2019-cu il sosial sahədə inqilabi islahatlar ili kimi tarixə düşə bilər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə
bağlı müşavirədə qeyd etdi ki, Azərbaycanda aparılan iqtisadi
islahatlar, şəffaflaşdırma siyasəti büdcə gəlirlərinin artmasına,
maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait
yaradıb. Dövlətimizin başçısı daim sosial problemlərin həllini
diqqət mərkəzində saxladığına görə yaranmış imkanların, ilk
növbədə, məhz sosial sferaya yönəldilməsini təmin edib. Beləliklə,
minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin
artırılması, digər ödənişlərin verilməsi kimi mühüm addımlar qısa
müddətdə atıldı və Prezident bütün bunları həyata keçiriləcək böyük
sosial paketin yalnız bir hissəsi kimi qiymətləndirdi. Doğrudan da
qısa müddətdə belə mühüm qərarların qəbul edilməsi 2019-cu ili
sosial sahədə inqilabi islahatlar ili kimi qiymətləndirməyimizə
əsas verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı,
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət
tərəfindən 11 min manat ödəniş edilir, şəhid ailələrinin
müavinətləri 242 manatdan 300 manata çatdırıldı, eyni zamanda, bu
il şəhid ailələrinə 800 mənzilin verilməsi nəzərdə tutulur. Bu günə
qədər isə 6500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər
verilib. Bu il minimum əməkhaqqı 38 faiz artaraq 130 manatdan 180
manata qaldırıldı, minimum pensiyaların məbləği 38 faiz
qaldırılaraq 116 manatdan 160 manata çatdırıldı. Beləliklə, bu gün
minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci
yerdədir. Ancaq bu da hələ son hədd deyil. Prezident İlham Əliyev
bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini
bildirib. Ən mühüm məsələlərdən bir də problemli kreditlərlə bağlı
olan məsələdir. Bu, olduqca mürəkkəb və çoxmərhələli həll yolu
tələb edən bir məsələdir. Dövlət başçısı artıq bununla bağlı da
mühüm qərarların qəbul ediləcəyini bildirərək qeyd etdi ki,
Azərbaycan problemli kreditlər məsələsini həll etməklə ciddi nümunə
göstərəcək. Biz istəyirdik ki, problemli kreditlərlə bağlı məsələ
ətrafında ictimai müzakirələr aparılsın və buna nail olduq.
Problemli kreditlər məsələsi üzərində ötən ildən başlayaraq fəal iş
aparılır. Yaxın gələcəkdə problemli kreditlərlə bağlı məsələ də öz
həllini tapacaq. Göründüyü kimi, artıq xeyli müddətdir ki, bu
istiqamətdə işlər aparılır və məqsəd odur ki, MDB -nin bəzi
ölkələrində analoji problemin həlli ilə bağlı qəbul olunmuş
qərarların icrası ilə əlaqədar problemlər Azərbaycanda təkrar
olunmasın, tez bir zamanda icra edilsin. Bəzi ölkələrdə bənzər
qərarlar qəbul edilsə də, problem həll edilmədi, çünki onun icra
mexanizmi və maliyyə mənbələri düzgün müəyyən edilməmişdi.
Azərbaycanda isə buna yol verilməyəcək və bu problem də öz həllini
tapacaq. Bütün bunlar Azərbaycan Prezidentinin planlı sosial
siyasətinin tərkib hissəsidir və vətəndaşların sosial rifahının
təmin olunmasına yönəlib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp