Bu gün Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gün Azərbaycan həm danışıqlar masasında, həm də döyüş
meydanında üstün mövqedədir.

Publika.az xəbər verir ki, bunu Azərbaycan
Prezidenti İlham Əliyev REAL televiziyasının rəhbəri Mirşahin
Ağayevə müsahibəsində deyib.

Dövlətimizin başçısı qeyd edib: “Biz son illər ərzində
münaqişənin həlli üçün güclü hüquqi baza yaratdıq. Dünyanın bir çox
mötəbər aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı həqiqəti
əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar
qəbul etmişlər – BMT-nin Baş Assambleyası, ondan əvvəl
Təhlükəsizlik Şurası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq
Təşkilatı, digər təşkilatlar. Avropa İttifaqı ilə Azərbaycan
arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədində ərazi
bütövlüyümüz, suverenliyimiz, sərhədlərimizin toxunulmazlığı
haqqında dəstək ifadə olunub. Yəni, bu, münaqişə üçün hüquqi baza
yaradır. Hüquqi baza ondan ibarətdir ki, Dağlıq Qarabağ, – bunu biz
hamımız yaxşı bilirik, – Azərbaycanın ayrılmaz hissəsidir.
Münaqişənin həlli yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü
çərçivəsində mümkündür.


Eyni zamanda, biz güclü iqtisadi potensial yaradaraq güclü ordu
da yaratmışıq. Bu gün Azərbaycan Ordusu dünyada güclü ordular
sırasındadır. Bizim döyüş qabiliyyətimiz, imkanlarımız artır. Biz
ordumuzu ən müasir texnika ilə təchiz edirik. Aprel döyüşləri bizim
gücümüzü göstərdi. Ən əlverişsiz hərbi mövqelərdən əks-hücum
əməliyyatı apararaq biz strateji yüksəklikləri əldə etdik.
Torpaqlarımızı işğalçılardan azad etdik”.

İlham Əliyev vurğulayıb ki, bu gün Ağdərə, Füzuli, Cəbrayıl
rayonlarında Azərbaycan bayrağı dalğalanır: “Aprel döyüşləri bizim
şanlı tarixi qələbəmizdir. Mən Lələtəpədə olanda, orada Azərbaycan
bayrağını görəndə qürur hissi keçirirəm. Hər biz Azərbaycan
vətəndaşı qürur hissi keçirir. Bizim əsgər və zabitlərimiz əsl
qəhrəmanlıq göstərmişlər. Aprel döyüşləri tarixi hadisədir. Bu
döyüşlər Ermənistanın uzun illər ərzində yaratdığı mifi tamamilə
darmadağın etdi. Yəni, ermənilər elə bir rəy formalaşdırmağa
çalışırdılar ki, guya onların ordusu güclüdür və yenilməzdir.
Azərbaycan əsgəri, zabiti göstərdi ki, kimin ordusu güclüdür, kimin
ordusu yenilməzdir. O mif tamamilə dağıdıldı. Aprel döyüşləri milli
ruhumuzu yüksəltdi, zirvələrə qaldırdı. Ona görə bu hadisə bir daha
onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla
barışmayacaq”.

Prezident xatırladıb ki, aprel döyüşlərindən iki il sonra uğurlu
Naxçıvan əməliyyatı keçirildi: “O, taktiki baxımdan fərqli
əməliyyat idi, ancaq nəticə etibarilə çox uğurlu idi və bizə imkan
verdi ki, strateji yüksəklikləri, dağları tam nəzarətə götürək və
bu dağlardan düşmənin strateji kommunikasiyalarına nəzarət edək.
Yəni, bütün bunlar ordumuzun qüdrətini, peşəkarlığını əks etdirən
önəmli hadisələrdir. Bütün bunlar onu göstərir ki, münaqişə
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini
tapmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir