“Qaydalara riayət etmirlər, yoluxma arta bilər”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Hazırda Azərbaycan Ordusu cəbhədə qələbələr qazanır, işğal altındakı torpaqlarımız azad olunur. Bu, insanlarımızda ruh yüksəkliyi yaradır və gənclərimiz cəbhəyə getmək üçün səfərbərlik idarələrinin qarşısına yığışır. Hər gün bu idarələrin qarşısında sıxlıq yaşanır. Lakin unutmamalıyıq ki, biz COVID pandemiyası şəraitində yaşayırıq və virusla da mübarizə aparırıq.

Bunu Azvision.az -a açıqlamasında ölkənin yeni baş infeksionisti, Tibb üzrə fəlsəfə doktoru Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, müvafiq qurumların, Operativ Qərargahın apardığı çoxşaxəli kompleks tədbirlər nəticəsində Azərbaycanda koronavirusla bağlı vəziyyət digər ölkələrlə müqayisədə nisbətən yaxşıdır.

“Lakin bu, bizi arxayınlaşdırmamalıdır. Hazırda bizdə virusa yoluxma halları aşağıdır, hətta bir müddət rəqəmlər 100-dən aşağı oldu, sağalanların sayı isə yoluxanlarla müqayisədə artdı. Bu, görülən tədbirlərin nəticəsidir. Qonşularımız Gürcüstan, İranda koronavirsa yoluxma hallarında artım müşahidə edilir, ikinci dalğa yaşanır. Bunun müqabilində Azərbaycanda vəziyyət stabil və nəzarət altındadır. Əgər yoluxma artarsa, artıq həmin şəxslərin aşkarlanması üçün vaxt, vəsait, mütəxəssis ayrılmalıdır”.

Baş infeksionist qeyd edib ki, hər birimiz koronavirusla mübarizədə Operativ Qərargahın tövsiyyələrini yerinə yetirməliyik.

“Fiziki məsafə gözləməliyik, maska taxmalıyıq, gigiyena qaydalarına əməl etməliyik. Lakin müşahidə edirik ki, insanlar artıq ictimai nəqliyyatda və ya sıx toplaşma yerlərində qaydalara riayət etmirlər. Təsadüfi deyil ki, ÜST-ün Azərbaycan ofisi xəbərdarlıqla çıxış etdi ki, bu məsələlərə diqqət yetirməliyik, çünki istənilən halda yoluxma hallarının sayında artım ola bilər. Nəzərə almaq lazımdır ki, biz payız-qış mövsümünə daxil oluruq və bu mövsümdə ənənəvi olaraq digər kəskin respirator infeksiyalarla xəstələnmə halları artır. Həkimlər üçün bu xəstəlikləri bir-birindən ayırmaq və müalicə etmək çətinləşir. Eyni zamanda qrip mövsümü başlayır. Səhiyyə nazirinin əmrinə əsasən oktyabrın 12-dən başlayaraq bir ay ərzində qripə qarşı bütün risk qrupları- uşaqlar, hamilə qadınlar, xroniki xəstəlikləri olanlar, 65 yaşdan yuxarı şəxslər peyvənd olunacaqlar. Bu da imkan verəcək ki, qriplə xəstələnmənin sayı azalsın və əsas diqqətimiz COVID-lə mübarizəyə yönəlsin. Əhalidən xahiş edirik ki, tövsiyyə olunan qaydalara əməl etsinlər. Bu, bizim işimizi yüngülləşdirər”.

DOSYE.ORG

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp