Paşinyan canlı yayımda rüsvay oldu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Ermənistanda Baş nazir Nikol Paşinyanla bağlı maraqlı videoçarx ortaya çıxıb və dərhal da geniş yayılıb. Videoçarx Paşinyanın canlı efirdən xalqa müraciətindən öncə məşq etdiyi zaman çəkilmiş 15 dəqiqəlik texniki kadrlardan ibarətdir.

Publika.az Müsavat.com-a istinadla xəbər verir ki, həmin texniki kadrları İctimai Telekanalın məqsədli şəkildə, yəni “məxməri” baş naziri gözdən salmaq üçün yaydığı deyilir. Qeyd edək ki, telekanalın icraçı direktoru Marqarita Qriqoryan neçə vaxtdır Nikol Paşinyanla münaqişədədir.

İctimai TV-nin yaydığı materialda N.Paşinyan dəfələrlə öskürür, çıxışını məşq edir, butulkadan nəsə içir, həb qəbul edir və çəkiliş qrupunun üzvləri ilə söhbət edir. İnternet istifadəçiləri isə bu kadrlara musiqi və koronavirus görüntüləri əlavə edərək, baş nazirin özünün infeksiyanı yaydığı görüntüsü yaradıblar.

Texniki kadrların görüntülənməsi siyasi qalmaqala səbəb olub. Nikol Paşinyanın mətbuat katibi Mane Qriqoryan İctimai Telekanalın baş direktoruna müraciət edərək ondan “adekvat izahat” tələb edib. “Bu kadrlar efir üçün deyil”, – deyə o, etirazını bildirib və qeyd edib ki, Baş nazirin Aparatının canlı efirin 15 dəqiqə tez başlaması haqda öncədən məlumatlı olmayıb.

Ermənistan rəhbərinə yaxın telekanallar və KİV-lər isə hesab edir ki, bu vəziyyətdə qalmaqalın yeganə məntiqi sonluğu İctimai TV-nin rəhbərliyinin, özəlliklə də onun icraçı direktoru Marqarita Qriqoryanın istefası ola bilər. O da bildirilir ki, icraçı direktor uzun illər eks-prezident Serj Sərksiyana sədaqətlə qulluq edib və belə görünür ki, hələ də qulluq göstərməyə davam edir.

Bir şey aydındır: Ermənistandaxili siyasi çəkişmələr indi həm də hökumətin Erməni Apostol Kilsəsi ilə və bu günlərdə sabiq prezident Robert Köçəryana azadlıq istəyən katolikosla açıq konfrontasiyaya girdiyi zamana təsadüf edir. Belə bir məqamda Paşinyana qarşı mərkəzi dövlət televiziyasında özünü göstərən birbaşa təxribatlar baş nazirin proseslərə təsirinin zəifləməsi və ölkədəki situasiyaya getdikcə nəzarəti daha çox itirməsi kimi qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp