“KUKLAOYNADANLARDAN QURTULMUŞUQ…” – Milyarder Fərhad Əhmədov iqtidara “yol xəritəsi” təklif edir!

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“MSK buraxılsın, Seçki Məcəlləsinə yenidən baxılsın…”

Azərbaycanlı milyarder, tanınmış iş adamı Fərhad Əhmədov, nə qədər qəribə səslənsə də, özünün “feysbuk” səhifəsində Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisinə dair “yol xəritəsilə” çıxış edib.

“AzPolitika.info” xəbər verir ki, kifayət qədər böyük həcmli yazıda F.Əhmədov əvvəlcə Azərbaycanın siyasi arenasındakı mövcud durumu təhlil etməyə çalışıb. Həm siyasi hakimiyyətin, həm də müxalifətin ünvanına tənqidi fikirlərin yer aldığı təhlildə göstərilir ki, son parlamentin tərkibində hakimiyyətdəki qruplaşmaların “cib deputatları” ilə yanaşı təsadüfi adamlar və islahatlarla ayaqlaşa bilməyən şəxslər olub. Və buna görə də parlamentin ciddi keyfiyyət dəyişikliyinə, deməli yeni seçkiyə ehtiyac vardı: “Boz kardinallar və hakimiyyətə yaxın dairələrin orada özlərinin “cib deputatları” vardı. Ona görə də başa düşürəm ki, bu ekipajla uzağa və hündürdən uçmaq təhlükəlidir. Deputat korpusunun keyfiyyət baxımından yenilənməsi lazımdır. İndi “kuklaoynadanlardan” qurtulmuşuq…” 

Daha sonra ölkədə əsl konstruktiv müxalifətin mövcudluğunun vacibliyindən söz açan F.Əhmədov, Azərbaycanda belə bir müxalifətin olmadığını iddia edir. Hakimiyyətin bir neçə deputatı parlamentə “konstruktiv müxalifət” adı altında yerləşdirməsinin isə lazımi effekt vermədiyini bildirir.

Milyarder hesab edir ki, Azərbaycanda real müxalifət yoxdur və bu, daha çox neqativ nəticələr doğurur: “Formal şəkildə mövcud olan müxalifət hakim partiyanın filialıdır və bu halda alternativ xəttin hazırlanmasına çalışmır…”

Müxalifətin digər hissəsinin isə hakimiyyətlə sərt qarşıdurmada olduğunu yazan F.Əhmədov onun da ciddi perspektivlərini görmədiyini qeyd edir və təklif edir ki, yeni növbədənkənar seçkidə daha çox müstəqil namizədlərin parlamentdə təmsil olunmasına şərait yaradılsın. Milyarder hesab edir ki, məhz həmin müstəqil namizədlər gələcək əsl “konstruktiv müxalifətin” özəyini təşkil edə bilər.

Daha sonra konkret təkliflər irəli sürən iş adamı öz “yol xəritəsində” növbədənkənar seçkilə bağlı “mütləq atılmalı olan” addımları sadalayır. Bu addımların başında Mərkəzi Seçki Komissiyasının buraxılması və Seçki Məcəlləsinə kardinal dəyişikliklər edilməsi, xaricdə yaşayan və lobbiçilik fəaliyyətilə məşğul olan azərbaycanlıların seçkidə iştirakını təmin edəcək müddəaların qanuna daxil edilməsi kimi təkliflər var: “Mərkəzi Seçki Komissiyasını buraxmaq və yenidən formalaşdırmaq, bu orqanın rəhbərliyinə yeni nəslə aid idarəçi gətirmək; rayon seçki komissiyalarını yenidən formalaşdırmaq; seçki haqqında qanuna yenidən baxmaq; seçkini proporsional sistem üzrə keçirmək…”

 

 

Hətta milyarder bir qədər də uzağa gedərək hakim YAP-ı SSRİ Kommunist Partiyasına bənzədərək, bu təşkilatda da dəyişikliklərin zəruri olduğunu bildirir: “YAP-ın aparatını yenidən formalaşdırmaq, Kommunist Partiyasının kollektiv üzvlük modelindən, artıq kadr yükündən, cəmiyyətlə işdə formal-plakat üslubundan uzaqlaşmaq… Partiyanın orientasiyasını parlamentdə mütləq yox, adi çoxluğu təmin etməyə yönəltmək”(!?).

Daha sonra F.Əhmədov xaricdə yaşayan diaspora üzvlərinin lobbiçilik imkanlarından və təcrübələrindən yararlanmağın vacib olduğunu və bu şəxslərin prosesə qatılması üçün vətəndaşlıq haqqında qanuna və Seçki Məcəlləsinə dəyişikliklər edilməsinin vacibliyini önə çəkir. Belə qənaətə gəlmək olur ki, bütün bu “yol xəritəsinin” əsas qayəsi də məhz elə bu müddəanın üzərində formalaşır…

Milyarderin paylaşdığı “yol xəritəsinin” nəticə hissəsində isə bildirilir ki, növbədənkənar seçkilər şəffaf şəkildə keçirilməli və saxtakarlığa yol verilməməlidir: “Bu kontekstdə konstruktiv müxalifətin seçkiyə və qanunverici hakimiyyətin sonrakı fəaliyyətinə cəlb edilməsi onun strateji islahatların mexanizminə inteqrasiyasını təmin edə bilər.”

İndiyə kimi Azərbaycanda elə bir ciddi siyasi aktivliyi ilə seçilməyən Fərhad Əhmədovun birdən-birə olduqca geniş və əhatəli, siyasi cəhətdən kifayət qədər yetkin şəkildə hazırlanan sənədlə çıxış etməsi ən azı təəccüb doğurur.

Bu “yol xəritəsindəki” bir çox müddəalar isə milyarderin şəxsən özünün, yaxud onun dəstəkləyəcəyi qüvvənin yeni parlamentdə təmsil olunması istəyinə dair rəy yaradır. Bunu konstruktiv müxalifətin yaranmasının vacibliyi və xaricdəki diaspor nümayəndələrinin gələcək parlamentdə təmsilçiliyinin təmin olunması üçün qanunvericiliyə dəyişikliklər edilməsinin zəruriliyinə aid müddəalar açıq şəkildə ortaya qoyur. 

Nəinki müxalifəti, hakimiyyəti də açıq şəkildə hədəfə alması, tənqid etməsi və özünün doğru hesab etdiyi çıxış yollarını göstərməsi isə milyarderin niyyətinin kifayət qədər ciddi olmasından xəbər verir…bia.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir