Sahil Babayevin Sabirabad fırıldağı… – GİLEY –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Bir ay təlim keçib, get-gəldən sonra biznes planı yazdım. Axırda gətirib 22 baş xəstə, ayaq üstə dura bilməyən heyvan verdilər. Azmış kimi bizi sıraya düzüb buna görə Prezidentə təşəkkür etdirib, videomuzu çəkdilər. Qaranlıqda heyvanların pis gündə olduğunu görmədim, bir sözlə, aldadıldım. Sonrakı şikayətlərimə isə baxan olmadı”. DİA.AZ-ın məlumatına görə, Sabirabadın Türkədi kəndinin sakini, 64 yaşlı Fərman Salmanov belə deyir.

Bildirir ki, çətinliklə dolandığından kredit üçün Sahibkarlığa Dəstək Fonduna müraciət edib. Kredit vermək əvəzinə, onu Məşğulluq Mərkəzinə yönləndiriblər. Özünüməşğulluq proqramına qatılıb. İmtahandan sonra 22 baş keçi alıb. O, 9 ay öncə aldığı keçilərin cəmi 8-nin bala verdiyini deyir. Onlardan 7-si qısır çıxıb, 6-sı isə ölüb: “Budur 9 aydır hər gün tezdən 5-də durub keçiləri otarmağa aparıram. Vallah, əziyyət çəkirəm, bəhrəsi də yoxdur. Bu yaşımda mənə lazım idi? Hara da müraciət edirik, deyirlər, “bizlik deyil”. Bəs kimlikdir?”

Fərman Salmanov Sabirabad Rayon Məşğulluq Mərkəzinin özünüməşğulluq proqramına 2019-cu ilin sonunda cəlb edildiyini deyir. Bir ay təlim keçib, imtahan verib, heyvan alıb. Kəndli elə həmin heyvanları alma prosesində aldadıldığını deyir: “Dekabrın 29-da mənə dedilər ki, gəl heyvanını al. Saat 2-də getdim. Axşamacan gözlədim, hava qaralanda iki böyük maşın gəldi. Orada heyvan gözləyənlərin hər birinə 22 baş keçi gətirmişdilər. Heç kimi də yaxına buraxmadılar. İlk növbədə duran adamın 22 ədəd keçisini atdılar yerə. Qalan hamı kənarda durub baxırdı. Heyvan alacaq olanlara həmin 22 keçinin önündə Prezident İlham Əliyevə təşəkkür etməsini istədilər. Elə içi mən qarışıq. Təşəkkür etdim, dedim, bu proqramı təşkil edənlər sağ olsunlar. Daha nə biləydim ki, görəcək günlərim qabaqdadır. Hardan biləydim ki, bunlar bizi Prezidentin adıyla aldadacaqlar?”

Fərman Salmanov deyir ki, problemi ilə bağlı yazmadığı dövlət qurumu qalmayıb. Məktublarına gələn bütün cavablar Sabirabad Rayon İcra Hakimiyyətinə göndərilir. Onlar da Məşğulluq Mərkəzinə yönləndirirlər: “Məşğulluq da heç cür kömək etmir. Öz səhvləridir axı. Nə desinlər? Mən bu heyvanları qışdan çıxarmaq üçün 20 bağlama yonca, 45 bağlama yaz otu almışam. Hər bağı aparatda çəkmək də 50 qəpikdir. Ümumi 250 manat xərcim çıxıb. Arpa, çiyid və kəpəyə də bir 250 manat vermişəm. Xəstələnəndə dərmanlarına 60 manat xərcləmişəm. Mənə 9 ayda 560 manat maddi ziyan dəyib. Hələ mənəvi ziyanı demirəm. Hamımız ümidlənmişdik ki, hər şey yaxşı olacaq. Buna kim cavab verəcək? Həmin keçilərdən bu günədək 6-sı ölüb, 7-si qısırdır. Yerdə nə qaldı? Yerdə qalanlardan 1-i erkəkdir. Qalır 8 heyvan. Onlar da o qədər yaşlıdır ki, doğumda güc-bəla ilə sağ qalıblar. Bu heyvanların birinin bazar dəyəri 30-40 manatdır. Halbuki 5 min manat dəyərində heyvan verilməli idi”.

Fərman Salmanov deyir ki, bu cür yaxşı proqramı bu günə qoyan məmurlardır. Bəlkə də Prezidentin bundan xəbəri yoxdur: “İndi mən danışıram, ictimailəşdirirəm ki, xəbəri olsun. Bilsin ki, məmurlar bölgələrdə nə hoqqalardan çıxırlar. Camaatı nə cür dolayırlar. Onların haqqına necə girirlər. Yəqin indi Sahil Babayev gedib Prezidentə müsbət hesabat verir. Deyir, “yerlərdə insanlar heyvanla təmin olunub, hər şey qaydasındadır” və s. Hanı? Bizim 9 aydır başımıza oyun açırlar. Yazmadığımız, getmədiyimiz qurum qalmayıb. Sahil Babayev gəlsin, mənim vəziyyətimə baxsın. Xəstə keçilərini aparsın, mənə sağlam, dövlətin proqramında nəzərdə tutuan heyvan versin”.

Fərman Salmanov əlavə edir ki, əgər heyvanlar yaxşı, sağlam olsaydı, indiyə 50 baş olmuşdu: “Bəs mən bu qədər xərc çəkmişəm. Nə ilə dolanmalıyam? Bu yaşımda gedib çöllərdə qalıram, bir xeyrim də yox. Məmurlar deyirlər ki, bizim xəbərimiz yoxdur. Bəs bunu kim edir? Belə çıxır ki, Prezident edir? Ya camaata normal heyvan verin, ya da bu proqramı ləğv edin. Vallah, bu yaxşılıq deyil, zülmdür. Hər keçinin qiymətinin 220 manat olduğunu deyirlər. Ancaq heç 20 manat da deyil. Bu qədər qan içmək olmaz, bu qədər Allahsızlıq olmaz”.

Qeyd edək ki, ötən il fevralın 14-də Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında məşğulluq proqramında manipulyasiya ilə məşğul olmaq istəyənlərin olduğunu təsdiqləyib. O, dəyişdirilən heyvanların sayının 170-ə yaxın olduğunu deyib: “Ailələrə yararsız heyvan verən məşğulluq mərkəzlərinin nümayəndələrinə inzibati tənbeh verilib. Araşdırma zamanı proqrama yazılan bəzi şəxslərin aztəminatlı yox, imkanlı olduğu məlum olub. Məşğulluq proqramına uyğun olmayan 800 şəxs siyahıdan çıxarılıb. Onların çoxu mətbuata müxtəlif iddialarla çıxıb”.

Rəsmi məlumatlara görə, 2017-ci ildə özünüməşğulluq proqramından 1232 ailə faydalanıb. 2018-ci ildə isə proqrama 35 milyon manat vəsait ayrılıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2018-ci ildə proqramın 7737 nəfəri əhatə etdiyini deyib: “Onlardan 1029 nəfəri gənc, 1255 nəfəri məcburi köçkün, 816 nəfəri ünvanlı sosial yardım alan, 298 nəfəri müharibə veteranıdır. Bundan başqa, özünüməşğulluq proqramı ilə 1309 qadın, 913 fiziki məhdudiyyətli şəxs əhatə olunub”.

2019-cu ildə bu proqrama daha 8000 nəfər cəlb edilib. 30 milyondan artıq vəsait ayrılıb. Bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib ki, 2018-ci ildə proqrama cəlb olunmuş ailələrdən 7267- si biznes planlarını uğurla müdafiə edib. Bu da 2017-ci illə müqayisədə 6,5 dəfə çoxdur. Bütövlükdə 5000-dən çox ailə aktivlərlə təmin olunub.

DOSYE.ORG

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp