Tuskdan İrəvanda Ermənistana Qarabağ ZƏRBƏSİ: müxalifət niyə məyus oldu?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk regiona səfəri və verilən bəyanatlar bir sıra aspektdən diqqət çəkdi.

Tusk əvvəlcə Bakıya gəldi, daha sonra İrəvana səfər etdi. Bu, Avropa İttifaqı üçün regionda daha çox əhəmiyyət kəsb edən ölkənin məhz Azərbaycan olduğunu təsdiqləyir.

Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin inkişafı, yeni saziş üzərində aparılan işlər Bakı səfərində bir daha gündəmə gəldi.

Prezident İlham Əliyev bəyan etdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhuna və qarşılıqlı dəstəyə əsaslanır: “Biz yeni sazişlə bağlı Avropa Komissiyası ilə Azərbaycan arasında davam edən danışıqları müzakirə etdik. Danışıqların perspektivləri ilə bağlı fikirlərimizi ifadə etdik. Danışıqlar uğurla davam edir. Bir çox məsələlər artıq öz həllini tapıb. Hazırda biz yaxşı tərəfdaşlıq ruhunda digər məsələlər üzərində iş aparırıq”.

Donald Tusk da təsdiqlədi ki, Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir.

Tuskun Bakı səfəri Aİ-nin Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini və yeni sazişin yaxın gələcəkdə reallaşacağını göstərdi. Ən maraqlı məqam isə D.Tuskun Bakıda və İrəvanda Dağlıq Qarabağla bağlı açıqlamaları idi.

Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”.

Tusk bu sözləri Bakıda Prezident İlham Əliyevlə görüşdə bəyan etdi.

Bu, həm Ermənistana, həm də “Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmədiyi üçün yeni sazişin imzalanması uzanır” iddialarına tutarlı cavab idi.

Bu iddia Avropada “siyasi mühacir” adı altında Azərbaycana qarşı çıxanlar tərəfindən ortaya atıldı, müxalifət, konkret olaraq, Milli Şura tərəfindən tirajlandı və məqsəd Aİ-Azərbaycan əlaqələri ilə bağlı cəmiyyətdə “şübhə toxumu” səpmək idi. Eyni iddia Ermənistan mediası tərəfindən də sürətli şəkildə tirajlanır. Hadisələrin inkişafı və analizi təsdiqləyir ki, Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşması, Ermənistana sərf etmədiyi kimi, regiondakı bəlli qüvvələrə və onların daxili uzantısı olanlara da yaramır. “Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmir” iddiaları da buradan qaynaqlanırdı. (Oxu – Qarabağ masasından Bakı küçələrinə qədər…–Qlobal mafiyanın Azərbaycana qarşı oyunu).

Donald Tusk Bakıda verdiyi bəyanatlarla bu iddiaların arxasında gizlənən niyyətləri yenidən təsdiqləmiş oldu.

Avropa İttifaqı Şurasının prezidenti Bakıdan sonra İrəvana səfər etdi və orada Ermənistanın arzularını puça çıxardı.

Paşinyanla görüşdə Tusk bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır. Lakin o, İrəvanın əsas tezisi olan “öz müqəddəratını təyinetmə” prinsipinə toxunmadı, ümumiyyətlə, Aİ-nin Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyin əksinə heç bir ifadə işlətmədi.

Bu, Ermənistanda ciddi məyusluq yaratmaqla yanaşı, İrəvan rəhbərliyinə qarşı narazılığa da səbəb olub.

“Ayaks” analitik mərkəzinin direktoru Anna Karapetyan bildirib ki, Tuskun Bakıda Azərbaycan Prezidenti ilə görüşdə Azərbaycanın ərazi bütövlüyüyünü dəstəklədiklərini bəyan etməsi, İrəvanda isə “öz müqəddəratını təyinetmə” haqda danışmaması narahatedicidir.

Əgər Azərbaycan Avropa İttifaqı ilə yeni saziş imzalamaq mərhələsində olmasaydı, bu, elə də narahatlıq doğurmazdı. Lakin rəsmi Bakı yeni sənədə ərazi bütövlüyü prinsipinin daxil edilməsi istiqamətində çalışır. Avropa İttifaqının İspaniyada Kataloniyanın müstəqilliyinə qarşı çıxması da Azərbaycan üçün əlverişli şərait yaradır. Ermənistanda isə belə təəssürat yaranır ki, indiki hakimiyyət Avropa İttifaqının ölkədə aparılan məhkəmə islahatlarına dəstək verməsi üzərində daha çox dayanır. İmkan vermək olmaz ki, bu, digər məsələlərdə, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında hakimiyyətimizin Avropa İttifaqının təşəbbüslərini, atdığı addımlarını görməzdən gəlməsinə səbəb olsun”, – deyə erməni ekspert vurğulayıb.

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin “sözçüsü” David Babayan Tuskun bəyanatından məyus olduqlarını açıq şəkildə etiraf edib.

Donald Tusk Bakı səfəri və verdiyi bəyanatlarla erməniləri də, Azərbaycan müxalifətini də məyus etdi. Hərçənd, ölkə müxalifəti ilə bu ölkənin torpaqlarını işğal edənləri yanaşı qoymaq istəməzdik, lakin Azərbaycana eyni mövqedən yanaşmaları buna zəmin yaradır…

Asif Nərimanlı


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir