Xocalı şahidi: “Bizi duman xilas etdi”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

XX əsrin ən dəhşətli müsibətindən, Xocalı soyqırımından 29 il ötür. 29 il əvvələ o müsibətləri yaşayanlar üçün qayıtmaq çətindir. Məhəmməd Mirzəyev də Xocalı soyqırımının canlı şahidlərindəndir.

O, Publika.az-a açıqlamasında deyib ki, həmin gün erməni vandalları yüzilliyin yox, minilliyin ən dəhşətli soyqırımını törədiblər. Qocaya, cavana aman verməyiblər. Uşaqları, qadınları güllədən keçiriblər.

Məhəmməd Mirzəyevin sözlərinə görə, neçə ay idi ki, Xocalı hər tərəfdən mühasirədə idi:

“Əsgəran yolu bağlanmışdı. Həyat yoldaşımı Xocalıya gələn axırıncı vertolyotla Gəncəyə yola salmışdım. Axırıncı dəfə əhalini çıxarmaq üçün Xocalıya iri bir vertolyot gəlmişdi. Fevralın 25-də vəziyyət gərginləşdi. Gecə düşən kimi qırğın başladı. Baxdıq ki, ermənilər Norakert tərəfdən gəlirlər, kəndin başında camaatın evlərini alışdırırlar. Heç əynimi də dəyişmədim, camaata qoşulub evimizin arxasından üzü meşəyə doğru qaçmağa başladıq. Ağlaşma, çığırışma… Vurulan, yaralanan… Birinə kömək edirsən, o biri deyir ki, məni burada qoyub getməyin. Sən də bir-iki nəfərə kömək edə bilərsən. Qarlı, qiyamətli gündür. Dəhşət idi, dəhşət… Qocaların çoxunu çaydan keçirdik. Onlar çaydan keçə bilmirdi. Ayaqyalın, başıaçıq idik. Özümüzü kollara, qayalara, daşlara vurduq… Xocalıdan çıxmağa çalışırdıq”.





Xocalı sakini söyləyib ki, bir gündən sonra gəlib Əsgəranın qabağına çatıblar. Özü də minbir bəla və müsibətlə:

“Orada bizi soyqırımıdan Allah özü qorudu. Qəfildən duman gəldi və biz Əsgəran tərəfdən Ağdama keçdik. Çünki Əsgəran yolu bağlı idi. Ermənilər bağlamışdılar. Bizi duman xilas elədi. Əlliyə yaxın adam idik, cəmi doqquz nəfər Ağdama sağ-salamat keçə bildi. Əgər duman olmasaydı, bizi Kətiyin meşəsindəcə qıracaqdılar. Biri var 100-150 nəfərlə gələsən, biri də var 8-9 nəfərlə, uşağın, böyüyün ağzını yummaq olmurdu. Hay-haray qopmuşdu. Çətinliklə Şelliyə gəldik”.

Məhəmməd kişi deyib ki, Şellidə onlara qayğı göstərilib: “Orada bizi Ağdam camaatı qarşıladı. Evlərinə apardılar. Çörək verdilər, paltarlarımızı qurutdular. Qonşularım, qohumlarım, əmim, dayım uşaqları qaldı. Qayıdanları da oldu, qırılanları da. Nə qədər tanıdıqlarım var ki, bu günə kimi də xəbər yoxdur onlardan. Xocalı soyqırımından sonra Ağdamda, Neftçalada, Tovuzda yaşadıq. Ümid edirəm ki, tezliklə biz də Xocalımıza qayıdacağıq. O gün uzaqda deyil”.

Tural Turan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp