“Yıxılanlara uzanan əl”


İnsan dünyaya gəldiyində paklığı və müqəddəsliyi ilə Allahın mələklərini qısqandırır. Yəqin bu səbəblə də irqindən, cinsindən, milliyyətindən asılı olmayaraq dünyaya göz açan körpəni salamlamaq üçün mələklər göydən yerə enər. Lakin körpə böyük günahlarla dolu bir dünyaya göz açdığından bixəbərdir. Dünyanı günahkar adlandırıb, qınayırıq. Lakin dünyanı günah yığımına döndərən də elə bir zamanlar günahsız doğulmuş biz insanlarıq.
Günah insanın yaradılışında var. Önəmli olan odur ki, günahını görüb, təkrarlamayasan.
Dünyanın hər yerində cəmiyyət günah işlədib məhbus həyatı yaşayan insana barmaqarası baxır. Sanki onlarla ən qorxunc varlıqlar kimi davranırlar. Etiraf etmək istərdim ki, yaxın zamana qədər mən də o cür düşünürdüm və elə insanlarla məsafəli davranmağa çalışırdım. Ta o vaxta qədər ki, 15 saylı cəzaçəkmə müəssisəsində olana qədər.
Müəyən səbəblər üzündən 15 saylı cəzaçəkmə müəssisəsində saxlanılan jurnalist həmkarımın ziyarətində oldum. Doğrusu orada ağır, natəmiz, məşəqqətli bir mənzərə ilə qarşılaşacağımı düşünüb öncədən özümü psixoloji cəhətdən hazırladım. Görüşə gəldiydə isə tamamilə bunların əksi ilə qarşılaşdım. Jurnalist həmkarım ilə uzun-uzadı söhbətimiz zamanı cəzaçəkmə müəssisəsində onlar üçün olduqca yüksək səviyyəli şərait yaradıldığını öyrəndim.
Məlumdur ki, bir neçə gün bundan öncə respublikada keçirilən deputat seçkiləri zamanı böyük saxtakarlığa yol verildiyindən bir neçə seçki dairəsinin nəticələri ləğv edilib. Lakin bəhs etdiyimiz müəssisədə isə müəssisənin rəisi Şakir Qəniyev məhbusların seçkilərdə fəal iştirakı, və demokratik səsvermələri üçün olduqca yüksək bir şərait yaradıb. Jurnalist marağıma üstün gələ bilməyib, həmkarıma 15-saylı cəzaçəkmə müəssisəsinin rəisi Şakir Qəniyev haqqında suallar yağdırmağa başladım. Bildirdi ki, Şakir müəllim qısa zaman ərzində müəssisəyə rəhbərlik etməsinə baxmayaraq, çox böyük işlər görüb.
Xocalı soyqırımının ildönümü ərəfəsində həbsxana ərazisində inşa etdirdiyi “Xocalı bulağı”nin açılışını etməsi və bu məqsədlə təşkil etdirdiyi tədbir məhbusların maariflənməsinə və mənəvi dəyərlərimizə verdiyi yüksək qiymətin təzahürüdür.
Şakir Qəniyev hər bir məhbusun doğmalarından , sevdiklərindən ayrı həsrət dolu günlərinin bitməyən mənəvi acılarını insan olaraq çox dərindən anlayır. Eləcə də insan etdiklərini düşünmək üçün azadlığı əlindən alınıb, bu məkana həbs edildiyində ən çox ehtiyac duyduğu mənəvi ehtiyacı Yaradana doğru yönəlməsidir. Nəzərə alsaq ki, həbsxanada müxtəlif dinlərdən olan məhbuslar cəza cəkirlərsə, hər bir məhbus da öz, inancına uyğun ibadət məkanı axtarır. Məhz bu səbəblə də Şakir müəllim toleyran düşüncə ortaya qoymaqla həbsxana ərazisində məscid və kilsə tikdirib. Onun bu addımı həyatlarının hansı bir mərhələsində qəflətə qapılaraq günahlar etmiş məhbusların öz dünyaları ilə baş-başa qalıb, özlərini dərk etmələri zərurətini ortaya qoyur.
Həmkarım Şakir Qəniyevin təqdirəlayiq əməllərindən o qədər ürək açan fikirlər söylədi ki, şəxsən özü ilə görüşüb, müsahibə almaq istədim. Lakin reklamlardan, mikrofonlardan, süni sohrətlərdən uzaq gəzən Şakir müəllim öz vəzifə borcunu yerinə yetirdiyini və bunu böyütməyin bir mənası olmadığını bildirib, məhbuslar üçün etdiyi gözəl işlərdən danışmaqdan boyun qaçırtdı. O boyun qaçırtsa da, gördüyü işləri haqqında xoş olan fikirləri formalaşmasına əngəl ola bilmədi. Özlüyümüzdə düşündük ki, heç bir insan həyatın gözlənilməz sürprizlərindən sığortalanmayıb. Heç gözləmədiyimiz bir anda ayağımız büdrəyib “yıxıla” bilərik. Əsası odur ki, yıxılan insanlara təkan verib, yenidən ayağa qalxmağa uzanan güclü əl və həyatı dəyərli yaşamağa inandıran müdrik bir düşüncə olsun. Biz əminik ki, Şakir Qəniyev rəhbərlik etdiyi cəzaçəkmə müəssisəsində insanların ona tərəf uzanan əllərindən tutub, doğru yola yönəldəcək səbrə, məntiqə və qəlbə sahib bir insandır.
Allah yar və yardımçısı olsun.
Baş Redaktor Cavid Süleymanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp