Ölkənin qeyri-neft sektoruna 2 milyard dollar sərmayə yatırılıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İqtisadi və sosial sahədə aparılan siyasət rəqəmlərdə də özünü büruzə verir. Beləliklə, ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz artıb. Bu, son bir neçə il ərzində ən yüksək göstəricidir və əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Çünki görülən işlər bunu deməyə əsas verir.

Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.

“Sənaye istehsalı 4,4 faiz artıb. Bu da yaxşı göstəricidir. Amma bundan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artıb. Bax, gördüyümüz işlərin nəticəsi budur və sənaye istehsalının, xüsusilə qeyri-neft sektorunda sənaye istehsalının artırılması bizim siyasətimizin bariz nümunəsidir. Kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. İnflyasiya aşağı səviyyədədir – 2,1 faiz. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb. Biz burada da müsbət dinamikanı görürük. Çünki bizim əsas məqsədimiz, əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır. Sərmayənin cəlb edilməsi əlbəttə ki, hər bir ölkə üçün çox önəmli məsələdir, o cümlədən bizim üçün. Əgər əvvəlki illərdə daha çox neft-qaz sektoruna sərmayə qoyuluşu təmin edilirdisə, hazırda biz bunu qeyri-neft sektorunda görürük və bu da aparılan işlərin nəticəsidir. Çünki Azərbaycanda biznes mühiti yaxşılaşır, sərmayə qoyuluşu üçün daha yaxşı şərait yaradılır, həm yerli, həm xarici sərmayələr dövlət tərəfindən lazımi səviyyədə qorunur. Beləliklə, biz xarici və daxili sərmayəni cəlb etməklə ölkəmizi inkişaf etdiririk. Əlbəttə ki, Azərbaycana sərmayə qoyuluşunun perspektivləri üçün apardığımız islahatlar başlıca rol oynayır. Bildiyiniz kimi, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Biz il ərzində 32 pillə irəliləmişik və ən islahatçı 10 ölkə sırasında yer almışıq. Əlbəttə, xarici investorlar, eyni zamanda, yerli sahibkarlar bunu görürlər, bilirlər və beləliklə, Azərbaycana sərmayə qoyuluşu prosesi əminəm ki, bundan sonra da təmin ediləcək”, – deyə dövlətimizin başçısı bildirib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp