“Ermənistana işğala son qoyması üçün son şans verilib”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Moskvada, Sergey Lavrovun iştirakı ilə keçirilən görüşdə əldə olunan razılaşma humanitar xarakter daşıyır və əsla Azərbaycanın öz prinsipial mövqelərindən geri çəkilməsi kimi dəyərləndirilə bilməz”.

Bu sözləri Modern.az-a  açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan ordusu əks-hücum əməliyyatlarının davam etdirildiyi zamanda da düşmən tərəfin necə davranmasından asılı olmayaraq, Beynəlxalq Humanitar Hüququn prinsiplərinə tamamilə əməl edib: “Humanitar atəşkəsin elan olunması da Beynəlxalq Humanitar Hüququn prinsiplərindən, o cümlədən Haaqa və Cenevrə konvensiyalarının və bu konvensiyalara BMT Baş Assambleyasın əlavə protokollarından irəli gələn addımlardır.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistana işğala son qoyması üçün son şans verilib və əgər bu şans təcəvüzkar ölkə tərəfindən qısa müddətdə dəyərləndirilməzsə, o zaman Azərbaycan döyüş meydanında əldə etdiyi uğurları davam etdirəcək və bu prosesi təcavüzkarın sülhə məcbur edilməsi ilə başa çatacaq. Azərbaycan döyüşdə əldə etdiyi uğurlarla danışıqlar prosesindəki mövqelərini daha da möhkəmləndirib və əgər münaqişənin sülh yolu ilə tənzimlənməsi zərurətə çevriləcəksə, o zaman masa arxasındakı şərtləri də biz diqtə edəcəyik. Hələlik 11 saatlıq müzakirələrin nəticəsi olaraq ərsəyə gələn, hüquqi qüvvəsi olmayan, sadəcə humanitar xarakter daşıyan bu razılaşmanın Ermənistanın öz ənənəvi əməllərini davam etdirəcəyi təqdirdə heç bir əhəmiyyəti olmayacaq”.

Azər Kərimli razılaşmanın əldə olunmasına baxmayaraq, Ermənistanın yenə də atəşkəsi pozmaqda davam etdiyini xatırladıb: “Azərbaycan isə öz növbəsində işğalçı ordunun atəş nöqtələrini sıradan çıxarır, ağır döyüş texnikalarını məhv edir. Digər tərəfdən Ermənistan ordusuna elə ağır zərbə vurulub ki, düşmən indiki iqtisadi potensialı ilə onillərlə özünə gələ bilməyəcək. Bu isə istənilən həll prosesinin Azərbaycanın diqtəsi ilə həyata keçiriləcəyi reallığını ortaya qoyur. Ermənistan məğlubiyyətlə barışmaq və işğala son qoymaq məcburiyyətində qalacaq. Azərbaycan ordusu bu reallığı öz döyüş qabiliyyəti və gücüylə yaradıb. Qələbə bizimdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp