Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Metbuat.az xəbər verir ki, təbrikdə deyilir:

“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik, bərabərlik rəmzi olan Ramazan bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətlərinizdə uğurlar arzulayıram.

İslami dəyərlərin qorunduğu ölkəmizdə hər il dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Ramazan bayramı insanlar arasında bərabərliyi, birliyi daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, humanizmin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə təcəssüm etdirir.

Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsini, milli-mənəvi dəyərlərimizi yüksək tutaraq adət və ənənələrimizin qorunub saxlanmasını reallığa çevirdi. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət nəticəsində dövlətçiliyimizin iqtisadi dayaqları möhkəmlənib, Azərbaycan demokratik dövlət quruculuğu prosesində böyük nailiyyətlər qazanıb. Dövlətimizin inkişafında prioritet istiqamətlərdən hesab edilən ordumuzun hərbi qüdrətinin gündən-günə artırılması məqsədilə atılan addımlar ölkədə həyata keçirilən islahatların əsas tərkib hissələrindəndir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın dünyada nüfuzu daha da artıb. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətinə, sülhün, sabitliyin təminatçısına çevrilib.

Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, sosial infrastrukturun gücləndirilməsi, hərbi qulluqçuların xidməti şəraitinin yaxşılaşdırılması, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək, 2020-ci il Azərbaycan Ordusunun tarixinə Zəfər ili kimi yazıldı.

Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində görülən işlər davam etdirilir. Möhtərəm Prezident, cənab Ali Baş Komandanın 28 dekabr 2011-ci il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara daimi mənzillərin verilməsi şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratmışdır.

Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində düşmən işğalında qalmış tarixi torpaqlarımız azad olundu. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi.

Ötən il Xankəndi şəhərində keçirilən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş Zəfər Paradı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyini bir daha təsdiq etdi.

Dövlət müstəqilliyimizin əsas atributlarından biri sayılan üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad edilmiş ərazilərimizdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirməklə, bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələrini verməkdədir.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə daim sadiq qalaraq, döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Hərbi anda sədaqətə, çətin və şərəfli hərbi xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm.

Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər zaman olduğu kimi Ramazan bayramı ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik. Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Şəhid hərbi qulluqçularımızın valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Arzu edirəm ki, bu müqəddəs Ramazan bayramı gəlişi ilə ailələrinizə firavanlıq, xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət gətirsin.
Bir daha hər birinizi Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram.

Ramazan bayramınız mübarək olsun!”



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu