Saatlıdan Bakıya yalan məlumat ötürülür… – “Başçı ilə görüşmək istəsəm də, qəbul etmədi”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Sağlamlığım, psixi durumum yerində, əmək fəaliyyəti ilə məşğul olmağım üçün heç bir fiziki, psixi əngəlim yoxdur, normal insanam, illərlə başqa ölkədə işləyib, gətirib balalarımı saxlamışam. Ancaq rayona qayıdandan iş tapa bilmirəm. Məmurlar prezidenti aldadırlar ki, Saatlıda minlərlə iş yeri açılıb, işsiz qalmayıb. Saatlıya gəlsəniz, mən sizi minlərlə işsizlə tanış edərəm, hansı ki, mənim kimi, iş üçün burunlarının ucu göynəyir”.

DİA.AZ bildirir ki, Saatlı rayonu, Saatlı 2 qəsəbəsində yaşayan Kənan Abbasov işsizlikdən gileylənir. İllərlə Rusiyada “Qazel” makralı şəxsi yük maşınıyla yük daşımaqla məşğul olub, ailəsini dolandırıb. Bu ilin iyulunda sənədlərindəki çatışmazlıqlara görə Rusiyadan deport olunub. Rayona qayıdandan vacib məsələ olan işsizliyi hələ də həll edə bilməyib. Bu isə onun ailə durumuna mənfi təsir göstərir.

“Uşaqlardan birinin 8, digərinin 10 yaşı var. Onları məktəbə yaxşı adamların yardımıyla göndərdim. Biri ayaqqabısını aldı, biri paltarını, biri çantasını… Uşaqlar axşamdan necə ac yatırlarsa, səhər yuxudan oyanıb məktəbə ac gedirlər. Vaxtilə Rusiyada qazanıb ailəmi saxlayırdım, indi süfrəyə qoymağa bir parça çörəyim yoxdur. Balaca evi Rusiyada işləyib qazandığım pulla tikdim, ancaq sonradan gəlib burda işsiz qaldım deyə, hər işim kimi, evimin işləri də yarımçıq qaldı. Uşaqlar xəstələnir, dərman almağa pul tapmırıq. İş üçün rayonda müraciət etmədiyim idarə, qurum qalmayıb”, – Kənan Abbasov deyir.

Onun sözlərinə görə, əlindən sürücülük, qaynaq, rəngsaz, suvaq işləri gəlir. Məşğulluq Mərkəzinə və icra hakimiyyətinə iş üçün etdiyi müraciətlərinə müsbət cavab almayanda Bakıya – Prezident Administrasiyasına üz tutub: “Səhv etmirəmsə, oktyabrın 12-si idi, uşaqları da yığıb getdim Bakıya, Prezident Administrasiyasında məni bir xanım qəbul etdi, dedi, bura niyə gəlmisən, burda iş paylamırlar, qayıt rayona, icra hakimiyyətinin başçısına tapşıracağıq, sənə iş verəcəklər. Rayona qayıdan kimi birinci icra hakimiyyətinə getdim, başçı ilə görüşmək istəsəm də, qəbul etmədi. Dedim, məni başçının qəbuluna buraxın, o boyda Prezident Administrasiyası tapşırıb ki, başçı mənə iş versin, niyə yanına buraxmırsız? Güldülər, dedilər, sən yenə Məşğulluq Mərkəzinə müraciət elə, başçıda iş yoxdur”.

Kənan Abbasovun deməsinə görə, iki həftədir ki, Məşğulluq Mərkəzinə müraciət edib. Ona bildirilib ki, əziyyət çəkib mərkəzə gəlməsin, iş olanda özləri zəng vurub məlumat verəcəklər. Kənan Abbasov da iki həftə ərzində zəng gözlədikdən sonra oktyabrın 29-da yenə Məşğulluq Mərkəzinə gedib: “Qapıdan girəndə də soruşurlar, sən yenə gəldin? Sənə dedik axı, otur evdə, uyğun iş olanda zəng vurub xəbər edəcəyik. İş orasındadır ki, hara iş üçün gedirsən, deyirlər, get, otur evdə… Hamı evə yola salır. Başa sala da bilmirsən ki, evdə bir dişlək çörək yoxdur, mən ora əliboş necə qayıdım? İş verin, işləyim, heç olmasa bir qarın çörəyin pulunu qazanım, tifillərim acından ölməsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir