Şuşada təmizlənən kinimiz, yaxud qul nazirlər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Leyla Sarabi

Lüdviq Van Bethoven yaşa dolduqca, qulağındakı səs kasası boşalırmış.

Günbəgün eşitmə qabiliyyəti zəifləyib, ölüm yatağına düşən bəstəkar düşün. Orqanizmi hər səhər kamertonla köklənən dahinin qulağından çürüdüyünü xəyal et.

“Kar”, “kor”, “lal”, “əlil” kimi kəlmələri barbar ifadələr saysam da, bəzən mövcud durumu izah etmək üçün dilimin bir ucunda saxlayıram.

Bir yandan da düşünürəm ki, orqanizm o qədər ideal orkestrdir ki, alətin biri kökdən düşən kimi, digəri onun vəzifəsini üstlənir.

Həyatın ən bəsit qanunudur əslində. Məsələn, Bethoven karlaşdıqca musiqini döşəmənin və skeletinin titrəyişindən duyarmış. Hətta qulağındakı sükutun ən möhkəm bağırdığı dövrdə əfsanəvi “9-cu simfoniya”nı dünyaya gətirir.

Lakin bir əmması varmış ki, bəstəkar “eyb”ini aləmdən gizlətməyə cəhd edirmiş. Qulağının zəhəri dilindən axırmış. Yanına yaxınlaşan hər kəsi xərçəng olub sancarmış ki, kimsə artıq sual verməyə cürət etməsin. Yoxsa karlığından xəbər tutan olar.

İndi düşündün ki, Bethovenin kar eqoizmindən mənə nə?!

İnan, 9-cu simfoniyanın notları qədər eqoist karlar bürüyüb kainatı. Bunun bəstəkarı, yazıçısı var, iqtisadçısı, alimi var, məmuru, naziri var…





Nazir dedim, yadıma qullar düşdü.

Axı elə “minister” sözü də latın dilindən tərcümədə “qul”, “xidmətçi” kimi tərcümə olunur. Elə məmurun özü də xalqın əlindən tutub, saçına sığal çəkən, dərdini dinləyib, çözüm axtaran dost deyilmi?!

Güclü məmləkətin, dünyanı haqqın önündə dizə gətirən rəhbərin, polad xalqın zərrəsiyəm. Aydan azad, günəşdən istiyəm indi. Şəhidimin rənginə bələnən torpaqda kök atıram.

Demək mənim məmurum piyada da gəzəcək, müəllimim eqosunu Bethovenin qulağında gizlədib, əsgərim qədər şərəfli gələcək cücərdəcək.

Demək, həkimim Hippokratın yerinə Qarabağa bayraq sancan əsgərimi sağaldan əllərin vicdanına and içəcək. Bəstəkarım qulaqlarının pasını Şuşa ilə yuyub siləcək.

Millətimin vəkilləri şəhidimin övladının evinə bədən geli əvəzinə bir cüt sığalla gələcək.

Mən də qərar verdim, Prezidentimin xalqa müraciətlərinin linklərini arxivimdə saxlayacam. Qlobal saydığım xırda məişət problemlərimin içində boğulanda, inciyən, küsən dost-tanışların eqoları ilə boğuşanda, öz melanxoliyama qalib gələ bilməyəndə, müalicə seansları kimi baxıb, ruhumu sağaldacam.

Prosesin episentrində olduğumuz üçün titrəyişi tam hiss etmədik. Amma kapasitemizin də, gücümüzün də, kədərimizin də, sevincimizin də maksimum həddi ilə dirəndik. Ordumuzdan üstün, əsgərimizdən doğma heç kim yoxdur indi. Bütöv olmaq, Vətən olmaq, insanın xarakterini də formalaşdırırmış.

Əslində bu gün ölkəm yeni doğulan körpə kimi məsumdur. Bütün kinimiz, günahımız Şuşada çiyin-çiyinə namaz qılan qəhrəmanların duası ilə təmizləndi. İndi ana məqsəd bütöv Azərbaycanı qəlbimizlə dinləmək, görmək, səsləməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp