Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Qısa müddət ərzində Fransanın “Le Monde” nəşri müharibədən sonra Qarabağ haqqında iki məqalə ilə çıxış edib. Qəzetin əməkdaşı Pol Tavinyon 30 dekabr nömrəsində Şuşadan yazıb. O, Şuşaya Azərbaycan hərbçilərinin müşaiyəti ilə gedib.

Publika.az sözügedən yazını kiçik ixtisarla təqdim edir:

“Bu axmaqlar nə edir?” – sükan arxasında oturan Azərbaycan əsgəri söyür. Qarşısında rus sülhməramlılarının bir zirehli maşını bazadan çıxıb dönməyə çalışır. Komandir Ərşad (Şuşa administrasiyasının rəhbəri) və polkovnik Məmmədov (bölgənin hərbi başçısı) gənc rus əsgərinin bacarıqsızlığı üzündən on dəqiqədir ki, dayanmağa məcbur qalıblar.

Onlarla mülki erməni maşını onların burnunun dibindən sakit keçib gedir. Bəzən endirilən pəncərələrdən (-10 ° şaxtaya baxmayaraq) görünür, erməni dilində xoşagəlməz sözlər söyləyirlər. Azərbaycan hərbçiləri onlara əhəmiyyət vermir. Komandir Ərşad maskalı rus əsgəri ilə danışmaq üçün çıxır. Nəticə əldə edə bilmədikdən sonra yorğun şəkildə maşına qayıdır.

Polkovnik Məmmədov deyir ki, ruslar bizim üçün həyatı çətinləşdirirlər:

“Şuşanı təmin etmək üçün onlardan asılıyıq. Ancaq bu, müvəqqətidir. Yeni yol çəkilir. Şuşa dəniz səviyyəsindən 1500 metr yüksəklikdə olan təbii qaladır. Bu simvolik yer Azərbaycanın Dağlıq Qarabağ əməliyyatında minimum hədəfi idi.

Buna görə də hələlik Şuşanı təmin etmək üçün Azərbaycan nəqliyyatı Rusiya bayrağı altındakı avtomobilin müşaiyəti ilə erməni kəndlərindən keçən 42 kilometrlik yol getməli olur. Üstəlik, cədvəldə razılığa gəlməyi lazım hesab etməyəndə ruslar bir neçə gün ümumiyyətlə, görünmürlər.

Axşam saatlarında qarşıdurma riski artır. Çünki ermənilər içirlər və aqressiv olurlar. Ermənilərlə insidentlər ara vermir. Bir həftə əvvəl nəzarət məntəqələrimizdən birinə əl bombası ilə girməyə cəhd edən bir ermənini güllələdik”.





Polkovnikin sözlərinə görə, müharibə bitməyib və erməni hərbçiləri getməyiblər. Zirehli maşınları gizlədirlər və komuflyajlı silahlar düzəldirlər. O, atəşkəs razılaşmasının 4-cü bəndinə istinad edir:

“Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir. Ancaq ruslar heç bir şey olmamış kimi davranırlar. Ermənilər gedənə qədər qışın ortasında dağlarda çadırlarda yataraq, sağlamlıqlarına xələl gələn gənc əsgərlərimizi tərxis etməyəcəyik. Daha irəli getməyə hazırıq. İndi yalnız piyadalar deyil, tanklarımız da var”.

Necə olmasından asılı olmayaraq, qış Şuşada yerləşən minlərlə Azərbaycan əsgəri üçün sərt olacağını vəd edir. Noyabrın ilk həftəsində şəhəri ələ keçirən xüsusi təyinatlı qüvvələrin komandiri İdris Məhərrəmov deyir ki, beş aydır özü də, yanındakılar da ailəsini görmür.

“Şuşa alınandan sonra ermənilər iki dəfə əks hücuma keçməyə çalışdılar. Dağıntıları, dəyən zərəri özünüz görə bilərsiniz”- komandir Ərşad deyir.

Gövhər Ağa məscidi bombalardan zərər görməyib, lakin görünüşü komandir Ərşadı qıcıqlandırır:

“Ermənilər məscidin bizimlə bağlılığı olmasın deyə bərpa üçün iranlıları dəvət ediblər. Bundan əlavə, sistemli şəkildə Şuşadakı bütün Azərbaycan binalarını söküblər.

XIX əsrdə Qafqazda Şuşa yalnız Tiflislə rəqabət aparan mədəniyyət paytaxtı idi. Şuşa Azərbaycan mədəniyyətinin, ilk növbədə isə musiqi və poeziyanın beşiyidir. Şəhərin kökləri barədə mübahisə edirlər, lakin burada bir neçə əsrdir ki, Azərbaycan-erməni əhalisi qarışıq yaşayıb. Birlikdə dinc yaşamaq ehtimalı isə 1905-ci ildə sona çatdı və bu günədək davam edir”. / “Moderator”

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir