“Bu il 5 yeni “ASAN xidmət” mərkəzi açılacaq”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Bugünkü Azərbaycan əvvəlki Azərbaycandan çox fərqlənir.
Bugünkü Azərbaycan müasir dövlət kimi özünü artıq təsdiqləyib.
Ölkədə aparılan islahatlar bizim niyyətimizi, siyasətimizi əks
etdirir”.

Publika.az xəbər verir ki, bu fikirləri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Real TV-yə geniş
müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, ASAN xidmət əslində ictimai
xidmətlər sahəsində böyük bir inqilabdır: “ASAN xidmət”in
əhəmiyyətini bəlkə də bu gün biz tam dərk etmirik. Yəni, bu, sadəcə
olaraq, vətəndaşlara gözəl, rahat xidmət mərkəzi deyil. Bu,
insanlarda böyük dərəcədə dəyişikliklərə gətirib çıxardı.


“ASAN xidmət” mənim təşəbbüsümlə yaradıldı. Ancaq onu da
bildirməliyəm ki, orada çalışan gənclər “ASAN xidmət”i çox böyük
dərəcədə inkişaf etdirdilər, zənginləşdirdilər, yeni, kreativ
ideyaları ilə “ASAN xidmət”i doğrudan da nadir bir ictimai xidmət
mərkəzinə çevirdilər. Hər bir yeni mərkəzə gedəndə, – mən 15
mərkəzin açılışının hər birində olmuşam, – görmüşəm ki, edilən
təqdimatlarda hansısa bir yenilik var. Yəni, bu, onu göstərir ki,
orada çalışan insanlar, – onların mütləq əksəriyyəti gənclərdir, –
çox böyük həvəslə, böyük sevgi ilə bunu edirlər. Onlarda böyük ruh
yüksəkliyi var. Onlar istəyirlər ki, ölkəmizdə işlər daha yaxşı
getsin, istəyirlər ki, bu işlərə öz töhfələrini versinlər. Yəni,
“ASAN xidmət” çox geniş və müsbət bir təşəbbüsün təzahürüdür. Orada
işləyən gənclər bizim gələcəyimizdir. “ASAN xidmət”də korrupsiya,
rüşvətxorluq, kobudluq, bürokratiya sıfırdır. Yəni, mənfi halların
qarşısını almaq mümkündür. Bunu biz özümüz etmişik. Hansısa heç bir
xarici təşkilat bunu bizə tövsiyə etməmişdir. Qərar da bizimdir,
icraçılar da Azərbaycan vətəndaşlarıdır, gənclərdir və nəticəni də
Azərbaycan vətəndaşları görürlər. Ona görə bu, ictimai davranış
sahəsində, ictimai xidmətlər sahəsində, məmur-vətəndaş
münasibətlərində inqilabdır. Sirr deyildir ki, “ASAN xidmət”ə qədər
bizim vətəndaşlar hər hansı bir arayışı almaq üçün nə qədər böyük
əziyyət çəkirdilər. Günlərlə, bəlkə həftələrlə vaxt itirirdilər,
digər xoşagəlməz hallarla üzləşirdilər. İndi biz bunu bacardıq, bu,
artıq keçmişdə qaldı. “ASAN xidmət”də təlim keçmiş 17 min könüllü
tam yeni təfəkkürlü insanlardır. Onların amalı vətəndaşlara xidmət
etməkdir, özü də təmənnasız. Gələcəkdə bu könüllülər, – artıq
onların bir çoxu indi müxtəlif təşkilatlarda işləyirlər, –
vətəndaşlarla təmasda tam yeni bir mövqe, tam yeni bir yanaşma
nümayiş etdirəcəklər.

Mən demişəm ki, hər bir dövlət məmuru vətəndaşların
xidmətçisidir – Prezidentdən tutmuş aşağı səviyyəli məmura qədər.
“ASAN Könüllüləri” bax, bu prinsiplərlə yaşayırlar. Ona görə bu,
böyük bir hərəkatdır. Məhz buna görə bu il 5 yeni “ASAN xidmət”
mərkəzi açılacaq. “ASAN xidmət” mərkəzlərində xidmətlərin sayı da
gündən-günə artır, 200-dən çox xidmət göstərilir. Əlbəttə ki, bu,
çox qürurverici bir məsələdir.

O ki qaldı, “hədəfimiz nədir” sualınıza, deməliyəm ki, hədəfimiz
qüdrətli, müasir dövlət qurmaqdır. Hədəfimiz xoşagəlməz hallara
qarşı siyasətimizi bundan sonra da aparmaqdır. Burada mübarizənin
bir neçə istiqaməti var, həm inzibati yollar, həm də institusional.
Yəni, sistem xarakterli islahatlar. İndi “ASAN xidmət” elə qurulub
ki, artıq bu sistem müstəqil formada yaşayır. Gələcəkdə orada
çalışacaq vətəndaşlar bu prinsiplərə əməl edəcəklər. Əsas məsələ,
əsas hədəf güclü, müasir dövlət qurmaqdır ki, vətəndaşlar özlərini
rahat hiss etsinlər, dövlət məmurları vətəndaşlara təmənnasız və
sədaqətlə xidmət göstərsinlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir