Cəfər Cabbarlının yubileyi Ankarada qeyd olundu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ankarada, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının
(TÜRKSOY) mərkəzi qərargahında görkəmli dramaturq Cəfər Cabbarlının
120 illik yubileyi münasibətilə konfrans keçirilib.

Publika.az xəbər verir ki, əvvəlcə TÜRKSOY-un
fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Cəfər Cabbarlının yaradıcılığı barədə ümumi məlumat veriləndən
sonra böyük dramaturqun həyat və fəaliyyətinə həsr olunan film
göstərilib.

TÜRKSOY-un həyata keçirdiyi “Türk dünyasının görkəmli
şəxslərinin tanıdılması” layihəsi çərçivəsində gerçəkləşən tədbirdə
elm və mədəniyyət adamları, poeziyasevərlər, türk dünyası
ədəbiyyatının tanınmış simaları iştirak ediblər.


Əvvəlcə TÜRKSOY-un baş katibi Düsen Kaseinov rəhbərlik etdiyi
təşkilatın həyata keçirdiyi “Türk dünyasının görkəmli şəxslərinin
tanıdılması” layihəsinin əhəmiyyətindən və Cəfər Cabbarlı
yaradıcılığının xüsusiyyətlərindən danışıb.

Sonra professor İsrafil İsrafilovun Cəfər Cabbarlının həyat və
yaradıcılığına həsr olunan məruzəsi dinlənilib. Azərbaycan
ədəbiyyatında Cəfər Cabbarlı yaradıcılığının özünəməxsus yeri və
rolu olduğunu qeyd edən məruzəçi bildirib ki, gənc nəslin
tərbiyəsində onun əsərləri böyük təsirə malikdir. Ümummilli lider
Heydər Əliyevin Cəfər Cabbarlı yaradıcılığına hər zaman böyük
ehtiram göstərdiyini diqqətə çatdıran İsrafil İsrafilov böyük
dramaturqun adının əbədiləşdirilməsi və əsərlərinin geniş yayılması
istiqamətində görülən işlər barədə məlumat verib.

Çıxışlardan sonra yubilyarın yaradıcılığını əhatə edən geniş
bədii proqram olub. Əvvəlcə Dilbər Sadıqova və Göksən Ulukuş şairin
şeirlərindən nümunələr oxuyublar. “Hazar” Azərbaycan Xalq Rəqsləri
Dərnəyinin musiqi qrupunun maraqlı ifası olub.

Sonra Ankara dövlət operasının solisti Güner Erkan Cəfər
Cabbarlının şeirlərinə bəstələnən “Ölkəm”, “Azad bir quşdum” və
“Tellər oynadı” mahnılarını ifa edib. Solisti pianoda Yadigar
Hacıyeva müşayiət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir