Dollar kreditinə olan güzəşti belə hesablaya bilərsiz

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli
kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının
icrasında şəffaflığın təmin edilməsi məqsədilə əsas kredit
borclarının devalvasiya nəticəsində manatla artmış hissəsi üzrə
nəzərdə tutulan güzəşt məbləğinin vətəndaşlar tərəfindən
hesablanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata)
rəsmi internet səhifəsində elektron kalkulyator istifadəyə
verilib.

Palatadan Publika.az-a verilən məlumata görə,
qurumun rəsmi internet səhifəsinə (www.fimsa.az) giriş edən hər bir
vətəndaş ana səhifədə əks olunan “PK – Problemli kreditlərin
həllinə dair məlumat” bölməsində yerləşdirilmiş “Kalkulyator”a
(https://pk.fimsa.az/az) daxil
olaraq müvafiq hissələrə lazım olan məlumatı daxil etməklə əldə
edəcəyi güzəşt məbləğini sərbəst şəkildə hesablaya bilər.
Kalkulyator “21.02.2015 tarixinə qalıq məbləğ (ABŞ dolları ilə)” və
“21.12.2015 tarixinə qalıq məbləğ (ABŞ dolları ilə)” adlı iki boş
xanadan ibarətdir ki, bu xanalar birinci və ikinci devalvasiya
tarixini əks etdirir. Vətəndaş müvafiq olaraq hər bir devalvasiya
zamanı mövcud olan əsas kredit borcunu uyğun xanalara daxil etdiyi
zaman üçüncü xanada avtomatik olaraq həmin şəxsin əldə edəcəyi
güzəşt məbləği əks olunur. Misal üçün, əgər birinci devalvasiya
zamanı vətəndaşın banka 5500 ABŞ dolları məbləğində, ikinci
devalvasiya zamanı isə 3000 ABŞ dolları məbləğində əsas kredit
borcu qalıbsa, qeyd olunan məbləğləri uyğun xanalara daxil etmək
lazımdır. Yalnız bir devalvasiya nəticəsində zərər görən
vətəndaşlar həmin devalvasiya zamanı malik olduqları əsas kredit
borcunu daxil edərək digər xananı boş saxlayırlar. Qeyd edək ki,
digər xarici valyutada olan kreditlərin qalıq məbləği Azərbaycan
Respublikasının Mərkəzi Bankının həmin tarixlərə olan rəsmi
məzənnəsinə uyğun olaraq ABŞ dollarına konvertasiya olunaraq
göstərilir.


Mövzu ilə bağlı sual yarandıqda və ya əlavə məlumata ehtiyac
olduqda vətəndaşlar Palatanın “966 Çağrı mərkəzi”nə, sisial şəbəkə
səhifələrinə, həmçinin saytın “Əlaqə” alt-bölməsində qeyd olunan
əlaqə vasitələrindən istifadə edə və ya elektron qaydada müraciət
ünvanlaya bilərlər.

Qeyd: Əlavə olaraq bildirək ki, gün ərzində bütün bankların
internet səhifələrindən sözügedən kalkulyatora keçid təmin
ediləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp