“Boşananların böyük qismi 2-3 il sonra yenidən bir araya gəlirlər” – Psixoloq –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

2020-ci ilin yanvar-sentyabr aylarında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbələri tərəfindən 26312 nikah qeydə alınıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə qeydə alınmış boşanma hallarının sayı 11089 olub. Statistikadan görünür ki, cari ilin 9 ayı ərzində boşananların sayı ailə quranların təxminən yarısı qədərdir.

Mövzu ilə bağlı danışan Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Azərbaycanda son illər boşanmaların sayının artmasının səbəblərini açıqlayıb.

O, bunun bir neçə səbəbinin olduğunu söyləyib. Qeyd edib ki, burada psixoloji, mədəni, sosial və sair faktorlar var:

“Boşanmaların bir çox səbəbi var. Onu bir istiqamətdə göstərmək bir az çətindir. Ailə institutuna olunan müdaxilələr, texnologiya əsrində yaşamağımız, ailələrin stress və çətinliyə davamlılığının azalması, uşaq sayının az olması, kənar və ya valideynlər tərəfindən olunan müdaxilələr boşanmaların artmasına səbəb olan amillərdir. Bundan başqa, tərəflərin bir-birinə qarşı münasibətlərində dayanıqsız davranmaları ailədaxili çəkişmələrə və boşanmalara gətirib çıxarır. Burada həm psixoloji, həm mədəni, həm də sosial faktorlar var. Bunların hər biri ayrı-ayrılıqda təhlil olunmalıdır. Ailəqurma prosesində bildiyiniz kimi tibbi müayinə məcburidir. Çox yaxşı olardı ki, bu zaman psixoloji müayinə də olunsun”

Psixoloqun fikrincə, maarifləndirmə və təbliğatın gücləndirilməsi çıxış yollarından biridir. O, eyni zamanda boşanmağa qərar verən cütlüklərə psixoloji dəstəyin də zəruri olduğunu düşünür: “Eyni zamanda tərəflər arasında problem olarsa, onların hara müraciət edəcəyi haqda maarifləndirmə prosesi olmalıdır. Xüsusən boşanma ilə bağlı məhkəmələrə müraciət edilən zaman yaxşı olardı ki, cütlüklərə psixoloji dəstək göstərilsin. Əgər bu məhkəmədə alınmırsa hansısa müəssisəyə yönləndirmək, onlara ilkin psixoloji müayinə göstərilməsini təmin etmək lazımdır. Bu məsələdə dünya praktikasına da müraciət etmək olar. Amerikada ailə institutunda boşanma halları daha intensiv idi. Onlar məhkəməyə müraciət edənlərə fokuslanmışdılar, boşanma üçün müraciət edənlərə psixoloji yardım göstərirdilər. Mən düşünürəm ki, psixoloji dəstəklə boşanmaların böyük qisminin qarşısını almaq mümkündür. Çünki bu gün boşananları böyük qismi iki-üç il sonra yenidən bir araya gəlirlər”.

DOSYE.ORG

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp