İlham Əliyevin yetişdirdiyi nəsil – Onlar QALİB GƏLDİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Atalar və oğulların müharibəsi, yaxud köhnə nəslin məğlubiyyətini qələbəyə çevirən yeni nəsil. I və II Qarabağ müharibəsi arasındakı zamana və nəticələra baxdıqda bir nəslin məğlubiyyətinin sonrakı nəslin qələbəyə çevirdiyini görürük.

I Qarabağ müharibəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olundu. O dövrün nəsli sona qədər döyüşdülər, şəhid oldular, qazi kimi yaşadılar, bir gün uğrunda döyüşdükləri torpaqların azad olunması ümidi ilə.

Birinci müharibədə Azərbaycan məğlub olmuşdu və bu, həm də o dövrün nəslinin qəhrəmanca döyüşmələrinə rəğmən məğlub olması idi. Səbəb yazılan və yazılmayan tarixin səhifələrində əksini tapır.

– Ölkə rəhbərliyinin səriştəsizliyi;

– Siyasi qarşıdurmalar;

– Vətəndaş müharibəsi təhlükəsinin yaranması;

– Zəif və dağılmış ordu;

– Cəbhədə döyüşən əsgərin siyasi intirqalara alət edilməsi;

Və saydıqca bitməyən nəsnələr.

Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan dağılmaqdan xilas oldu və dövlət kimi formalaşmağa, güclənməyə başladı.

Heydər Əliyev dağılmış ordunu nizami səviyyəyə çatdırdı, iqtisadiyyatdan tutmuş siyasi münasibətlərə qədər hər şeyi yenidən qurdu və məhz onun dövründə Azərbaycan bir dövlət kimi beynəlxalq arenalarda qəbul edilməyə başlandı.

2003-cü il, İlham Əliyevin prezidentlik dövrü başlandı.

Artıq I Qarabağ müharibəsində məğlub olmuş Azərbaycan dirçəlmişdi və 2003-cü ildən 17 il sonra – 2020-ci ildə II Qarabağ müharibəsi başlandı və Azərbaycan Ermənistanın 4 ilə işğal etdiyi torpaqlarını cəmi 44 günə azad etdi. Vətən müharibəsində əsas yükü çəkənlərin isə yeni nəslin nümayəndələri olması xüsusilə diqqət çəkir.

Müharibə boyunca gördüklərimiz də belə düşünməyə əsas verir.

I Qarabağ müharibəsində analarının qucağında yurdundan-yuvasından didərgin düşmüş uşaqlar böyüdülər və tankın belində o torpaqlara qayıtdılar;

“Mənim məğlub olduğum müharibəni oğlum qazandı” – I Qarabağ müharibəsi iştirakçılarından biri deyir.

“Övladlarımız bizə təkcə torpaqlarımızı deyil, qürurumuzu da qaytardı”, 1990-cı illərin müharibəsini görmüş nəslin nümayəndələrini bildirirlər.

Və Vətən müharibəsinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bildirir: “…Əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”.

Ali Baş Komandanın qalib komandan kimi azad edilmiş Şuşaya səfəri zamanı söylədiyi fikirlər iki müharibə arasındakı tarixin və 30 il sonra qazanılan böyük zəfərin təhlilini ifadə edir.

Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Mən demişəm, burada – Cıdır düzündə bir daha demək istəyirəm ki, bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü”, – Ali Baş Komandan bildirdi.

Bəli, Vətən müharibəsində xalq olaraq yumruq tək birləşdik və bu yumruq düşmənin başını əzdi, torpaqlarımızdan qovdu. Xalqın hər bir fərdi bu müharibədə əlindən gələni etdi və böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, hər kəsin bu zəfərdə payı var.

Lakin Prezident İlham Əliyevin hakimiyyəti dövründə yetişən nəslin qazandığımız zəfərdə oynadığı rol xüsusi vurğulanmalıdır.

2003-cü ildə 10-15 yaşlı yeniyetmə olanlar 17 il sonra 27-32 yaşlı əsgər, zabit, könüllü kimi döyüşdülər, şəhid oldular, qazi oldular, Ali Baş Komandanın rəhbərliyi ilə Vətən torpağını işğaldan azad etdilər.

Tarix onları İlham Əliyevin yetişdirdiyi nəsil olaraq yazacaq.

Prezident İlham Əliyev 2003-cü ildən etibarən Qarabağa qayıdışın yolunu inşa etməyə başladı:

– Yeni nəsil vətənpərvər, milli ruhda yetişdirildi;

– Ordumuzun hərbi-texniki təchizatından tutmuş şəxsi heyətinin təminatına qədər hər şey yüksək səviyyəyə çatdırıldı;

– Azərbaycan ordusu hərbi arsenalı və peşəkarlığı ilə dünya orduları reytinqində 50 güclü ordudan birinə çevrildi;

– Azərbaycan sosial-iqtisadi inkişafına görə, bütün MDB-də liderə, bütün dünyada ön pillərə yüksəldi;

– Azərbaycan lideri milli maraqlarının qorunması uğrunda diplomatik platformada əsl sərkərdə kimi döyüşdü, yeni nəslə örnək oldu;

– Və Qarabağ bir gün olsun belə unudulmadı, unutdurulmadı: bütün addımların, həyata keçirilən siyasətin əsas hədəfi məhz torpaqlarımızın azad edilməsi idi;

17 illik zaman kəsimində bütün bunları görən, yaşayan Azərbaycan gəncliyinin bir arzusu var idi: Qarabağı azad etmək. O torpaqları heç vaxt görməyənlər də, o torpaqlardan köçkün düşənlər də, bir sözlə, hər kəsin ürəyi Qarabağla döyünürdü.

Nəhayət, o böyük gün gəldi və Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi. Qarabağı azad edən ordumuzun əsas hissəsini də məhz 2003-cü ildən sonra yetişən yeni nəsil təşkil edir. Onlar qalib gəldilər.

Onlar Prezident İlham Əliyevin yetişdirdiyi qalib nəsildir…

Asif Nərimanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp