Bakıda 24 yaşlı oğlan dostunu vəhşicəsinə öldürdü

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakıda namus üstündə qətl törətməkdə təqsirli bilinən
1995-ci il təvəllüdlü Amal Zülfüqarovun cinayət işi üzrə məhkəmə
prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Amal Zülfüqarov 6
avqust 2017-ci il tarixdə tanışları Samir, Əli (cinayət işində adı
keçən şəxslərin ad və soyad şərti verilib – red) və digər dostları
ilə birlikdə Xaçmaz rayonu, Nabran qəsəbəsində fəaliyyət göstərən
“Atlant” istirahət mərkəzində olarkən Qismət Məmmədlinin kinayəli
formada ona baxmasını görüb.

“Atlant”da başlayan dava

Bu səbəbdən onların aralarında mübahisə yaranıb, sonrakı
günlərdə Qismətin onun Almaniyada yaşayan bacısı İradə ilə
telefonla yazışdığını güman edib. Heç bir əsaslı səbəb olmadan
Qisməti öldürmək qərarına gəlib.

Bu məqsədlə Amal 15 avqust 2017-ci il tarixdə, saat 02
radələrində Qismətin tanışı Fətixan ilə birlikdə Qaradağ rayonu,
Qobustan qəsəbəsi ərazisində Bakı-Ələt yolunun 35-ci
kilometrliyində yerləşən “Play Station” kafesində olduğunu
öyrənib.

Kafedə söhbət

Amal dostu Samir ilə birlikdə həmin kafeyə gedib. O,
salamlaşdıqdan sonra Fətixan və Qismət ilə birgə olan masada
əyləşiblər. O, 6-cı masada oyun oynamalarından, Qismətin başının
qarışmasından və həmin anda ona qarşı müqavimət göstərmək imkanıın
olmamasından istifadə edib onun sinəsindən bıçaqlayıb.

Mübahisə və dava

Bu zaman Fətixan və Samir onları aralaşdırmaq istəyib. Qismət
onun əlindən çıxıb və kafenin girişdən sol tərəfində vitrin
soyuducuya söykənib.

Həmin vaxt Amal Fətixan və Samirin əlindən çıxaraq Qismətin
boğazından yapışaraq onu bir neçə dəfə bıçaqlayıb.

Həmin vaxt qeyd olunan kafeni işlədən Tələt Hüseynli və müştəri
qismində kafedə olan Haldun Abuzərli Amalı arxadan tutaraq kənara
çəkmək istəyib.

Qətl

Amal əlindəki bıçaqla Tələt və Abuzəri də vurub. Hər iki şəxs
yüngül dərəcəli bədən xəsarəti alıb. Hadisə zamanı Qismət
boğazından aldığı xəsarət nəticəsində hadisə yerində ölüb.

4 maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Amal Zülfüqarovun barəsində Cinayət
Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə),
120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam
öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz
vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov
götürülməsi ilə bağlı adam öldürmə) və 221.3-cü (xuliqanlıq)
maddələri ilə cinayət işi açılıb.

“Bu hərəkəti xoşuma gəlmədi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amal
Zülfüqarov bildirib ki, 2017-ci ilin avqustun 4-5-də İsmət, Nicat,
Samir və Fətixan Xaçmaz rayonu Nabran qəsəbəsində “Atlant”
istirahət mərkəzinin ərazisində rəqs meydançasına baxarkən Qismətin
pis baxışlarla ona baxdığını görüb və ondan nəyə görə belə
baxdığını soruşub: “Mənə nalayiq ifadə işlədərək yaxşı etdiyini və
“bura qardaşlıq stolu deyil, sən də qardaş deyilsən” cavabını
verdi. Bu söhbət mənə çox pis təsir etdi. Buna görə aramızda
mübahisə yarandı. Həmin vaxt yanımızda olan yuxarıda adlarını
çəkdiyim dostlar aramıza girərək məni yox, Qisməti sakitləşdirməyə
çalışırdılar. Onların bu hərəkəti də mənim xoşuma gəlmədi”.

“Məndən qorxduğunu hiss edirdim”

Təqsirləndirilən qeyd edib ki, səhv Qismətdə olduğuna görə
yanındakılar onu sakitləşdirməli idilər: “Bakıya qayıdandan sonra
Qismətlə münasibətlərimi kəsdim. Lakin qəlbimin dərinliklərində
onun məndən üzr istəyəcəyini gözləyirdim. Həmin ərəfələrdə Qobustan
qəsəbəsində fəaliyyət göstərən adını bilmədiyim idman salonunda mən
Qismətlə üz-üzə gəlsəm də, o, mənə salam vermədi. Qismətin də
məndən qorxduğunu və mənimlə tək qalmaqdan çəkindiyini hiss
edirdim”.

“Səsindən tutdum ki, məndən çəkinir”

Amal Zülfüqarov qeyd edib ki, Qismətlə aralarında olan soyuq
münasibətə görə dostları Nicat, Samir, Fətixan onunla mütəmadi
olaraq əlaqə saxlayaraq görüşməyimizi və barışmağımızı
istəyirdilər: “Mən isə onlara Qismətin böyük səhv etdiyini və buna
görə cavab verməli olduğunu söyləmişdim. 2017-ci ilin avqustun
10-da Qismət öz nömrəsindən mənə zəng edərək, bir saatdan sonra
görüşmək istədiyini bildirdi. Mən onun səsindən tutdum ki, o özünə
güvənmir və məndən çəkinir. Mən isə qətiyyətlə bir saatdan sonra
yox, axşam görüşəcəyimizi dedim”.

“Təkbətək söhbət etməyimizi istədi”

Amal Zülfüqarov bildirib ki, həmin gün Qobustan qəsəbəsində
fəaliyyət göstərən idman zalına gedib: “Saat 21 radələri olardı mən
idman zalında Qisməti gördüm. Lakin, onunla salamlaşmadım, idman
zalından çıxandan sona bibim oğlu Orxan idarə etdiyi “Mersedes C
klass”la məhləyə gətirdi. Artıq saat 23 olardı. Qismət təkbətək
söhbət etməyimizi istədi. Lakin, mən onunla razılaşmadım və
yuxarıda adlarını çəkdiyim bütün dostlarıma zəng edərək çağırdım.
Biz Qobustan qəsəbəsində Elmir adlı şəxsin işlətdiyi kafedə
oturduq. Söhbət əsnasında Qismətə bildirdim ki, əgər səhv
etmisənsə, buna görə cavab verməlisən. Sözlərimlə və hərəkətimlə
ona bildirmək istəyirdim ki, etdiyi əmələ görə onu cəzalandıracam,
yəni öldürəcəm”.

“Qismət mənə qarşı pis hərəkət edib”

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan başqa söhbət
əsnasında Qismətdən xoşu gəlmədiyini nümayiş etdirib: “Çünki Qismət
mənə qarşı pis hərəkət edib. Qismət isə söhbəti malalayaraq
şirinliyə, qardaşlığa çəkmək istəyirdi. Yekunda uşaqlar
öpüşüb-barışmağımızı istədi. Mən onunla ancaq əl ilə görüşdüm. Bu
görüşdən sonra Qisməti bir neçə dəfə gördüm, lakin o hər dəfə
mənimlə kinayəli danışırdı, məni qıcıqlandırırdı. Qismətin bu
hərəkətləri onu öldürmək fikrimi qətiləşdirdi. Bu haqda həmin
ərəfələrdə Qismətlə görüşəndə özünə demişdim”.

Cəza 19 ildən 14 ilədək endirildi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Amal Zülfüqarov 19
il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Amal Zülfüqarov apelyasiya şikayəti verib.
O, barəsində olan hökmün dəyişdirilməsini, cəzasının
yüngülləşdirilməsini xahiş edib.

Amal Zülfüqarovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim
Qail Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim kollegiyası yekun qərarında Amal Zülfüqarovun əməlini
Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə
təqsirli bilib. Onun cəzası 14 ilə endirilib.

Prokuror şikayət etdi, iş yenidən
araşdırılacaq

Bu qərardan prokuror narazı qalıb və kasasiya protesti verib.
Prokuror Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini,
Amal Zülfüqarovun cəzasının ağırlaşdırılması ilə bağlı işin yenidən
apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul
edilməsini istəyib.

Prokurorun protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokurorun
protesti üzrə qərar açıqlanıb.

Amal Zülfüqarovun barəsində olan Bakı Apelyasiya Məhkəməsinin
qərarı ləğv edilib. Cinayət işinin yenidən apelyasiya
instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Bu səbəbdən iş materialları yenidən baxılması üçün Bakı
Apelyasiya Məhkəməsinə qaytarılıb. Yaxın günlərdə bu iş üzrə
yenidən araşdırma başlanacaq.

İlkin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir