Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ta məktəbdəki inşa tapşırıqlarımızdan bəri bir fikir qurdu yeyirdi beynimi: Niyə Ana Vətən, Ana Torpaq, Ana Yurd, Ana dili deyirik, amma atalığı heç bir ifadəyə metafora eləmirik?

Bu sualın cavabını 44 günlük Haqq Müharibəmizdən sonra tapdım.

Kürdəmir rayonunun Sorsor kəndindən olan şəhid Gizir İsmət Məmmədovu soraqlamaq üçün atasına zəng edəndə…

Qəhərimi xəttin bu başında gizlədə bilcəyimi düşünərək bütün ömrümə bəs edəcək qədər cəsarətimi toplayıb zəng vurmuşdum Hikmət ataya. Dəstəyi götürənə qədər bütün toxtaqlıq cəhdlərimi yerlə bir edən cümləni eşitdim: “Ata, mən şəhid oldum” musiqisi oxuyurdu…

Və o an anladım ki, anaların müqəddəsliyi varlığımızı, dirçəlişimizi, addımlarımızı, nitqimizi borclu olduğumuz torpaqdan başlayır. Ataların müqəddəsliyi isə ancaq o torpaq uğrunda o torpağın altına girəndən sonra…

Bu günədək şəhid anası demişik, əlini, ayaqlarını öpmüşük. Qarşısında diz çökmüşük.

Bəs ataları?

Rastlaşdığınız bütün şəhid atalarına diqqətlə baxın. Görəcəksiniz ki, bütün şəhid atalarının səsi eyni xırıltı ilə salamlayır. Bütün şəhid atalarının başı eyni çiyinə tərəf düşür övladının şəhadət xəbərini alanda. Bütün şəhid ataları eyni çarəsizliklə gözünü dikir boş sonsuzluğa. Bütün şəhid atalarının gözlərində eyni dərinlikdəki kədəri görə bilərsiniz. Bütün şəhid atalarının ürəyi gözə dönüb yol çəkir övladının qanını axıtdığı müqəddəs torpaqlara, daşlara sarı… Bütün şəhid ataları eyni dildə susur.

Amma bütün şəhid atalarından da eyni fəxrlə eşidə bilərsiniz kimin atası olduğunu!

Hikmət ata kimi.

Salamlaşıb, “siz şəhid gizir” deyəndə sözümü kəsib “İsmətin atasıyam!” deməsindəki bütün əzəmət qəhərimi boğazımda boğdu.

Və yalnız o an anladım ki, şəhidlik ağrılı, kədərli olduğu qədər də necə böyük, möhtəşəm bir məqam imiş.

İsmət Məmmədov 2 yaşlı qızı Dənizin torpağını qucaqladığı fotosu ilə çıxmışdı qarşıma. Hikmət ata ilə söhbətləşdiyim hər saniyə bu mənzərə gözümün önündən getmirdi. Söhbətə elə o fotodan başlamağı planlamışdım, amma ürək edə bilmirdim.

Hikmət ata ilə heç vaxt qarşılaşmasaq da, sanki bir-birimizdən nə soruşacağımızı bilirdik. İsmətin dünyaya gəlişindən Vətən uğrunda bu dünyadan köçməsinə qədər nağıl elədi.

Amma çox çətin idi ona danışmaq… Dəstəyin bu başından belə danışmağın ona nə qədər çətin olduğu anlaşılırdı. Deyəcək çox söz də yox idi əslində. İsmət Suqovuşanın azadlığı uğrunda apardığı bütün mücadiləsi, şəhidliyinin bütün əzəməti ilə hər kəsin yerinə danışmışdı bütün sözləri…





1993-cü il avqustun 2-də dünyaya göz açan bu igid uşaqlığından qayğıkeş və diqqətcil olub. Yaşadığı illər boyunca heç vaxt ailəsinə problem yaşatmayıb. Sakit təbiətli, həlim xasiyyətli, zəhmətkeş oğul olub. Bütün kəndin sevimlisi olub. Orta məktəbdə oxuyandan hərbçi olacağını dilindən düşürməyib. Qiymətləri əla olmasa da, bütün tədbirlərdə iştirak edib. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. Hərbiyə olan marağı onu bu şərəfli məsuliyyətə geri qayıtmağa vadar edib. Bakıya gələrək hərbi təhsil alıb və Vətənin müdafiəsi üçün Tərtərə Quru Qoşunlarında gizir kimi geri dönüb. İsmət Məmmədov tariximizin ən şanlı səhifələrindən biri olan Aprel döyüşlərinin fəal iştirakçısı olub. Döyüşlərdən sonra bir müddət Goranboy, daha sonra Mingəçevirə təyin olunub. Qardaşı Artilleriya briqadasının Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu Elməddin Məmmədovla birgə eyni hərbi hissədə qulluq edib. Tərtərə ayaq basdığı gündən hərbi hissə üzü görməyib. Dağda, daşda, torpaqda ermənilərlə üz-üzə döyüşüb illərlə.

Hikmət ata İsmətin müharibədən 1 gün öncəki zəngini xatırlayır: “Dedi ki, ata, hər şey yaxşıdır, salamatlıqdır. 27 sentyabr səhər tezdən növbəti dəfə zəng edib dedi ki, telefonuma zəng çatmasa, narahat olmayın. Biz müharibəyə gedirik. Mən də xeyir-duasını verdim. İşiniz avand olsun dedim. Vətən üçün gedirsiniz”.

Oktyabrın 8-nə qədər İsmətlə əlaqə mümkün olub. O tarixdən sonra bir daha İsmətə zəng çatmayıb…

Hikmət ata deyir ki, oğlunun şəhadət xəbərini 10 oktyabrda, iş başında ikən alıb. Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub Gizir İsmət Məmmədov. Amma şəhid olacağını heç vaxt nə ürəyinə, nə də ağlına gətirib. Özündən çox qardaşı üçün narahat olub həmişə. Böyük qardaşlığını uşaqlığının ən qayğısız vaxtlarında da, müharibənin ən qızğın vaxtlarında da unutmayıb. Vətənə sahib çıxdığı kimi sahib çıxıb qardaşına. Atasından da yeganə xahişi qardaşından tez-tez xəbər tutması olub həmişə.

Xidmət etdiyi və müharibədə keçirdiyi hər gün gözəl anlar danışıb ailəsinə. Düşmənin qorxusundan arxasına baxmayaraq necə qaçdıqlarından, işğal altındakı torpaqlarımızı qarış-qarış necə azad etdiklərindən, müqəddəs addımlarını müqəddəs torpaqlara necə atdıqlarından ağızdolusu danışıb igid əsgər. “Ürəyimiz istədiyi kimi irəliləyik” deyib atasına.

Qarabağla bağlı bir arzusu olub. Torpaqlarımız işğaldan azad olsun. Ailəsi ilə birlikdə gedib Qarabağı gəzsin…

Hikmət ata deyir ki, xidməti boyu bütün fikir-zikri torpaqları azad etmək olub. Elə bil, ömür boyu şəhid olmağa can atıb, Vətən yolunda ölmək üçün yaşayıb…

Alnından dəyən qəlpə ilə həyata əbədi gözünü yumub dağ vüqarlı əsgər. Dəfnində iştirak edən yaralı döyüş yoldaşı deyib ki, İsmətlə birlikdə 7 döyüş yoldaşı çörək yedikləri anda mənfur düşmənin qəfil hücumuna məruz qalıb. Həmin hücumda 8 igid şəhid olub. Şəhadətindən 3-4 gün əvvəl komandirlik etdiyi əsgəri şəhid olub gözlərinin qarşısında… İsmətin gözünü intiqam bürüyüb və ancaq irəli getmək haqqında düşünüb o andan sonra… Döyüş yoldaşları onu zülmlə saxlayıb səngərdə…

Hikmət ata deyir ki, İsmətdən nə qədər erməni öldürdüyünü soruşub. O da sayı-hesabı olmadığını deyib atasına. Qürurla! O qədər sürətlə irəliləyiblər ki, hətta İsmət müharibənin 3-4 günə bitə biləcəyinə belə ehtimal verib.

2017-ci ildə uzun illərdən bəri sevdiyi qızla birləşdirib həyat yollarını. Qızının adını Dəniz qoyublar… Atasının sevgisi, ürəyi kimi dərin Dəniz… Övladı ilə bağlı ürəyi arzu dolu olub İsmətin… Ailəsini gec-gec görmək nəsib olsa da, vaxtının çoxunu qızına ayırıb. Müharibədən əvvəl götürdüyü məzuniyyətində qızını doyunca görmək qismət olub müqəddəs ataya. Dəniz isə ona son dəfə məzar fotosundan baxıb… Atasının dəfnindən sonra kimsəsizlikdə, sakitlikdə atasının görüşünə gedib balaca Dəniz. İndi ona ancaq atasının mehriban gülüşləri, dillərə dastan olan igidlikləri xatirə qalıb.

Dənizin atası şəhid olub…

Dənizin atası şəkil olub…

Publika.az

Mətn: Zümrüd Kərimova

Səs: Akqabay Mıradov

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir