“Minsk 2019”: Azərbaycan badmintonçusu 1/8 finala yüksəldi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Minsk 2019” II Avropa Oyunlarında çıxış edən Azərbaycan badmintonçusu Ezmi Qovimuramadhoni 1/8 finala yüksəlib.

Bu, kişilərin fərdi mübarizəsində qrup mərhələsinin II turunun qarşılaşmalarından sonra məlum olub.

Qovimuramadhoni G qrupunda ikinci matçında lüksemburqlu Robert Mannı üstələyib.

O, görüşün taleyini iki setdə həll edib – 2:0 (21:15, 21:18). Bu qələbə azərbaycanlı idmançıya 1/8 finala vəsiqə qazandırıb.

Turnirin reqlamentinə əsasən, qrup mərhələsində ilk 2 yeri tutan badmintonçu 1/8 final mərhələsinə vəsiqə qazanır. Hərəyə iki qələbə qazanan E.Qovimuramadhoni və Rusiya idmançısı Vladimir Malkov rəqibləri üçün əlçatmaz olub.

Qeyd edək ki, 1/8 finala vəsiqəni təmin edən badmintonçular sabah keçiriləcək son turda üz-üzə gələcəklər. Əlavə göstəricilərə görə lider olan təmsilçimiz mövqeyini qorumaq üçün qalib gəlməlidir.

***

“Minsk 2019” ikinci Avropa Oyunlarının boks yarışlarında dörddəbir finalda mübarizə aparan Rufət Hüseynov (49 kq) italiyalı Federiko Serra ilə qarşılaşıb.

Görüşdə 0:5 hesabı ilə uduzan boksçumuz “Minsk 2019”da mübarizəni dayandırıb.

Dəri əlcək ustası səkkizdəbir finalda İsrail təmsilçisi David Alaverdiyanı 4:0 hesabı ilə məğlubiyyətə uğratmışdı.


Qeyd edək ki, ikinci Avropa Oyunlarının beşinci günündə Cavid Çələbiyev (60 kq) və Loren Alfonso Domingez (81 kq) də mübarizə aparıblar. Səkkizdəbir final mərhələsində rinqə çıxan hər iki boksçumuz dörddəbir finala yüksəliblər. Səkkizdəbir finalda Moldova təmsilçisi Dorin Buksanı 5:0 hesabı ilə məğlub edən C.Çələbiyevin dörddəbir finalda rəqibi Gürcüstan təmsilçisi Otar Eranosyan olacaq.

L.Domingez isə eyni hesabla Belarus boksçusu Mixail Dauqaliavetsə qalib gələrək adını dörddəbir finala yazdırıb. O, dörddəbir finalda Belçika təmsilçisi Ziyad El Mohor ilə qarşılaşacaq.

Hər iki boksçumuz növbəti görüşlərini iyunun 26-da keçirəcək.

***

19:35

İyunun 25-də ikinci Avropa Oyunlarının sərbəst güləş yarışlarının birinci günündə Azərbaycan pəhləvanı Mahir Əmiraslanov (57 kq) finala yüksəlib.

Publika.az xəbər verir ki, güləşçilərimiz yarımfinalda Rusiya təmsilçisi Zavur Uquyev ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada M.Əmiraslanov hesabda geri düşməsinə baxmayaraq, yüksək əzmkarlıq göstərərək görüşü qələbə ilə başa vurub – 3:2.

Finalda pəhləvanımızın rəqibi serbiyalı Stevan Misiç olacaq. Final sabah keçiriləcək

Xatırladaq ki, M.Əmiraslanov (57 kq) səkkizdəbir finalda bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gəlib. İdmançımız dörddəbir finalda isə Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovu 4:0 hesabı ilə məğlub edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir