Çernobıl əlilləri sosial təminat sistemi ilə əhatə olunublar

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Azərbaycanda digər əlilliyi olan şəxslər kimi, 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan vətəndaşların da sosial müdafiəsi istiqamətində mühüm işlər aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul edilib, həmin vətəndaşların sosial müdafiəsi işlərinin əsasları formalaşıb. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində ötən dövrdə digər əlilliyi olan şəxslər kimi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatı da ildən-ilə gücləndirilib.

Qanunvericiliyə əsasən, əlilliklərinin səbəblərinə görə həmin şəxslər “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olanlar və “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyi olanlar kimi iki qrup üzrə müəyyən ediliblər.

Hər iki qrupdan olan əlilliyi olan şəxslər əlilliyə görə aylıq müavinət (1-ci dərəcə əlilliyə görə 150 manat, 2-ci dərəcə əlilliyə görə 130 manat, 3-cü dərəcə əlilliyə görə 110 manat) və ya əlilliyə görə əmək pensiyası ilə təmin olunurlar.

Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə isə əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (1-ci dərəcə əlilliyə görə 250 manat, 2-ci dərəcə əlilliyə görə 230 manat, 3-cü dərəcə əlilliyə görə 210 manat) də verilir.

Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan şəxslərin, habelə bu kateqoriyadan olmuş və vəfat etmiş valideynlərin uşaqlarına aylıq sosial müavinət verilir.

Bundan əlavə, həm Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, həm də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olanların müalicəsi məqsədilə hər il onlara birdəfəlik müavinət ödənilir.

Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşların mənzil və minik avtomobilləri ilə təminatı da həyata keçirilib.

Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. istiqamətlərdə də müvafiq işlər aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp