Millimiz Avropa çempionatına qələbə ilə başladı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Avqustun 23-də qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi Avropa çempionatında ilk görüşünü keçirib.

Publika.az xəbər verir ki, C qrupunda mübarizə aparan millimiz Macarıstanın paytaxtı Budapeştdə Xorvatiya yığması ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş Azərbaycan millisinin 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15) hesablı qələbəsi ilə yekunlaşıb.

Voleybolçularımız növbəti görüşünü avqustun 25-də Hollandiya millisinə qarşı keçirəcəklər. Ertəsi gün Macarıstan–Azərbaycan, ayın 28-də isə Azərbaycan–Estoniya görüşləri oynanılacaq. Yığmamız qrupda sonuncu oyununu avqustun 29-da Rumıniyaya qarşı keçirəcək.

C qrupunun oyunları Budapeştdə təşkil olunacaq.

Azərbaycan millisinin heyətində Yana Əzimova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Olena Həsənova, Kseniya Pavlenko, Mariya Kirilyuk, Anastasiya Qurbanova, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova və Bəyaz Əliyeva yer alıblar.


Millimiz Avropa çempionatlarında 2005-ci ildə debüt edib. Xorvatiyada təşkil olunan qitə birinciliyində Azərbaycan millisi dördüncü olub. Səkkizinci dəfə Avropa çempionatında gücünü sınayacaq yığmamız mükafatçılar sırasına düşə bilməyib.

Qadınların yarışında final matçı Türkiyədə, kişilərin mübarizəsində isə həlledici qarşılaşma Fransada təşkil olunacaq.

Xatırladaq ki, iki il əvvəl Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıblar.

Çempionata sentyabrın 8-də yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir