Bir qadının başını bədəndən ayıracaqsa, oğlum…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Leyla Sarabi

Əslində heç bir nağıl körpə insan qəlbi üçün biçilmir. Gələcəyi üşüməsin deyə uşaqların əllərinə geyindirdiyimiz yun kitablar bəxti don vurmuş biçarələrin həyat təcrübəsi adlı ağrıdır.

Mən cizgi filminə baxıb ağlayıramsa, mərhəmət vulkanı deyiləm. Demək tanrı həyatımın ən ağır cizgilərini animasiyaya düzüb boynuma taxır.

Şübhəsiz insan bütün qorxu, dəhşət filmlərinin baş qəhrəmanına çevriləndən sonra nağıllara köçməlidir.

Etiraf edirəm, uşaq ikən baxdığım bir cizgi təfəkkürümü çökərtmişdi. Aborigen ananın ayağı boyda oğulları böyüyür. Bir gün ana xəstə düşür. Nadan tifillərin heç biri yatağına yaxın durmayıb meşədə quş uçurdur. Zavallı qadın Zümrüd olub göyə köçür. Vicdansız özündən törəyən 5 yetimi gözü yaşlı qoyub geri dönmür.

Bir gün oğlumun etinasızlığına belə ağır cəza verəcəyəmsə, tanrı məni quş yox, elə daş eləsin. Yox, əgər ki, 1 tikə suya möhtac insanı üzü üstə qoyub qaçan oğul böyüdəcəmsə, baş daşıma tənha quşlar da ağlamasın. Başı daşdan bilib bir qadının bədənindən ayıracaqsa oğlum, sinəsinə taxdığım buz ürəyi nəfəsimlə isitməmişəm vaxtında. Mən də tanrı kimi səma türməsində tək qalmağa məhkumam.

Hətta özü hakim, özü cani tanrı belə bir gün tənhalığından yorulub yerə enir. Qoca Karlonun cisminə bürünüb, odundan insan yapır. Burnunu da yalanlarımız kimi uzadır.

Ah beyni ağac, duyğuları taxta, Buratino… Qana batmaq ehtirasın yoxdur deyə indi bütün ümid sənədir. Tapdığın qızıl açarı çoxumuz tabut açmaq üçün əlimizə almışıq.

Amma indi vəziyyət də dəyişib. Uşaqlar çiyinlərində mələk yerinə daşla doğulur. Hüzünlü fraqmentlərdən yorğun-yorğun qaçır. Qoğalın tülküyə yem olmağına qəlbi razı olmur. Ovcu ilə ağzımızı yumub, özündən uydurur son cümləni. Divin boynuna daş asıb çayda boğmur Cırtdan, analığı yetim Fatmaya ana olur, qardaşları Məlikməmmədi ölüm qorxusu qədər sevir.

Bəlkə də Papa Karlo yenə yerdə gəzir. Hər uşağın yerinə bir ağac əkir. Ətdən, qandan olanların kökün kəsir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir