Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Norveçdə fəaliyyət göstərən “CAN” Azərbaycan diaspor təşkilatının sədri və tanınmış modelyer Şervin Nəcəfpur Norveçin paytaxtı Oslonun mərkəzindəki bir sıra ictimai yerlərdə Qarabağ həqiqətləri barədə məlumat verən 200 bilbord quraşdırılmasına nail olub.

O, gördüyü işlər barədə Publika.az-a danışıb.

– Şervin xanım, 44 günlük müharibə dövründə Norveçdə həyata keçirdiyiniz tədbirlər həqiqətən təqdirəlayiqdir. Nəticələrini daha ətraflı sizdən eşitmək istərdik.

Publika.az-ın rəhbərliyinə təşəkkür edirəm ki, görülən işləri diqqətdən kənar qoymur.

Amerikada bir deyim var: “Məsafə yalnız barmaqlarınız arasındakı boşluqdur”. Ancaq bu müharibədə Prezident İlham Əliyev 50 milyon dünya azərbaycanlılarını bir daha dəmir yumruq kimi birləşdirdi, bütün məsafələr aradan qalxdı, həmrəyliyimizi çox yüksək səviyyədə nümayiş etdirdik, haqq səsimizi dünyaya çatdırdıq. İstər doğma vətənimizdə, istərsə də qürbətdə hər bir azərbaycanlının qəlbi Vətən eşqiylə döyündü və döyünməyə davam edir.

Öz qəhrəmanlıqları ilə ölkəmizin ərazi bütövlüyünü bizə miras qoyub bu dünyanı tərk edən şəhidlərimizin qanını yerdə qoymayacağıq. Şəhidlərimizin ruhu və şəhid ailələrimizin, qəhrəman əsgərlərimizin qarşısında baş əyirik. Üzərimizə düşən müqəddəs vətən borcunu layiqincə yerinə yetirmək üçün bütün səylərimizi səfərbər etməyə davam edəcəyik.

– Bu günə qədər uğurlu işlərə imza atmağa davam edirsiniz. Norveçdə Qarabağ həqiqətlərini əks etdirən 200 bilbordun quraşdırılmasına necə nail olmusunuz? Belə bir ideya necə yarandı?

– O qədər böyük qürur hissi keçirirəm ki, hələ də xəyal kimi görünür. Hər gün sosial media üzərindən bu sevincimizi bölüşdük, layihəmizə dəstək olan hər kəsə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Əslində asan layihə olmadı, bilirsiniz ki, Avropa ölkələri Azərbaycana qarşı radikal fikirlərini çəkinmədən dilə gətirirlər. İkinci Qarabağ müharibəsinin Norveç mediasında qərəzli işıqlandırılması bizi çox narahat edirdi. Bu problemləri aradan qaldıra bilmək üçün bir çox çətinliklərlə üz-üzə qalsaq da, vətən sevgimiz ümidimizi itirməyə icazə vermədi.

İki mədəniyyəti yaxından tanımaq bizə bu layihədə böyük dəstək oldu. Reklam şirkətinin marketinq rəhbərilə saatlarla müzakirələr apardım, izah edirdim ki, günahsız insanlar hazırda həyatlarını itirir, siz bir sülh ölkəsi kimi buna necə biganə qala bilərsiniz və s. Haqq səsimizi sübut etmək üçün onlarla sənədlər və mənbələr göstərmişəm ki, razılıq versinlər. Bilirsiniz ki, beynəlxalq marketinq üzrə təhsil almışam, marketinq qayda-qanunlarını ortaya qoydum ki, heç bir qanunu pozmuruq, bu layihə siyasi deyil, humanitar missiya daşıyır. Marketinq rəhbərinin beynini necə yedimsə, şirkətin administrativ direktoru sonda razılığını verdi.

Layihə 28 dekabr tarixində saat 00.00-da təqdim olundu, şəkillərimiz ekranda nümayiş olunanda həyəcandan və sevincdən qışqırdım. İstər-istəməz ətrafdakıların diqqətini cəlb etdim, bundan sonra hamı diqqətlə bilborda baxmağa başladı. Sonra bir neçə nəfər bizə yaxınlaşıb bilbordlardakı mesajlarla maraqlandı.

– Şervin xanım, layihənin reallaşmasında birbaşa sizin əməyiniz var, bəs maliyyə xərclərini kim ödədi?

– Layihə “CAN” diaspor təşkilatının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə həyata keçirilib.

– Lövhələrdə dünya ictimaiyyətini Ermənistanın azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlərə diqqət yetirməyə çağırışlar da yer alıb. Sizcə, bu missiyanız nə dərəcədə uğurlu alındı və ya alınacaq?

– Bilbordlarda üç məqam yer alıb:





1. Birlikdə Qarabağda Azərbaycanın təhlükəsiz gələcəyinin qurulması üçün fəal şəkildə işləyə bilərik.

2. Birlikdə sülh müqaviləsinə riayət olunmasına və ona hörmət edilməsinə səylər göstərə bilərik.

3. Birlikdə Azərbaycan ərazilərində humanitar aksiya çərçivəsində minalardan təmizləmə layihəsi keçirə bilərik.

Bizim bilbordlar siyasi partiyanın kampaniyası ittihamı ilə şikayət olunduğu üçün 30 dekabrda axşam saatlarında metrostansiyalardan qaldırıldı. Bu xəbəri mənə reklam şirkəti 31 dekabr axşam saatlarında çatdırdı. Həmin vaxt “Storo” alış-veriş mərkəzində olan bilbordlarımızın şəkillərini və videolarını çəkirdim. Mən bir daha böyük qürur hissi keçirdim, deməli, humanitar mesajlarımız düşmənləri qıcıqlandırmışdı. Kompensasiya kimi bu bilbordları şirkət əlavə yerlərdə nümayiş etdirməli oldu.

– Sirr deyil ki, norveçlilər soyuqqanlı millətdir. Bilbordlara reaksiyaları sizi qane etdimi?

– Şikayətlərə görə qıcıqlananlar da var, amma bizi təbrik edib Qarabağ haqda daha ətraflı məlumatlar əldə etmək üçün müraciət edənlərin sayı az deyil. Hətta norveçli xanım müharibənin əvvəlində mənə sərt cümlələr yazmışdı, o xanım bizim yazdığımız məqalələri oxuyandan sonra üzr istədi.

Ətrafımızda olan həm norveçlilər, həm də digər millətlərin nümayəndləri bu addımımızı dəstəklədi. Qarabağ həqiqətlərinin Norveç metro və ticarət mərkəzlərindəki bilbordlarda yerləşdirilməsini xüsusilə Türkiyə səfiri Fazlı bəy Çorman çox yüksək addım kimi qiymətləndirdi.

Norveçlilər ümumiyyətlə çox tədbirli və tənqid etməyi sevən millətdir. Bu ölkədə qayda-qanunlar o qədər sərtdir ki, xalq bilir ki, yalan məlumat yerləşdirmək olmaz, onu bilirlər ki, xalqa ötürülən belə mesajlara dövlət qurumları tərəfindən nəzarət olunur. Odur ki, bu bilbordlarda reaksiyaların çox olması gözləniləndir, müsbət və ya mənfi. Hələ ki, hər şey istədiyimiz kimi gedir. Əsas uğurumuz ondan ibarətdir ki, az da olsa, insanlara müəyyən məlumatlar ötürə bildik.

– Bilbordlar üçün dünya şöhrətli müharibə fotoqrafı Rza Deqatinin fotolarının seçilməsi təsadüf ola bilməz.

– Bəli, təsadüf deyil. Rza Deqati, İlqar Cəfərov və Çingiz Mustafayev kimi cəsarətli insanlarımızın sayəsində 30 il əvvəl müharibənin heç bir qayda-qanunlarına sığmayan dəhşətli qətl və cinayətlərin şahidi olduq. İkinci Qarabağ müharibəsində də Rza bəy çox dəyərli kadrlar çəkib, çoxumuz Qarabağa məhz onun obyektivi ilə virtual səfər edirik. O, dünya ictimaiyyətinə Qarabağ həqiqətlərini çatdıran ziyalılarımızdan biridir, dünya səssiz qaldıqca Rza bəy erməni vandalizmini yaymağa davam edir. Sadəcə lentə aldığı fotolarla deyil, həm də bir neçə dildə yazdığı hekayələri tez-tez sosial şəbəkələrdə bölüşür. Bu səbəbdən də dəfələrlə ermənilər tərəfindən təhdid olunsa da, öz iradəsinə və vətən sevgisinə xəyanət etməyib.

Rza bəyə bir daha dərin minnətdarlığımızı çatdırıram, çünki mən və Vəfa Bakkalar ona bu layihə haqqında danışanda o, Ağdamda idi. Bir neçə saat ərzində Fransadakı meneceri bizimlə əlaqə saxlayıb lazım olan fotoları yolladı. Rza bəy bütün prosesdə yanımızda oldu, bizə dəstək verdi, kampaniyamızı öz sosial media hesablarında da bölüşdü.

– Çəkdiyiniz əziyyət diaspor tərəfindən yetəri qədər qiymətləndirilirmi?

– Öz üzərimə düşən müqəddəs vətən borcumu layiqincə yerinə yetirmək üçün bütün gücümü ortaya qoyuram, mənim üçün ən böyük qiymət valideynlərimin Araz çayının o tayına həsrətlə baxan gözlərində qürur ifadəsini görməkdir.

Aytən Məftun

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı