“Minsk 2019”: Azərbaycan ilk qızıl medalı qazandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İyunun 26-da sərbəst güləşçimiz Mahir Əmiraslanov ikinci Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırıb.

Publika.az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan gənc pəhləvanımız finalda serbiyalı Stevan Misiçi 9:1 hesabı ilə məğlub edərək “Minsk 2019” ikinci Avropa Oyunlarının çempionu olub.

İdmançımız bu qələbə sayəsində ikinci Avropa Oyunlarında Azərbaycan yığmasının aktivinə ilk qızıl medalı yazdırıb. Hazırda yığmamızın hesabında 1 qızıl, 4 gümüş və 7 bürünc medal var.

Xatırladaq ki, M.Əmiraslanov (57 kq) səkkizdəbir finalda bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gələrək dörddəbir finala vəsiqə qazanıb. Dörddəbir finalda Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovu 4:0 hesabı ilə məğlubiyyətə uğradan güləşçimiz yarımfinalda Rusiya idmançısı Zavur Uquyev ilə qarşılaşıb. Yarımfinal görüşündə M.Əmiraslanov hesabda geri düşməsinə baxmayaraq, yüksək əzmkarlıq göstərərək görüşü qələbə ilə başa vurub – 3:2.

Qeyd edək ki, 22 yaşlı Mahir Əmiraslanov bu ilin aprelində Rumıniyada keçirilən Avropa çempionatında bürünc medala sahib olub.

***

19:40

Azərbaycan sərbəst güləşçisi Nurməhəmməd Hacıyev “Minsk 2019” II Avropa Oyunlarında finala yüksəlib.

97 kq çəki dərəcəsində yer alan pəhləvan yarımfinalda Ukrayna təmsilçisi Murazi Mçedlidzeyə qalib gəlib – 7:0.

***

19:22

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev “Minsk 2019” II Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.


Rəqib Ukrayna təmsilçisi Hor Ohanesyan olub.

Görüşün ilk yarısı Ohanesyanın üstünlüyü ilə tamamlanıb.

İkinci hissədə isə Əliyev 4 xal alaraq, önə çıxıb. Rəqib etirazla 1 xal alaraq, görüşü 4:4 hesablı heç-heçə ilə tamamlasa da, Azərbaycan təmsilçisi fəal güləşməsi səbəbindən qalib olub.

Finalda Əliyevin rəqibi Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili olacaq. Görüş iyunun 27-də keçiriləcək.

***

19:02

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışları davam edir.

Bu gün “Uruçye Arena”da 1/4 final mərhələsinin döyüşləri keçirilir.

Azərbaycan yığmasının boksçusu Lorenzo Sotomayor da növbəti döyüşünə çıxıb. 69 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçısı kosovolu Patriot Behrami ilə qarşılaşıb.

Təmsilçimiz rəqibinə 5:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. L.Sotomayor bununla da özü üçün II Avropa Oyunlarının ən azı bürünc medalını təmin edib.

2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qalibi olan boksçumuz yarımfinalda Pat Makkormakla (Böyük Britaniya) görüşəcək. L.Sotomayorun növbəti döyüşü iyunun 28-də baş tutacaq.

Qeyd edək ki, bu gün daha iki boksçumuz 1/4 finalda qüvvəsini sınayacaq. Cavid Çələbiyev (60 kq) və Alfonso Dominqes (81 kq) yarımfinala vəsiqə və mükafatın təmin olunması üçün mübarizə aparacaq (Report).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir