar söyləyir ki, topdan və pərakəndə satış mağazalarında bahalaşma olduğu üçün onlar da məcbur şəkildə qiyməti qaldırıblar.

“20 Yanvar” tərəfdən epizodlar…

…Gənclər öz sevgililəri üçün adətən 5-6 manatlıq qızılgül almaqla kifayətlənirlər. Müşahidələrimiz bunu göstərir, daha doğrusu, gözümüzün yalançısıyıq. Orta yaşlı insanlar isə xanımları üçün ev əşyaları, qızları üçün gəlincik və ya onların ehtiyaclarını qarşılayacaq hər hansı bir əşya ilə 8 Mart bayramını ötüşdürməyə çalışırlar.

Hətta yuxarı sinif şagirdlərinin əlində “panda mişkaları” da gördük. Nə qədər pul xərclədiklərini soruşduq. 25 deyən də oldu, 30 manat söyləyən də…





Hətta yaşlı kişilər də ara-sıra mağazalarda görünür. Onların içərisində 72 yaşlı həyat yoldaşına gül və şar alanlar da var, xanımlarının pişikləri üçün zoomağazadan pişik yeməkləri sifariş edənlər də… Hətta həyat yoldaşlarına tutuquşu alanları da gördük.

“İnşaatçılar” ətrafı…

Satıcılar deyirlər ki, səhərin ilkin saatlarından müştərilər adətən tək və ya buket formasında güllərə üstünlük verirlər. Qiymətlərdə nisbi bahalaşma olsa da, alıcı sarıdan qıtlıq yaşamırlar. Unutmamış deyək ki, qiyməti dəyişməyən yeganə çiçək isə nərgizgülüdür. Dəstəsi həmişə olduğu kimi 1-2 manatdır. Hətta mağazaları gəzərkən yolları süpürən bir qadının gül aldığını gördük. Dilimiz dinc durmadı, gülü kimə aldığını soruşduq:

-Özümə alıram. Gül alanım yoxdur. Kişim 20 ildir ki, rəhmətə gedib, oğlum da Moskvadadır… Ürəyim çəkdi, qoxusu olmasa da, aldım…

Bunu görən satıcı qadından pul götürmək istəmədi. Yaşlı xanım israr edincə, yarı qiymətinin pulunu götürdü.

Bu günün səhərini maraqlı epizodların enerjisi ilə açmaq gözəl idi. Xanımlarınızı təkcə bu gün yox, hər gün xatırlayın, hər gün yanında olmağa çalışın ki, özlərinə gül almasınlar…

Tural Turan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir