“Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində
belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış,
tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans
axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq,
xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün
olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli
maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz
xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna
müvəffəq olmuşuq”.

Publika.az xəbər verir ki, bu fikirləri
Azərbaycanın dövlət başçısı İlham Əliyev REAL televiziyasına geniş
müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, biz bu coğrafiyada, bu regionda
yaşayırıq: “Əlbəttə ki, qonşularla əlaqələrimiz xüsusi əhəmiyyət
daşıyır, hər bir ölkə üçün. Mən hesab edirəm ki, hər bir ölkə
istəyər ki, onun qonşuluğunda dost bir ölkə olsun. Biz son illər
ərzində bütün qonşularla, – təbii ki, Ermənistan istisna olmaqla, –
dostluq münasibətlərimizi daha da gücləndirmişik, yeni səviyyəyə
qaldırmışıq. Həm ikitərəfli formatda, həm də bizim təşəbbüsümüzlə
qonşularla artıq üçtərəfli və hətta dördtərəfli əməkdaşlıq formatı
mövcuddur. Onu da bildirməliyəm ki, bunun təşəbbüskarı da
Azərbaycandır.

Qonşularla yaxşı münasibətlər olmadan biz enerji, nəqliyyat
layihələrimizi icra edə bilərdikmi? Əlbəttə ki, yox. Mən qeyd etdim
ki, bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Biz
qonşularsız buna nail ola bilərdikmi? Əlbəttə ki, yox. Nəinki yaxın
qonşularımızla, biz daha böyük coğrafiyanı əhatə edən əməkdaşlıq
formatı yaradırıq. Məhz bu əməkdaşlıq formatı imkan verir ki, biz
öz nəhəng, transmilli layihələrimizi uğurla və vaxtında icra edək.
Ona görə bu, bizim üçün strateji əhəmiyyət daşıyan bir yanaşmadır.
Mən şadam ki, bu gün qonşularımızla bizim əlaqələrimiz dostluq,
mehriban qonşuluq, əməkdaşlıq üzərində qurulub və bu əməkdaşlığın
çox böyük gələcəyi var.

Eyni zamanda, Azərbaycan müsəlman aləminin bir parçasıdır.
Müsəlman ölkələri ilə əlaqələr bizim üçün xüsusi əhəmiyyət daşıyır.
Onu da bildirməliyəm ki, beynəlxalq təşkilatlarda bizi ən çox
dəstəkləyən müsəlman ölkələridir. Azərbaycan İslam Əməkdaşlıq
Təşkilatı çərçivəsində çox müsbət rol oynayır və bu rol yüksək
qiymətləndirilir. Bilirsiniz, müsəlman aləmində bəzi ölkələr
bir-biri ilə hələ ki, lazımi səviyyədə, yumşaq desək, əlaqələr qura
bilməmişlər. Ancaq Azərbaycan bu ziddiyyətlərin azaldılmasında öz
rolunu oynayır və bu rol yüksək qiymətləndirilir. Təsadüfi deyil
ki, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri Azərbaycanın rolunu
çox yüksək qiymətləndirirlər. Biz İslam həmrəyliyinin güclənməsinə
böyük töhfə veririk. Bakıda İslam Həmrəyliyi Oyunlarının
keçirilməsi, sadəcə, bir idman yarışı deyildi. Bu, bütün müsəlman
ölkələrinin gənclərini, idmançılarını bir araya gətirən dostluq,
həmrəylik bayramı idi. Bu Oyunların yüksək səviyyədə keçirilməsi
əlbəttə ki, müsəlman aləmində bizim rolumuzu daha da gücləndirdi.
Ona görə xarici siyasətimizin önəmli istiqaməti müsəlman ölkələri
ilə əməkdaşlıqla bağlıdır.


Eyni zamanda, Azərbaycan Avropa İttifaqı ilə sıx əlaqələr qurub.
Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında
sənədlər imzalanıb – Avropa İttifaqının üçdəbir hissəsi ilə. Keçən
il Avropa Komissiyası ilə Azərbaycan arasında Tərəfdaşlıq
Prioritetləri sənədi imzalanıb. Bu, çox ciddi sənəddir, bir çox
məsələləri əhatə edir, o cümlədən münaqişə ilə bağlı, ölkəmizin
ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı
haqqında açıq-aydın dəstək göstərilir. Bu, böyük diplomatik
uğurumuzdur. Bu, xarici siyasətimizin əsas istiqamətləridir.

Biz Qoşulmama Hərəkatının üzvüyük. Bir neçə il bundan əvvəl üzv
olmuşuq. Amma dərhal Qoşulmama Hərəkatı, – BMT-dən sonra ikinci
böyük təşkilatdır, – münaqişə ilə bağlı çox ədalətli qətnamə qəbul
etmişdir. Biz Qoşulmama Hərəkatına sədrlik edəcəyik. Yəni, bizim
beynəlxalq nüfuzumuz artır. Biz 155 ölkənin dəstəyi ilə BMT
Təhlükəsizlik Şurasına üzv seçilmişik. Özü də çox çətin bir
mübarizədə. On altı turdan sonra biz buna nail ola bilmişik. Yəni,
bu, nəyi göstərir? Onu göstərir ki, bizə inam, rəğbət var, bizim
müstəqil siyasətimizə dəstək var. Bu gün Azərbaycan dünyada çox
etibarlı tərəfdaş kimi tanınır. Tərəfdaşlar bilirlər ki, bizim
sözümüzün imzamız qədər qüvvəsi, dəyəri var. Ona görə hesab edirəm
ki, xarici siyasətlə bağlı aparılan işlər təqdirəlayiqdir. Xarici
siyasət daxili siyasətin məntiqi davamıdır. Ümid edirəm ki, bundan
sonra da biz bu istiqamətdə uğurlar yolu ilə gedəcəyik”.

Azərbaycan Prezidenti qeyd edib ki, Xüsusilə son illər ərzində
dünyada, bizim regionumuzda, MDB məkanında, Yaxın Şərqdə, Avropada
vəziyyət gərginləşir: “Biz bunu gündəlik formatda televiziyadan
başqa, kütləvi informasiya vasitələrindən görürük, izləyirik.
Münaqişələr, qanlı toqquşmalar, müharibələr alovlanır, milyonlarla
yeni köçkün dalğası yaranır. Ölkələr arasında ziddiyyətlər
kəskinləşir, müttəfiqlər arasında münasibətlər pozulur. Yəni, biz
dünyanın müxtəlif yerlərində bunu görürük. Təhdidlər, risklər
artır. Bütün bu mənfi mənzərə fonunda, əlbəttə ki, Azərbaycanın
tutduğu mövqe daha da böyük maraq doğurur, özünə daha da böyük
rəğbət qazandırır. Çünki sabitlik dövründə deyə bilərlər ki, elə
hər yerdə sabitlikdir. Amma bu gün, qeyd etdiyiniz kimi, Azərbaycan
bu coğrafiyada sabitlik məkanıdır. Bunun bir çox səbəbləri var, ilk
növbədə, hesab edirəm ki, bizim düzgün siyasətimiz, digər tərəfdən,
Azərbaycanda bütün xalqların, bütün konfessiyaların bir ailə kimi
yaşaması, dini-milli zəmində heç vaxt ayrı-seçkiliyin olmaması. Bu,
həm bizim siyasətimizdir, həm də ki, xalqdan gələn bir niyyətdir,
təşəbbüsdür, sifarişdir, eyni zamanda, aparılan işlərə xalq
tərəfindən göstərilən dəstəkdir. Əsas səbəblər, məncə, bunlardan
ibarətdir.

Xalq-iqtidar birliyi hər bir ölkənin inkişafı üçün əsas şərtdir.
Sabitliyin qorunmasının təminatçısı Azərbaycan xalqıdır. Son
prezident seçkilərində mənə göstərilən böyük etimad dediyim
sözlərin məntiqi sübutudur. Sabitlik olmayan yerdə ölkələr dağılır,
insanlar əziyyət çəkir, fəlakətlər baş verir. Biz bunu yaxın
tarixdə görürük. Ona görə Azərbaycanda sabitliyin
möhkəmləndirilməsi hər bir vətəndaşın işi olmalıdır, ilk növbədə,
dövlətin və hər bir vətəndaşın.

Mən çox şadam ki, bu gün Azərbaycan dünyada sabitlik adası kimi
tanınır. Bu, bizim böyük üstünlüyümüzdür. Bu, bizə imkan verir ki,
Azərbaycan islahatlar yolu ilə uğurla getsin. Bu, bizə imkan verir
ki, öz iqtisadi imkanlarımızdan istifadə edib, xalqımızın rifah
halının yaxşılaşmasına yönəlmiş növbəti addımlar atılsın. Bu, bizə
imkan verir ki, Azərbaycan xalqı bundan sonra da sülh və
əmin-amanlıq şəraitində yaşasın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir