“Elə etməliyik ki, ermənilər Azərbaycanda yaşamaq üçün həsrət çəksinlər” – Rasim Musabəyov

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ölkə başçısı jurnalistlər üçün təşkil olunan brifinqdə uzun müddət idi ki, cəmiyyət arasında formalaşan bir narahatlığa son qoydu. Cəmiyyətdə belə bir fikir var idi ki, hazırda rusiyalı sülhməramlıların nəzarətində olan Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və Xocavəndə azərbaycanlı məcburi köçkünlərin geri dönüşü uzun çəkə bilər.

Xankəndi, Xocalı və bu kimi hazırda ermənilərin yaşadığı ərazilərin yaxın gələcəkdəki taleyi ilə bağlı bütün məsələlərə ölkənin birinci şəxsi tərəfindən aydınlıq gətirildi.

Prezident anons etdi ki, Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin Azərbaycana inteqrasiyası labüd və qaçılmaz prosesdir.

Bəs Azərbaycan bu ərazilərə nə zaman inteqrasiya edəcək və proses necə tənzimlənəcək?

Millət vəkili Rasim Musabəyov Publika.az-a açıqlamasında deyib ki, bu məsələ ilə bağlı hər hansı konkret vaxt söyləmək çətindir. Deputatın sözlərinə görə, yada salmaq lazımdır ki, biz beş il müddətinə rusiyalı sülhməramlıların həmin ərazidə fəaliyyətinə razılıq vermişik: “Bu, üçtərəfli bəyanatın müddəalarında da öz əksini tapıb. Həmin müddətin uzadılması da istisna olunmur. Sadəcə olaraq, biz hazırda ermənilərin yaşadığı Qarabağ ərazisində öz suverenliyimizi bərpa etmək üçün güc vasitəsindən istifadə etmədən, onları ağıla, dilə gətirməklə bərpa etməliyik. Bunun üçün də Şuşanı Qəbələdən də gözəl bərpa etməli, Azərbaycanın növbəti mədəniyyət və turizm regionuna çevirməliyik”.





Rasim Musabəyovun fikrincə, Ağdamı, Füzulini və işğaldan azad edilən digər ərazilərimizi elə bərpa və inkişaf etdirməli, infrostruktur qurmalıyıq ki, ermənilər Azərbaycanda yaşamaq üçün həsrət çəksinlər:

“Ermənistanla münasibətlərimizi normallaşdırmaq vacibdir. Ərazi bütövlüyü məsələsi qarşılıqlı olaraq tanınmalıdır. Eyni zamanda, diplomatik əlaqələr qurulmalıdır. Ticari dövriyyə bərpa olunmalıdır. İrəvandan Bakıya sərbəst gedib-gələn ermənilər də görəcək ki, Qarabağda, Azərbaycanda ermənilər təhlükəsizlik və sülh şəraitində yaşayırlar. Yəni, ermənilər üçün Qarabağda təhlükəsiz şəraitdə yaşamaq həm də inkişaf deməkdir. Təbii ki, ilk növbədə işğaldan azad olunan ərazilərimiz bərpa olunmalıdır”.

Millət vəkili hesab edir ki, əhali, məcburi köçkünlər oraya qayıtmalıdır: “Dinc və birgə yaşayış bərpa edilməlidir. Ermənilər anlamalıdır ki, geriyə yol yoxdur, yəni, Azərbaycan bunlar üçün təhlükəsizliklə yanaşı, həm də inkişaf deməkdir. Fərz edirəm ki, belə olan halda – onların mədəniyyətinə, dininə heç bir təzyiq olmadığı halda təklif olunmuş mədəni muxtariyyətlə kifayətlənərək, özünü idarəetmə həyata keçirərək Azərbaycanda özləri üçün yer tapacaqlar. Hər halda, mənə elə gəlir ki, bu azı 5-10 illik bir işdir. İşimizdə səbr və ardıcıllıq əsas tələbdir”.

Görünən odur ki, Xankədi və erməni əhalinin hazırda yaşadığı ərazilərə böyük qayıdış Qarabağın işğaldan azad edilən ərazilərində infrostrukturun bərpasından sonra baş verəcək. Bu müddət isə ən azından dörd-beş ildən tez olmayacaq. Amma gec-tez biz Xankəndinə də, Xocavəndə də, Əsgərana da, Ağdərəyə də qayıdacağıq. Ölkə prezidenti ötən həftə yerli və xarici jurnalistlərin suallarını cavablandırarkən məhz bunun anonsunu verdi.

Tural Turan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp