Milli Şuranın son müzakirələri əslində özlərini “açıb tökmək” mərhələsi idi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Könül istərdi ki, neytral zonaya basdırılan iqtidarın, müxalifətin minaları təmizlənsin, cəmiyyətimizin indisi və gələcəyi ilə bağlı sağlam, elmi yükü ağır olan tezislər əldə edilsin”.

Publika.az xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa sosial şəbəkə hesabında yazıb.

Deputat siyasətin inkişaf xəttini yunan düşüncə sistemindəki “Minotavr labirinti”nə oxşadıb: “Bu anlayışın digərlərindən fərqi ondadır ki, onun tətbiqi üçün real məkan müasir Krit adasında hələ də qorunub saxlanır. Siyasət də buna bənzər bir labirint üzərindən yola çıxışdır. Bu labirintdə dalana dirənənlər və illərdir inadına orada gəzişməyi sürdürənlərin əslində “yola çıxmaq” deyə bir hədəfləri olmadığından özlərini bu labirintin döngələrində “yola verməklə” məşğuldular. Aralarından xilas yolunu tapacaq Tesey kimi qəhrəmanın çıxmasına ümid azdır. Hər gün insan bədənli, öküz başlı Minotavrın qurbanına çevrilməyə bir addım daha da yaxınlaşırlar”.

O əlavə edib ki, Milli Şuraya, AXCP-yə, Müsavata və digər partiyalara qarşı bir partiya rəhbəri olaraq hansısa önyarğılı düşüncəsi yoxdur: “Hər birinə cəmiyyətimizin çoxrəngliliyinin təzahürləri kimi baxıram. Biz işıqlı və parlaq adamlar bolluğunda yaşamayan bir millətik. Ona görə də onun iqtidarında da, müxalifətində də, neytral zonasında da olan bu cür insanları qənimət olaraq görürsən və dəyərləndirirsən. Könül istərdi ki, bu neytral zonaya basdırılan iqtidarın, müxalifətin minaları təmizlənsin, cəmiyyətimizin indisi və gələcəyi ilə bağlı sağlam, elmi yükü ağır olan tezislər əldə edilsin. Artıq bu neytral zonada yetişənlər nə iqtidara, nə müxalifətə, nə də xalqa yaltaqlanmayacaqlar. Düşündüklərini qərəzsiz, tərəfsiz, qorxusuz deyəcək və doğru mühakimənin yayğınlaşdığı bir mühit əldə edəcəyik. Onların da içində sağlam, realist, işıqlı ideyaların səslənişini görərsəm, heç şübhəsiz təqdirimi dərhal bildirərəm. Bütün hallarda bu barışmaz olduğu söylənən müxalifət cinahının qədim sakinlərindən biri kimi, mətbəxində hansı azuqələrin olduğunu və hansı aşpazların nə bişirməyə qadir olduğunu bildiyim halda belə, yenə də ümid edirəm ki, bu mühitdən də faydalı insanlar çıxa biləcək.

Həmin cinahdakı hər hansı bir neqativ testin səbəbinin fəlsəfi izahını birbaşa Maks Veberin mükəmməl tərifini verdiyi inanc əxlaqı ilə bağlı təzahürdə axtarmaq lazımdır. Dini mühitdə də eyni durum hökm sürür. Bu inanc əxlaqı ilk baxışda əqidə və prinsip örtüyü ilə malalansa da, insan düşüncəsinin ideoloji buxovunun sökülməsinə imkan tanımır və bütün fəaliyyət prosesi hər zaman başqa bir inancda olan kimisə ifşa etmək üzərində qurulur. Hakimiyyəti ifşa etmək, onun məmurlarını ifşa etmək, ardınca öz sıralarındakı “satqınları” ifşa etmək və nəhayət tükənərək özlərini “açıb tökmək”. Milli Şura adlanan müxalifət qurumunun ictimai baxışa təqdim olunan son müzakirələri əslində özlərini “açıb tökmək” mərhələsi idi. Halbuki bununla daha doğru olanını yenə də tapa bilmədikləri üzə çıxdı. Doğru olan məhz özünü təftiş etmə yolu idi. Ənənəvi çinli düşüncəsi mühitin və ya başqalarının təftişindən çox, öz-özünü təftiş məsələləri ilə maraqlanır. Onlar “Əşkiya”ya baxan xalq nədən arxamızca getsin” şikayətini etmirlər. “Biz nəyi yanlış edirik ki, xalq bizim arxamızca getmir” ifadəsi üzərində baş sındırırlar.

İnanc əxlaqının alternativi isə daha çətin tələblər qarşıya qoyur. Buna politoloji ədəbiyyatda “məsuliyyət əxlaqı” deyilir. İnanc inadı yerinə məsuliyyət ağlı önə çıxmağa başlayır. Dövlətin məsuliyyəti, millətin məsuliyyəti, şəhərin, rayonun, kəndin, ailənin və insanın məsuliyyəti bir-birini təqib edir. Alınan qərarların motivasiyası sənin nəticəni öncədən görə bilmədiyin inanc deyil, məhz nəticəyə yönəlik məsuliyyət olur. İnancı sümükləşmiş bir dindara yüz dəfə Qurandan ayə gətir, öz eşitdiyini əqidə olaraq gördüyündən, dəyişməyəcək. Bu xarakterdə olanlar üçün siyasət də eyni platformadır. Cəbhəçiyəm, müsavatçıyam, YAP-çıyam, öz yolum, öz əqidəm var. Dünyanın çarxında nə dəyişim olarsa məni maraqlandırmaz, hər şey mənim durduğum inanc platformasında dəyərləndirilə bilər deyib, inadlı şəkildə duruşunu davam etdirəcəksə, bu, məsuliyyət hissindən mütləq uzaqlaşdıracaq. Sevdiyim və tətbiq etdiyim ifadədir bu: “Dəyişmək cəsarətin yoxdursa, müzakirəyə nədən qatılırsan”. Hansısa söhbət, hansısa kitab, hansısa film, hansısa bədbəxt və yaxud xoşbəxt sayılan hadisə mənim üçün bir dəyişim fürsətidir. Başqasının ağlının məhsulu səni dəyişmək gücündədirsə, inanc əxlaqının postulatları artıq burada işləməz hala gəlir”.

Fazil Mustafa vurğulayıb ki, Milli Şuranın ritorikasını tarixi təcrübədən anlamaq olar: Böyük Fransa İnqilabı liderlərinin gilyotin barədə çağırışları artıq ritorika çərçivəsindən çıxaraq öz başlarının kəsilməsinə doğru yönəlir. “Bütün xainlər ifşa olunmalıdır”, “bütün satqınlar linç edilməlidir”, “içimizdə elələri var ki, iqtidardakılar ondan yaxşıdır” ədəbiyyatının tanış ifadələri bir yana dursun, adamlar üstəlik eşşəyi də siyasi söhbətlərin içinə qataraq opponentinə “professor eşşək” deyə xitab edir, ardınca da mümkün ssenari gərəyi həmin professor da eşşəkliyə qarşı allergiyasını daha eşşəksəcinə ortaya qoyaraq, “eşşək özünüzsünüz” cavabını verir və kənardan cəmiyyət də səssizcə bu eşşəkliyə başını bulayır. Azərbaycanda mollalaşan müdrik Xoca Nəsrəddin də dostu ilə yoldan keçərkən, dalaşan bu iki nəfərdən birindən məhz bu sözü eşidir: “eşşəyin biri!” Humanist atəşkəs ideyasına sadiq Nəsrəddin kişi yaxınlaşıb bu qəzəbli tərəfləri ayırmaq istəyəndə, eşşək sözünün tuşlandığı zərərçəkmişin cavabı onu yerində durmağa məcbur edir: “eşşək özünsən!” Bir anlıq donma vəziyyətindən çıxaraq, dostunan yanına geri dönən Nəsrəddin “onları nədən ayırmadan” sualını eşitmək istəmədən səbəbi özü açıqlayır: “Onlar qohum çıxdılar”.

Ədəb, müzakirə mədəniyyətsizliyi və siyasi prosesi izah məsələsində tək onlarmı qohum çıxdılar? Xeyr, onlardan da kənarda siyasət, media politoloqları üçün ayrılmış müqəddəs yerləri ziyarət edənlərin də bu qohumluğa bu və ya digər dərəcədə aidiyyəti var. Əməlli-başlı ölkədə politikoz (politicosis; “psixoz”, “toksokoz” və b. tibbi terminlər) xəstəliyi yayılıb və bu siyasi xarakterli xəstəlikdir. Özlüyündə siyasətlə birtərəfli məşğuliyyəti, politomaniyanı (politicomania) ehtiva edir. Politikoz – istənilən təzahürü siyasiləşdirməyə (incəsənət, elm, din, etika və s.), siyasətin əhəmiyyətini şişirtməyə, ondan mədəniyyətin bütün məzmununu çıxarmağa və ona insan həyatının bütün mənasını daxil etməyə meyillilikdir. Politikoz siyasətçilərin dünyanı siyasi mübarizə, sui-qəsd, ideologiya və başqa kateqoriyalar üzrə düşünən peşə xəstəliyi ola bilər.

İndi bu politikoz xəstəliyinin təzahürünü nədə görə bilərsən?

Diqqət yetirəndə görərsiniz ki, mənfi təzahürləri ilə yanaşı bu pandemiya ilə birlikdə əlverişli bir düşüncə dəyişimi fürsəti ortaya çıxdı. Pandemiya özünü möhkəmlədərək, qlobal dünyaya nə verəcəyin barədə düşünməyə çağırış etdi. Bizdə də hər yerdə olduğu kimi, ənənəvi ziyalı düşüncəsi, həm də siyasətçi düşüncəsi bütövlükdə daxili siyasət məsələlərinə yönəldi və tamamilə sosial istiqamətə doğru yön aldı. Dünya müharibəsinin topsuz-tüfəngsiz variantı olan pandemiya hadisəsi düşüncənin beynəlxalq siyasətə yönəlməsini qaçılmaz edir. Düşüncə dairəsi bəşəriyə çevrilir. Əyalət düşüncəsi, əyalət maraqları, yaxud dar partiya və ya qrup maraqları arxada qalır. Bu fürsəti də doğru dəyərləndirə bilməyənlər, əyalət düşüncəsini bəşəri düşüncə ilə əvəz edə bilməyənlər cəmiyyətə yön verməkdə də çətinlik çəkməyə başlayıb”.

Deputat bəzi siyasi proqnoz verən şəxslərin düşüncələrini belə təhlil edib: “Azərbaycan siyasətinin “dərin adamı” kimi tanınan birisi hələ mart ayında deyirdi ki, seçkilərlə formalaşdırılan son parlament keçid dövrü üçün nəzərdə tutulub, bir və ya iki ildən sonra öz missiyasını yerinə yetirərək istefaya gedəcək. Onun əsas missiyası isə Konstitusiyada dəyişikliklər aparmaqdır. Ardınca isə Azərbaycan mediasının “dərin adamı” kimi tanınan digəri deyir ki, il yarıma parlament buraxılacaq. Sosial şəbəkələrdə Azərbaycan hüququnun “dərin adamı” kimi tanıdılan birisi də gözləri qıyılan vəziyyətdə Günəşə baxaraq qısa müddətdə bu parlamentin özünü buraxacağını söyləyir. Maraqlıdır ki, adətən dərin politoloji təhlil aparanlar daha çox siyasi proseslərin inkişaf tendensiyasını dəqiq vaxt üzərindən müəyyən etmirlər. Dəqiq vaxt üzərindən təhlil aparanlara siyasi proqnozçular deyil, hava proqnozçuları deyirlər. Yəni sabah yağış yağacaq, üç ay sonra tufan olacaq, yeddi ay yarım sonra göy guruldayacaq, səkkiz ay üç gün sonra Günəş tutulacaq və s. Ekologiya və Təbii Sərvətlər Nazirliyi siyasətimizin canını xilas etmək naminə bütün bu cür politoloqları nədən daha faydalı işə – “proqnozotoloqluğa” cəlb etməsin? Yalnız siyasi müxalifətin özünü barışmaz hissəsi elan edənlər deyil ki politikoz xəstəliyinə tutulanlar. Neytral zonada olduğunu addımbaşı ifadə edən fərdlərin də düşüncəsinin hava proqnozçusu qəlibinə uyğun gəldiyini görəndə, bu cəmiyyəti bəşəriliyə necə uyğunlaşdıra biləcəyimizin sıxıntılarını daha çox hiss etmiş olursan.

Həbsxana ilə bağlı maraqlı bir lətifə ilə haşiyə çıxmaq olar. Biri həbsə düşür, yatıb-çıxmış dostlarından biri onu təlimatlandırır ki, hansısa artıq söz söyləməsə, işi yaxşı gedəcək, kimsə ona ilişməyəcək. Adam üç-dörd ay səsi çıxmadan cəzasını çəkir, qanuni oğrudan tutmuş digər nüfuzlu məhkumlara qədər kimsə ona dəyib-dolaşmır. Bir gün dəmir barmaqlıqlarla önü kəsilmiş pəncərə nəfəsliyinin qarşısında duraraq havanın buludlu olduğunu sezir və qəfildən uca səslə öz proqnozunu söyləyir ki, bəs bir azdan yağış yağacaq. Bir də görür ki, dörd yerdən böyrünə bıçağı dirədilər. Və bıçağı dirəyənlər də deyirlər ki, əgər bir saata yağış yağmasa içalatını çölə tökəcəyik. Bu da artıq söz danışmanın təhlükəli fəsadıdır.

“Bir ilə parlament buraxılacaq, buraxılmayacaq” proqnozunu bir tərəfə buraxıb, bəlkə “bu koronavirusdan nə xəbər?” sualını cavablandırmağa təşviq edək bu “dərin adamları?”. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı deyir ki, ilin sonuna qədər peyvənd tapılmayacaq. Bəs siz nə deyirsiniz, ey Azərbaycan müdriki, peyvəndi hansı gün, hansı saatda kəşf edəcəklər?”. Yazıq Bismark ona görə deyirdi ki, siyasətə elm kimi deyil, sənət kimi baxsanız yaxşıdır. Bu səbəbdən də Hermenevtikanın banisi Diltey də deyirdi ki, “bir-birindən daha az və ya çox görən insan yoxdur. Problem nəyisə düzgün və ya səhv görməkdədir”. Buna görə də fikir fəlsəfəsindən görmə fəlsəfəsinə qayıtmaq ümumbəşəri varlıq üçün yeganə qurtuluş yoludur. Görmə fəlsəfəsi sənətin də intellektlə deyil, intuisiya ilə anlaşıla biləcəyini ehtiva edir. Beyni rasional siyasət anlayışına ilişib qalan, bəsit intuitiv siyasət anlayışı olmayanların bu sənəti “Minotavr labirinti” içində çürüməyə məhkum etdiklərini gördüyündə, sabahın sağlam mühakiməsi olmayan cəmiyyətini bir daha təsəvvürə gətirib, vahiməyə düşürsən.

Böyük rus filosofu Berdiyayev “Rusiyanın taleyi” əsərində yazırdı ki, “siyasətdə zahiri əxlaqlılıq yersiz və dözülməzdir. Siyasətin arxasında insanın mənəvi enerjisi dayanmalıdır. Macəraçılıq prinsipi ilə qarışmış siyasətdə əxlaqçılar və radikallarda çox vaxt şəxsiyyətin əxlaqi bütövlüyü çatmır. Bu həm də cəmiyyətin xaos və anarxiya anlarında üzə çıxır. Bizdə qurban getməyə, öz həyatını ideyaya həsr etməyə qadir ayrı-ayrı qəhrəmanlar olur, ancaq inqilabçı kütlədə əxlaqi xarakter olmur”. Bu tezisləri anoloji olaraq “Azərbaycanın taleyi” üzərindən təhlil edərkən Milli Şuranın son üzə çıxan görüntüsündə zahiri əxlaqlılığın fəsadlarını bir daha proqnozlaşdırmaq imkanı əldə etdik. Əxlaqi bütövlüyü olmayan şəxslərin milli dava adlanan müqəddəsliyi küçə davası, milli şüar adlanan müqəddəs bir çağırışı küçə söyüşü səviyyəsində görə biləcəklərinin anonsunu verdilər.

Yenə də həmin Berdiyayev siyasətin hüdudlarını belə təyin edir: “Siyasətdə mütləqlik mümkün deyil. Nə teokratik, nə sosdem, nə də tolstoyçu anarxist real deyil. Ancaq mütləqlik insan ruhunun başlanğıcında, insanın müqəddəs saydığı dəyərə daxili inamında mümkündür. Siyasətin özü isə həmişə konkret və nisbidir, mürəkkəbdir. Siyasət həmişə mövcud zamanın və məkanın tarixi məsələləri ilə bağlıdır. Siyasətdə hər şey xüsusilə olur, ümumiyyətlə olmur. Siyasətdə hər şeyi prinsipin gücünə avtomatik təkrarlamaq olmaz. Bir tarixi anda yaxşı olan, digərində pis ola bilər”.

Unutmayaq ki, xalq deyilən mexaniki formasız kütlə deyil. Xalq xarakteri, şüur və iradə intizamı olan və nə istədiyini bilən orqanizmdir. Demokratiya artıq xalq xarakterini təşkil edən, şəxsiyyəti hazırlayan, özünü milli həyatda əks etdirə bilən dəyərdir. Xalqı, onu təşkil edən şəxsiyyətləri illüziyalara bağlı yığın kimi deyil, milli həyatda əks olunan dəyər kimi hazırlamaq missiyasını bu dedi-qodu mühitinin mazoxizmindən zövq alanlar anlaya bilmədiklərini hər addımda ortaya qoyur. Nə yazıq ki, mövcud tarixi şərtlərə görə bizdə xalq xarakterini demokratiya dəyəri deyil, təhlükəsizlik dəyəri şəkilləndirir. Bu da müstəqilliyin ilk illərindən miras qalan torpaq itkisindən doğan təhlükəsizlik sindromundan qaynaqlanır. Biz dini ənənəmizə görə kədərin, faciənin altında qalmağı xoşbəxt ideologiyaya çevirən bir toplumuq, onu ayaqlarımız üçün plasdarma çevirməyə qadir olan tarixi mirasa malik deyilik. Sadəcə bu təhlükəsizliyin keyfiyyəti haqlı ya da haqsız olaraq mədənin dolu, orta və ya boş olması ilə müəyyənləşir”.

Fazil Mustafa qeyd edib ki, bu xalqı demokratiyaya hazırlamaq iqtidardan daha çox müxalifətin borcu, vəzifəsi olaraq baxılmalıdır: “Çünki bir çox müxalifət təmsilçilərinin xalqa inadına dirəniş xassələrini aşılaması, ona aqressivliyi təlqin etməsi hər gün xalqı daha çox uzlaşma mədəniyyətini mənimsəməkdən uzaqlaşdırır. Düşüncələrini paylaşmadığınız bir professoru “eşşək” olaraq təsnif etmənin ardınca cümlənin qrammatik quruluşunu anlamayan, demokratiyanın “D” hərfini izah edə bilməyən sıradan bir insan məhz bu cür leksikomda uzaq başı həmin “eşşəyin quyruğu”na qədər xırdalanmış təsnifata uyğun gələcək. Elə bu kimi səbəblərdən də Sokrat sofistləri dinləyir və onların ritorikasındakı gücü etiraf edirdi, lakin həqiqətdən uzaq şeylər danışdıqlarını görüb, onlara gülməyə başlayırdı.

“Minotavr labirinti”ni hələlik bir az arxa planda tutmamız mümkündür. Hələ ki, daha yumşaq görünən və böyük qismimiz üçün təhlükəli sayılan koronavirus labirintindən millət olaraq mümkün qədər az zərərlə çıxmağımız lazımdır. Ancaq ABŞ-ın, Çinin, Rusiyanın Minotavr obrazında bu labirintin növbəti döngəsində kimləri qurban seçəcəklərini bilmirik. Üstəlik də illərdir böyür-başımızda xırda Minotavr balaları olan ermənilərin və farsların bizim üçün hazırladıqları balaca labirintlərdə ilişib qaldığımızı da unutmadan dalandan yola çıxmağı birlikdə öyrənməliyik. Bunun üçün uzlaşma və dialoq mədəniyyəti oxuduğumuz, dəyər olaraq mənimsədiyimiz tək mətn olmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp