Fuad Qəhrəmanlının istefası AXCP-də kimə sərf edir?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ailəsinə qarşı zorakılığı qızı tərəfindən gündəmə gətirildikdən sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlı partiyada tutduğu postdan istefa verdi. O, əvvəlcə qızı Selcan Yağmurun sosial şəbəkə hesabında açıqladığı faktları təkzib etdi və qızının profilinin oğurlandığını iddia etdi. Lakin S.Yağmur canlı yayıma çıxaraq, bunun doğru olmadığını bildirdi. Daha sonra F.Qəhrəmanlı ortaya çıxan faktların 4-5 il öncə baş verdiyini, qızının məsələyə emosional yanaşdığı iddia etməklə xilas olmağa çalışdı, hərçənd, bunun da doğru olmadığı və ailəsinə qarşı törətdiyi fiziki təzyiqin fotofaktı ortaya çıxdı. Nəticədə Qəhrəmanlı istefa verməyə məcbur oldu, lakin bu məcburiyyətin təkcə gerçək mahiyyətinin ictimaiyyətləşməsindən yox, həm də partiya rəhbərliyinin istəyindən irəli gəldiyi görünür.

Qəhrəmanlının açıqlamasında “AXCP-yə ziyan dəyməməsi” qeydi də istefa qərarını “liderim” dediyi Əli Kərimli ilə müzakirələrdən və ikincinin tövsiyəsindən sonra verdiyini təsdiqləyir.

Fuad Qəhrəmanlının sədr müavinliyindən istefası AXCP-də kimə sərf edir?

Cavab birmanlı olaraq Əli Kərimlidir və burada üç məqam önə çıxır.

Birincisi, Əli Kərimli özünün də adının hallandığı məsələni bununla gündəmdən çıxarmaq və diqqəti 28 sentyabr mitinqinə kökləmək istəyir.

İkincisi, o, Qəhrəmanlının istefasını “ictimai rəylə hesablaşmaq” və “istefa nümunəsi” təbliğatının vasitəsinə çevirəcək.

Üçüncüsü, AXCP-də sədrliyə əsas iddiaçı və Əli Kərimlinin Əbülfəz Elçibəyə qarşı gözdənsalma kampaniyası ilə ələ keçirdiyi postuna ən böyük rəqib sıradan çıxdı.

AXCP-də post-Kərimli dövrünün əsas fiqurunun Fuad Qəhrəmanlı olduğuna dair müxtəlif informasiyaların yayılması yeni deyil. Hətta Qəhrəmanlının sədrliyə gedə yolda ona maneə olanları bir-bir təmizlədiyi iddiaları da var idi. 2014-2015-ci illərdə AXCP-dən kütləvi istefalar və üzvlükdən çıxarılmalar baş verdi. Partiya sıralarından çıxarılanlar rəhbərliyi ittiham edir, istefa verənlər açıqlamaq istəmədikləri hansısa oyunlara işarə vururdu. Partiyanın Nərimanov şöbəsinin təşkilati məsələlər üzrə şöbə müdiri Ağaşirin Tanrıverdioğlu 2015-ci ilin may ayında mətbuata açıqlamasında bildirirdi ki, bu oyunların başında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı durur.

Söz-söhbətlər gedir ki, AXCP-nin gələcəkdə rəhbərliyində Fuad bəy özünü görür. Əli Kərimlidən sonra. Gələcəkdə ona qarşı tənqidi fikir deyə biləcək şəxslər indidən partiyadan xaric olunur. Bu fikirlər təkcə bizim haqqımızda deyil. Artıq haqq sözünü deyən üzvlərlə bağlı Fuad bəy tərəfindən şöbələrə məlumat verilib. Gələcəkdə hətta Əli Kərimliyə güc göstərib, partiyanı götürmək üçün”, – partiya funksioneri qeyd edirdi.

Həmin dövrdə F.Qəhrəmanlının partiyanın Bakı şəhəri üzrə bir sıra rayonlarında ciddi “təmizləmələr” apardığı haqda da məlumatlar var idi. Əli Kərimli bu prosesi özünə qarşı təhlükə görürdü və F.Qəhrəmanlının zərərsizləşdirilməsinin yeganə yolu kimi onun həbs olunmasına zəmin yaratmağı seçdi.

2015-ci il Nardaran hadisələri zamanı dövlətə qarşı ekstremist çağırışlar etmək missiyasının F.Qəhrəmanlının üzərinə qoyulması buna hesablanmışdı. Nardaranda Azərbaycanın konstitusiya quruluşunun devrilməsinə cəhd ediləndə AXCP eskremistləri dəstəklədi, hərçənd, açıq çağırışları partiya sədri olan Əli Kərimli yox, məhz müavini F.Qəhrəmanlı edirdi. İxtisasca hüquqşünas olan Əli Kərimli Qəhrəmanlının belə çağırışlarla qanunları pozduğunu yaxşı bilirdi və bu missiyanı ona tapşırmaqla məsuliyyətə cəlb olunmasına zəmin yaratdı. Beləliklə, əsas rəqib ofsayda düşdü.

Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı sərəncamla adı əfv olunanlar siyahısına düşən F.Qəhrəmanlı partiyadakı postunda aktiv fəaliyyətə başlaması Əli Kərimli üçün “təhlükə zəngini” yenidən çaldırdı.

Və belə görünür ki, Qəhrəmanlının qızının ictimaiyyətləşdirdiyi zorakılıq məsələsi Əli Kərimli üçün əla fürsət oldu. Nəticə ortadadır, Qəhrəmanlı postundan istefa verdi və bundan sonra nə partiya daxilində, nə də cəmiyyətdə siyasi profili qəbul edilməyəcək.

Bu prosesdə ən çox diqqət çəkən məqamlardan biri cəbhəçilərin sosial şəbəkədə Qəhrəmanlının qızına – Selcan Yağmura qarşı ittihamları idi: narkoman, mental xəstə, yalançı, histerik, yararsız övlad və s. AXCP-nin sıravi üzvündən tutmuş, funksionerlərinə qədər hər kəs Qəhrəmanlının qızının üzərinə yeridi. Halbuki, qızın atasının AXCP-də sədr müavini olmasını, yaxud, ən azından partiyadaş olmalarını nəzərə ala bilərdilər. Və bəlkə də AXCP-dən belə hücumların edilməsi hadisənin doğurduğu rezonansı daha da böyütdü. Bu detal Əli Kərimlinin Qəhrəmanlının istefa verməsini şərtləndirmək üçün məsələni qızışdırmaqda maraqlı olduğu ehtimalını gücləndirir.

Əli Kərimli üçün Qəhrəmanlı təhlükəsi sıradan çıxdı, hərçənd, partiya daxilində Seymur Həzini potensial sədr kimi görənlərin olduğu və onun reytinqinin yüksəldiyi haqda məlumatlar dolaşır.

Asif Nərimanlı


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir