Meksika mediası erməni cinayətlərindən YAZDI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Meksika mətbuatında Ermənistanın Azərbaycana qarşı təcavüzü və törətdiyi müharibə cinayətləri haqqında məqalə dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən Publika.aza verilən məlumata görə, bu ölkənin nüfuzlu ingilisdilli mətbu orqanı olan “Pulse News Mexico” qəzetində tanınmış jurnalist Teresa Marqolisin “Azərbaycan Ermənistanla niyə müharibədədir” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının 27 il ərzində Ermənistanın işğalı altında olduğu və Ermənistanın BMT Təhlükəsizlik Şurası tərəfindən işğalçı qoşunların Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə məhəl qoymayaraq bu əraziləri tərk etmədiyi qeyd olunur.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ ərazisini və ətraf 7 rayonu işğal etdiyi və bir milyona yaxın dinc əhalinin öz yurdlarından didərgin salındığı oxucuların diqqətinə çatdırılır, Azərbaycan ərazilərinin ermənilər tərəfindən vəhşicəsinə işğalının beynəlxalq ictimaiyyət tərəfindən “planlaşdırılmış etnik təmizləmə” kimi qəbul edildiyi vurğulanır.

Bildirilir ki, 1994-cü ildə iki ölkə arasında atəşkəs rejimi elan olunmasına və beynəlxalq təşkilatların vasitəçiliyi ilə münaqişənin həlli istiqamətində aparılan danışıqlara baxmayaraq, Ermənistan dəfələrlə təxribata əl ataraq atəşkəs rejimini pozub. Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmasına çalışır, lakin Ermənistan tərəfindən münaqişənin həlli istiqamətdə heç bir addım atılır.





Məqalədə Ermənistanın bu gün də Azərbaycan torpaqlarını işğal edərək istismar etdiyi, bir vaxtlar məhsuldar olan tarlaları yandırdığı, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlə məşğul olduğu, həmin torpaqlardan çıxan qızıl və digər təbii sərvətlərdən 30 il ərzində olduğu kimi istifadə etdiyi diqqətə çatdırılır.

Müəllif yazır ki, dünya birliyinin COVID-19-a qarşı mübarizə apardığı bir dövrdə Ermənistan növbəti təxribata əl ataraq iyul ayında atəşkəs rejimini yenidən pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edib, ağır artilleriya qurğularından Azərbaycanın Tovuz rayonu istiqamətini atəşə tutub. Həmin dövrdən başlayaraq dəfələrlə Ermənistan tərəfinin təxribatları ilə cəbhədə gərginlik yaşanıb.

Məqalədə, həmçinin Azərbaycan tərəfinin 30 il ərzində diplomatik yollarla həll edilə bilməyən münaqişəni işğal olunmuş torpaqlarını haqlı olaraq azad etməklə həlli qərarına gəldiyi vurğulanır və torpaqlarını düşmən işğalından tamamilə azad etməyənədək dayanmayacağı qeyd olunur. Həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrini ballistik raketlərlə atəşə tutduğu oxucuların diqqətinə çatdırılır.

Son üç həftə ərzində Azərbaycan Ordusunun Füzuli, Cəbrayıl və Zəngilan rayonlarını, həmçinin İran İslam Respublikası ilə sərhəd əraziləri işğaldan azad etdiyi bildirilir və bu müharibədə Azərbaycanın qalib olduğu vurğulanır.

Müəllif bu müharibənin əsas səbəbinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi olduğunu və Azərbaycanın haqlı olaraq öz torpaqlarını işğaldan azad etməyə çalışdığını bir daha oxucuların diqqətinə çatdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp