Primakovla bağlı sərgi hiddət doğurdu – Bakı Slavyan Universiteti də ona “qucaq açıb”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Oktyabrın 29-da Rusiyanın ictimai-siyasi xadimi Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş sərgi keçirilib.

Bu, Azərbaycan ictimaiyyətində narazılıqla qarşılanıb. Etirazın mahiyyəti isə yaxın tarixin unudulmaması və Y.Primakovun Azərbaycan xalqının yaddaşında buraxdığı izlə bağlıdır.

Y.Primakov Azərbaycan ictimai-siyasi dairələrində birmənalı qarşılanmır, o, daha çox mənfi obrazlı şəxs kimi yaddaşlarda qalıb.

Sərgi Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində keçirilib. Sərgidə Rusiya Xarici İşlər Nazirliyinin arxivindən sənədlər və fotoşəkillər təqdim olunub.

Sərgi “Yevgeni Primakov: İnsan və siyasətçi” adı ilə təqdim edilib.

Y.Primakov Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru (1991-1996), Xarici İşlər naziri (1996-1998) və Baş nazir (1998-1999) işləyib. O, 2015-ci ildə vəfat edib.

Y.Primakov 1990-cı ilin 20 Yanvarında Bakıya sovet qoşunlarının yeridilməsini SSRİ Müdafiə naziri Yazovla birgə həyata keçirən şəxsdir.

Azərbaycan ictimaiyyətində əsas narazılıq yaradan da Y.Primakovun 20 Yanvar qırğınının əsas təşkilatçılarından biri olmasıdır. Y.Primakov 1990-cı ilin yanvarında Kremlin Azərbaycanda nümayəndəsi idi.

Sərgidən bir neçə gün öncə isə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Y.Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı esse müsabiqəsi keçirilib.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov oktyabrın 15-də esse müsabiqəsinin qalibi olmuş tələbələri – Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalovanı qəbul edib.

Həmin tələbələr Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültələrində təhsil alırlar.

Görüşdə universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev də iştirak ediblər. Aygül Mirzoyeva esse müsabiqəsində birinci yerə layiq görülüb.

Bakı Slavyan Universitetinin də Primakova “qucaq açması” hiddət doğurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir