İnsan niyə affekt vəziyyətinə düşür?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Affekt emosiya deməkdir. İnsanı coşqun və sürətli qaplayan, eyni zamanda, nisbətən qısamüddətli partlayış səciyyəsi daşıyan emosional prosesdir. Məsələn, qəzəb, qorxu, hiddət bu qəbildəndir. Bu növ affektlər fizioloji affekt adlanır və psixikanın xəstəliyinə aid deyil.

Bu barədə Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmlər doktoru Zəfər Əliyev məlumat verib.

Professor bildirib ki, affektin fizioloji və patoloji növləri var: Fizioloji affekt psixi xəstəliklə əlaqəsi olmayan, xəstəlik xarakteri daşımayan emosional vəziyyətdir. Patoloji affekti fizioloji affektdən fərqləndirən başlıca əlamət birincidə düşüncənin dərin pozulmasıdır. Fizioloji affekt zamanı şəxs törətdiyi hərəkətləri dərk edir, amma bu zaman öz hərəkətlərinə nəzarət və onları idarə etmək qabiliyyəti zəifləyir. Fizioloji affekt vaxtı hadisələrin bəzi detalları unudulur. Beləliklə, fizioloji affekt insanın düşüncəsində pozuntu yaranmasa da, onu qismən dəyişir. Affektin yaranmasının iki əsas səbəbinin olduğu ehtimal edilir. Birinci səbəb affektin yaranması üçün affektogen şəraitin olmasıdır. Yəni, affekt vəziyyəti zorakılığa, təhqirə, qorxuya, real təhlükəyə qarşı yaranır. İkinci səbəbə insanın fərdi-psixoloji xüsusiyyətləri, yəni, sinir sisteminin tipi və əsas xassələri, müvəqqəti psixofiziki hallar, yorğunluq, yuxusuzluq və s. aiddir.

Z.Əliyevin sözlərinə görə, patoloji affekt zamanı çox təhlükəli cinayətlər törədilir və bu vəziyyətdə cinayət törədən şəxs anlaqsız hesab edilir. Başqa sözlə, cinayət məsuliyyətindən azad olunur. Həmin şəxslər haqqında məhkəmə məcburi müalicə qərarı çıxarır.

Mütəxəssis bildirib ki, patoloji affekt təhlükəli olsa da, məhkəmə psixiatriyasında çox az rast gəlinir.(Azərtac)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir