Ermənilərin azərbaycanlılara hücumu əsl zorakılıq və barbarlıqdır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, “Ermənilər iyul ayının 12-də Ermənistan-Azərbaycan dövlət sərhədində törətdikləri təxribatı hazırda ayrı-ayrı ölkələrdə dinc nümayişlər keçirən azərbaycanlılara qarşı törətməklə sözün əsl mənasında öz terrorçu mahiyyətlərini bir daha ortaya qoyurlar. Bu, Ermənistanın terrorçu dövlət olmasının, erməni xarici siyasətinin terrorizmə, vandalizmə və faşizmə söykənməsinin bariz göstəricisidir. Azərbaycanlıların öz torpaqlarının erməni işğalından azad edilməsini tələb etməsi onların beynəlxalq hüquqla tanınan haqlarıdır. Bunu dinc etiraz və asayişin qorunması çərçivəsində təşkil etmələri də yaşadıqları ölkələrin qanunlarına hörmət, riayət etmələridir və tamamilə hüquqa, özünüifadə azadlığına əsaslanan sivil kütləvi etiraz formasıdır”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, ermənilərin bu cür dinc və hüquqi aksiyalar zamanı azərbaycanlılara hücum etməsi əsl zorakılıq, vandalizm və barbarlıqdır:





“Ancaq işğalçı Ermənistan dövlət sərhədində törətdiyi təxribat zamanı Azərbaycan Ordusu və xalqı tərəfindən aldığı layiqli cavabı beynəlxalq təşkilatlar və vandalizm hərəkətləri etdiyi ölkələrin hüquq sistemi tərəfindən də almalıdır. Əks təqdirdə aydın görünür ki, 1970-1980-ci illərdə ASALA, “Daşnaksütyun” və digər erməni terror təşkilatları tərəfindən müxtəlif ölkələrdə 70-dən çox insanı qətlə yetirmələri, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törətmələri, 24 türk diplomatını qətlə yetirmələri, ötən əsrin 20-30-cu illərində Azərbaycanın ictimai-siyasi xadimlərinə qarşı sui-qəsd təşkil etmələri kimi hadisələr yenidən baş verə bilər.

Son bir həftə ərzində Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada yerləşən diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq növbəti təxribatlarına etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllərə yol verilməsi bunun mümkünlüyünü əsla istisna etmir. Ona görə də ermənilərin bu vandalizminin qarşısı dərhal alınmalıdır. Unutmaq olmaz ki, Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması diplomatik nümayəndəliyi qəbul edən ölkənin məsuliyyətindədir. Eyni zamanda müxtəlif ölkələrdə yaşayan, fəaliyyət göstərən insanların hüquq və azadlıqlarının təmin edilməsi və təhlükəsizliklərinin qorunması da həm beynəlxalq hüquqa, həm də yerli qanunvericiliyə görə həmin ölkələrin hüquqi öhdəçiliyinə daxildir. Ona görə də dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq azərbaycanlıların beynəlxalq hüququn tələbi kimi erməni işğalına son qoyulması ilə bağlı aksiya keçirmələri dəstəklənməli və onların təhlükəsizliyi təmin edilməlidir”.

Akqabay Mıradov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp