Elmar Məmmədyarov İƏT XİN Şurasının 46-cı sessiyasında çıxış etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam
Əməkdaşlıq Təşkilatının XİN rəhbərləri Şurasının 46-cı sessiyasında
çıxış edib.

Publika.az xəbər verir ki, nazirin çıxışını
olduğu kimi təqdim edirik:

– Mən bu sessiyanın yüksək səviyyədə təşkilinə görə cənab Sədr
və İƏT Baş katibinə ürəkdən minnətdarlığımı ifadə etməklə və hamıya
İƏT-in 50-ci illik Qızıl yubileyi münasibətilə səmimi təbriklərimi
çatdırmaqla başlamaq istərdim. Həmçinin, BƏƏ hökumətinə nümayəndə
heyətimizə göstərilən səmimi qonaqpərvərliyə və Xarici İşlər
Nazirləri Şurasının 45-ci sessiyasına mükəmməl rəhbərlik etdiyi
üçün Banqladeş Xalq Respublikasına minnətdarlığımızı ifadə
edirəm.

Yarandığı son beş onillik ərzində İƏT İslam dünyasının tək
çoxtərəfli qurumu kimi, dünyada sülh və təhlükəsizliyin qorunması
üzrə beynəlxalq ictimaiyyətin strateji tərəfdaşına çevrilib. Bu gün
təşkilatımız hələ də üzv ölkələrin birliyi, bütövlüyü və
suverenliyini təhdid edən görünməmiş daxili və xarici təhdidlər ilə
üzləşir.

Coğrafiyamızın bir çox yerində, xüsusən də İraq, Suriya, Yəmən,
Liviya, Əfqanıstanda davam edən silahlı münaqişələr və terror
hücumları, eləcə də dünyanın müxtəlif yerlərində dözümsüzlük,
irqçilik və ksenofobiya kimi yüksələn trendlər beynəlxalq sülh və
təhlükəsizliyin təmin olunmasına yönəlmiş hazırkı beynəlxalq
mexanizmlərin yetərsizliyini nümayiş etdirir. Buna görə də,
coğrafiyamızdakı münaqişələrin sülh və qardaşlıq yolu ilə həllinə,
terrorizmə qarşı mübarizədə qəti mövqeyə, bütün üzv dövlətlərin
ərazi bütövlüyü və suverenliyinin qorunmasına, islamofobiyaya qarşı
mübarizəyə yönələn birgə səylərimiz çox vacibdir. Bu baxımdan
Azərbaycan İƏT-də təşkilatın ümumi səmərəliliyinin artırılması
məqsədini güdən, xüsusilə münaqişələrin həllində vasitəçilik
imkanlarının gücləndirilməsi məqsədini güdən islahatlar prosesinə
böyük əhəmiyyət verir.

Azərbaycan Respublikası Təşkilatın kollektiv yanaşması və birgə
strategiyasına sadiq qalaraq, üzvü olduğu müxtəlif İƏT Təmas
Qrupları, o cümlədən Fələstin, Cammu və Kəşmir, Somali və Avropada
müsəlman azlıqları, vasitəsilə münaqişələrin sülh yolu ilə həlli
istiqamətində üzv dövlətlərlə işləməyə davam edəcəkdir. Bu baxımdan
biz bütün üzv dövlətləri kollektiv yanaşma və İslam həmrəyliyi
prinsiplərinin həyata keçirilməsində səylərini əsirgəməməyə
çağırırıq.

Cənab Sədr,

İƏT-in mövcudluğunun ana xəttini təşkil edən Fələstin məsələsi
belə bir kollektiv yanaşma tələb edən məsələdir. Azərbaycan bu
məsələnin ədalətli və dayanıqlı həlli üçün tam həmrəyliyini və
davamlı dəstəyini bir daha təsdiq edir və Fələstin münaqişəsinin
Fələstin Dövlətinin paytaxtı Şərqi Qüds olmaqla “iki dövlət”
prinsipinə əsasən həllini dəstəkləyir. Bu məqsədə sadiq qalan
Azərbaycan Fələstin hökumətini onun beynəlxalq aləmdə siyasi və
hüquqi statusunu, eləcə də BMT-nin tamhüquqlu üzvlüyünü əldə etmək
hüququnu möhkəmləndirəcək “G77 və Çin qrupu”nda rəsmi sədrliyə
başlaması münasibətiləı təbrik edir. Ötən il Azərbaycan Qoşulmama
Hərəkatının (NAM) 18-ci Aralıq Nazirlər Toplantısı çərçivəsində
Fələstinə dair Qoşulmama Hərəkatının Nazirlər Komitəsinə ev
sahibliyi etmişdir. Bakı Yekun Bəyannaməsi Fələstində zorakılığın
tamamilə dayandırılması üçün ciddi kollektiv səylərə çağırışı bir
daha bəyan etdi. 2018-ci ilin noyabrında Azərbaycan Fələstin
Dövlətinin Asiyada akkreditə olunmuş Səfirlərinin illik
toplantısına ev sahibliyi etdi və bununla Fələstin hökumətinin
imkanlarının qurulmasına töhfə verdi. Humanitar istiqamətdə
Fələstin xalqına yardıma gəldikdə isə Azərbaycan ötən ilin oktyabr
ayında BMT-nın Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə
Yaxın Şərq Agentliyinə 200 min ABŞ dolları ayırmışdır.

Bu Təşkilatı əmin etmək istərdim ki, 2019-2022-ci illərdə
Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan Fələstində sülhə,
eləcə də bütövlükdə İslam ölkələrində sülh, təhlükəsizlik və
inkişafa daha da töhfə verilməsi üçün səylərini
əsirgəməyəcəkdir.

Cənad Sədr,

Beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək üçün mümkün olan
hər şeyi edərkən, Azərbaycan hələ də Ermənistanın davam edən hərbi
təcavüzü ilə üzləşir. Bu təcavüz nəticəsində ölkəmin beynəlxalq
səviyyədə tanınmış ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ
və ətrafındakı yeddi rayonu işğal olunub; təxminən 1 milyon
azərbaycanlı etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi
köçkünə çevrilib; Ermənistanın işğalı altında olan ərazilərimizdə
çoxsaylı tarixi, mədəni və dini abidələr məhv edilib.

Təəssüf ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının
vasitəçilik səyləri işğal olunmuş torpaqların azad edilməsi və
Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticələrinə gətirib
çıxarmayıb. Danışıqların bu qəti nəticəsi BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələrində, habelə İƏT-in qətnamələrində,
ATƏT-in, Avropa İttifaqının və münaqişə mövzusu ilə məşğul olan
demək olar ki, hər bir beynəlxalq təşkilatın müvafiq sənədlərində
təsbit olunmuşdur.

Bütün bu çağırışlara və münaqişənin sülh yolu ilə həlli üzrə
bütün səylərimizə baxmayaraq, Ermənistan işğalın nəticələrini
möhkəmləndirmək məqsədilə işğal olunmuş ərazilərdə təbii
sərvətlərin talan edilməsi, tarixi və İslam irsinin məhv edilməsi
siyasətini davam etdirir; demək olar ki, hər gün atəşkəsi pozur,
azərbaycanlı hərbiçiləri və mülki şəxsləri öldürür və yaralayır.
İKT-yə üzv ölkələrin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı İKT Xarici İşlər Nazirlərinin qətnamələrində
əks olunmuş ədalətli mövqeyini yüksək qiymətləndirirəm. Eyni
zamanda, bu ədalətli mövqeyin və bu çox hörmətli qurum çərçivəsində
nümayiş etdirilmiş həmrəyliyin təcavüzkar dövlətə münasibətdə
ikitərəfli əsasda, eləcə də beynəlxalq forumlarda ifadə olmasına
çağırıram. İşğal siyasətini təşviq etmək və bu təşkilatın
həmrəyliyini pozmaq üçün Ermənistanın beynəlxalq mədəni, dil
birliyinə əsaslanan və ya humanitar forumlardan sui-istifadə etmək
cəhdləri bizim birgə mövqeyimizlə cavablandırılmalıdır.
Ermənistanın bəzi üzv ölkələri iqtisadi və mədəni əməkdaşlığa cəlb
etmək cəhdləri, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ
bölgəsinin turistik bölgə kimi və ya işğal olunmuş ərazilərdəki
mirası məhv etdiyi bir halda öz ərazisində güya ki, qorunan “İslam
Mirası”nın təşviqi, işğalın legitimləşdirilməsi və işğalçının
gücləndirilməsi siyasətindən başqa bir şey deyildir. Üzv ölkələri
bundan çəkinməyə çağırırıq.


Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı
təcavüzü ilə bağlı İƏT “Təmas Qrupu”nun 2016-cı ildə Nyu-Yorkda
keçirilmiş illik görüşlərini yüksək qiymətləndirərək, bu xüsusda
İKT-nin Baş katibinə və üzvlərinə minnətdarlığımızı ifadə edərək,
bütün qrup üzvlərini İKT-nin Ermənistan-Azərbaycan münaqişəsinə
dair qərar və qətnamələrinin yerinə yetirilməsini praktiki
fəaliyyətləri ilə dəstəkləməyə və Ermənistanı İKT-nin müvafiq
sənədlərinə riayət etməsinə məcbur etmək üçün müvafiq tədbirlərin
görülməsini təmin etməyə çağırırıq.

Cənab Sədr,

Azərbaycan beynəlxalq aləmdə həmrəyliyimizi möhkəmləndirmək və
kollektiv səsimizi ucaltmaq məqsədi ilə İƏT institutlarının
fəaliyyətini yüksək qiymətləndirir. Bu xüsusda, mən beynəlxalq
hüququn ciddi pozulması halı olan və Azərbaycan Respublikasının
ətraf əraziləri üçün ekoloji fəlakət yaratmağı nəzərdə tutan
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki Sarsang su
anbarından yeni bir kanalın tikintisinin pislənməsi barədə İSESCO
tərəfindən qəbul edilmiş qətnaməni xüsusi vurğulamaq istərdim.

Biz 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində erməni
silahlı qüvvələri tərəfindən mülki azərbaycanlılara qarşı soyqırımı
haqqında dünyada məlumatlılığın artırılmasına hədəflənmiş “Xocalıya
ədalət” beynəlxalq kampaniyası çərçivəsində həyata keçiriliən İslam
Konfransı Gənclər Forumu tərəfindən “Xocalı qırğını qurbanları ilə
həmrəylik” qətnaməsinin icrasına Üzvlər tərəfindən nümayiş
etdirilən həmrəyliyi yüksək qiymətləndiririk.

Mən, həmçinin çətinliklər və təbii fəlakətlər zamanı, məsələn
Azərbaycanın da töhfə verdiyi 2018-ci ildə İndoneziya zəlzələsindən
sonra İƏT-ın humanitar yardımı kimi, həmrəyliyimizin əhəmiyyətini
vurğulamaq istəyirəm.

Bizim həmrəyliyimiz, həmçinin çox vacib olan qlobal
mədəniyyətlərarası dialoqun gücləndirilməsində və xarici
düşmənçilik, irqçilik, nifrət çıxışları və İslamofobiya
təhlükələrinə qarşı mübarizədə də nümayiş etdirilməlidir. Bu
xüsusda, mən 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş “Bakı prosesi”nin
əsas hissəsi olan, 2019-cu ilin may ayında Bakıda keçiriləcək V
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda üzv dövlətləri fəal
şəkildə iştirak etməyə çağırıram. İƏT, YUNESKO, BMT-nin
Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və
İSESCO kimi nüfuzlu beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənən
proses dayanıqlı sülhün və inklüziv inkişafın təmin edilməsi üçün
mədəniyyətlərarası dialoqun və qarşılıqlı anlaşmanın
gücləndirilməsi məqsədini güdür.

Qədim Azərbaycan şəhəri olan və İslam mədəniyyətinin paytaxtı
adlanan Naxçıvan 2018-ci ildə mədəniyyət əlaqələrimizin daha da
zənginləşdirilməsinə töhfə verən müxtəlif mədəniyyət proqramlarına
ev sahibliyi etmişdir. Bu il Azərbaycanda ilk İƏT Mədəniyyət
Həftəsi və ölkələrimizin gənc istedadlarını və yaradıcılığını
dəstəkləyən klassik musiqi ifaçılarının Səkkizinci Beynəlxalq
Müsabiqəsinə ev sahibliyi etməsini səbirsizliklə gözləyirik.

Azərbaycan İslam Konfransı Gənclər Forumunun və Azərbaycan
hökuməti tərəfindən Bakıda ev sahibliyi edilən Avrasiya Regional
Mərkəzinin fəaliyyətini dəstəkləyir və Gənclər və İdman Nazirlər
Şurasında sədrliyimiz dövründə biz gənclərə və idmanın inkişafına
praktiki səviyyədə töhfəmizi davam etdirəcəyik. Bu sədrlik dövründə
Azərbaycan tərəfindən İslam ölkələri arasında gənclər və idman
fəaliyyəti vasitəsi ilə dostluq əlaqələrinin gücləndirilməsi
məqsədilə Gənclər üçün nəzərdə tutulan 2-ci İcraçı Model İƏT
oyunları, İslam ölkələrinin gənc sahibkarlar şəbəkəsinə ev
sahibliyi ediləcəkdir.

Biz həmçinin iştirakçıları İƏT-in xüsusiləşdirilmiş orqanı olan
və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin
təşəbbüsü ilə, “IƏT 2025 Fəliyyət proqramı”nın mühüm məqsədi olan
ölkələrimizin istehsal qüvvələri və iqtisadi artımını dəstəkləmək
məqsədilə yaradılmış və İƏT Əmək Mərkəzinin təsis olunmasının
ratifikasiya prosesini yekunlaşdırmağa dəvət edirik

Cənab Sədr,

Sonda 50 illik yubiley münasibətilə İƏT üzvlərinə bir daha
səmimi təbriklərimi çatdırıram və gələcək 50 ilin Ümmətimiz üçün
dayanıqlı sülh, sabitlik və inkişaf ilə yanaşı daha çox gücümüz və
həmrəyliyimiz ilə əlamətdar olmasını arzulayıram.

Çox sağ olun.

Əssəlamü ələyküm və rəhmətullahi bərəkətuhu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp