AÇ: Karateçilərimiz 4 qızıl və 1 bürünc qazandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Son qitə çempionatlarında bir-birinin ardınca iki bürünc
medal qazanan Murad Hacızadə (kumite +84 kq, şəxsi məşqçisi Rafael
Məmmədov, milli komanda məşqçisi Anar Allahverdiyev), Danimarkanın
Aalborq şəhərində 21 yaşadək gənclər arasında Avropa çempionu
oldu.

Azərbaycan Milli Karate Federasiyasından
Publika.az-a verilən məlumata görə, 4 görüşün heç
birində xal buraxmayan seçmə komandanın lideri, turnirin ən yaxşı
idmançılarından biri oldu. M.Hacızadənin çempionluğu ümumi komanda
sıralamasında geriləyən Azərbaycan karateçilərini 4-cü pilləyə
yüksəltdi.

Yarışın əvvəlki günləri Roman Heydərov (21 yaşadək gənclər,
kata), Əminağa Quliyev (16-17 yaşlı gənclər, -61 kq), eləcə də Tale
Yaqubov (14-15 yaşlı yeniyetmələr, kumite) ardıcıl ikinci dəfə
qızıl medala, Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, kumite)
isə bürünc mükafata sahib oldu.

Emil Güləhmədov bürünc medal uğrunda həlledici görüşdə qərəzli
hakimlik səbəbindən mükafatsız qaldı. Daha bir idmançımız İsmayıl
Məhəbbətli (14-15 yaşlı yeniyetmələr, kumite, -70 kq) təsəlliverici
görüşlərə qatılsa da, üçüncülük şansını əldən verdi.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa
Karate Federasiyasının (EKF) İdarə heyətinin üzvü Yaşar Bəşirov
mükafatlandırma mərasimində iştirak etdi. EKF tərəfindən etimad
göstərilən Beynəlxalq hakim Cahangir Babayev, qitə çempionatının
final görüşlərini idarə edən xüsusi referilər qrupuna daxil
olundu.

1 bürünc medaldan əlavə, Danimarkada Azərbaycan himnini 4 dəfə
səsləndirən karateçilərimiz ilin sonunda daha mötəbər yarış, iki
ildən bir keçirilən yeniyetmə və gənclərin Dünya çempionatı
gözləyir. 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında
46-cı, 21 yaşadək gənclərdə isə 11-ci qitə çempionatında 51 ölkədən
1092 idmançı iştirakı etdi. Onlardan yalnız 34 dövlətin
karateçiləri müxtəlif əyarlı mükafatlar, 14 ölkənin idmançıları isə
qızıl medala sahib ola bildi.

Yarışın sonunda EKF-in bayrağı növbəti Avropa çempionatının
təşkilatçısı Macarıstan nümayəndələrinə verildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir