Bu, dünyanın Azərbaycana və Prezidentimizin siyasətinə artan marağından xəbər verir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Respublikası Prezidentinin iqtisadi
siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov bu
günlərdə Davosda keçirilmiş Dünya İqtisadi Forumunun əhəmiyyəti,
onun Azərbaycan üçün faydaları, Prezident İlham Əliyevin forum
çərçivəsində keçirdiyi çoxsaylı görüşlər barədə Azərbaycan
televiziyasının “Həftə” proqramına müsahibə
verib.

Publika.az Azərtac-a istinadən
müsahibənin mətnini təqdim edir.

– Natiq müəllim, ötən həftənin ən mühüm hadisəsi
Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun illik
toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri,
səfər çərçivəsində keçirilən görüşlər oldu. Biz, ümumiyyətlə, bu
görüşlərin əhəmiyyətinə ayrıca toxunacağıq. Amma istərdik ki,
əvvəlcə budəfəki illik toplantının əhəmiyyəti, Azərbaycan üçün
verdiyi və ya verəcəyi dividendlər barədə Sizin fikirlərinizi
eşidək. Çünki bu Forum yalnız iqtisadi önəm kəsb etmir. Burada
siyasi məsələlər, sosial, hətta ətraf mühit məsələləri müzakirə
olunur. Ümumiyyətlə, illik toplantı Azərbaycan üçün nə ilə yadda
qaldı və hansı dividendlərdən xəbər verir?

– Doğrudan da, ötən həftənin ən mühüm hadisəsi Prezident İlham
Əliyevin Dünya İqtisadi Forumunun Davos şəhərində keçirilən illik
toplantısında iştirakı oldu. Bildiyiniz kimi, əsası Klaus Şvab
tərəfindən 1971-ci ildə qoyulmuş Davos İqtisadi Forumu 1973-cü
ilədək əsasən iqtisadi məsələlərin müzakirə olunduğu platforma kimi
fəaliyyət göstərib. Bu il 49-cu dəfə keçirilən Dünya İqtisadi
Forumuna 1973-cü ildən bəri siyasətçilərin də qoşulması ilə onun
mahiyyəti və əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib. Hər il
dünyanın 70-dən çox dövlət və hökumət başçısının, 150-dən çox
dövlətin nümayəndəsinin, 1000-dən çox dünya əhəmiyyətli şirkətin,
3000-dən çox insanın iştirak etdiyi bu Forum dünyada qlobal
miqyasda siyasi, iqtisadi, ətraf mühit, gender və dünyanın gələcək
inkişafını müəyyənləşdirən bütün digər istiqamətlər üzrə sərbəst və
inklüziv müzakirələri təşkil edən ən böyük platformadır. Əlbəttə,
dövlətimizin başçısının bu Forumda iştirakı Azərbaycanın həm
regional miqyasda, həm də dünya miqyasında artan rolunun və
Prezident İlham Əliyevin şəxsinə yetirilən diqqətin bariz
nümunəsidir. Prezidentimizin Forum çərçivəsində keçirdiyi görüşlər,
orada səslənən fikirlər bunu deməyə əsas verir.

– Forumla bağlı bir çox mühüm məqamlar diqqəti cəlb
edir. 49-cu Davos Dünya İqtisadi Forumunda müzakirə olunan əsas
məsələlərdən biri, bəlkə də birincisi dollar ifadəsində dünyanın ən
böyük layihəsi sayılan “Bir kəmər, bir yol” təşəbbüsü ilə bağlı
sessiya idi. Dünyanın 70-ə yaxın ölkəsinin dövlət və hökumət
başçılarından məhz Prezident İlham Əliyev həmin sessiyada iştirak
ilə bağlı dəvət alır və ilk söz də Prezidentimizə verilir. Bu
faktın özü nəyi deməyə əsas verir və hansı nüanslar bu reallığı
ortaya qoyur?

– Maraqlı sualdır. Bu sualın cavabına keçməzdən əvvəl bildirim
ki, Davos İqtisadi Forumu iki əsas istiqamətlə fərqlənir.
Birincisi, bu İqtisadi Forum müstəqil platformadır. O, dünya
trendlərini – həm siyasətdə, həm iqtisadiyyatda, həm də digər
sahələrdə dünya trendlərini müəyyənləşdirən inklüziv bir platforma
olmaqla yanaşı, ikitərəfli görüşlərin keçirilməsi, ən yaxşı
təcrübənin paylaşılması və gələcək inkişaf üçün hər kəsin
baxışlarını əks etdirən müzakirələrin aparılması üçün çox münbit
şərait yaradır.

Davos İqtisadi Forumunun hər il əsas mövzusu olur. Bu il Forumun
əsas mövzusu “Qloballaşma 4.0: Dördüncü sənaye inqilabı dövründə
qlobal arxitekturanın formalaşması” idi. Keçirilən çoxsaylı
görüşlərdə əsas mövzu məhz qloballaşma – dördüncü sənaye inqilabı
şəraitində ölkələrin öz gələcəklərini müəyyənləşdirməsi üçün həm
iqtisadi, həm siyasi, ətraf mühit və digər məsələləri özündə ehtiva
edən bir siyasətin formalaşmasını təşkil etmək oldu.

Bir arayış təqdim edim: Prezidentin builki Davos səfəri onun
ümumi say etibarilə 13-cü səfəri idi və bu 13 il ərzində Prezident
İlham Əliyev 202 görüş keçirib (bu görüşlərin 55-i bilavasitə
dövlət və hökumət başçıları ilə olub), 28 sessiyada iştirak edib,
müxtəlif kütləvi informasiya vasitələrinə 9 dəfə müsahibə verib.
Davosa builki səfəri çərçivəsində Azərbaycan Prezidenti 3-ü dövlət
və hökumət başçıları ilə olmaqla, 19 görüş keçirib, Rusiyanın
“Rossiya 1” və Çinin “China Global Television Network”
telekanallarına müsahibələr verib, həmçinin “Bir kəmər, bir yol”
təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı”
adlı sessiyada iştirak edib. Bu sessiya, demək olar, Davos İqtisadi
Forumunun ən mühüm sessiyalarından biri idi. Çünki bu təşəbbüs
dünyanın ümumi daxili məhsulunun 30 faizini, dünya əhalisinin 62
faizini təşkil edən bir coğrafiyanın Çin ilə siyasi-iqtisadi və
maliyyə əlaqələrinin genişləndirilməsini nəzərdə tutur. Bildiyiniz
kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan “Bir kəmər,
bir yol” layihəsinə ən çox töhfə verən dövlətlərdən biridir. Qeyd
edim ki, “Bir kəmər, bir yol” layihəsində “bir kəmər” dedikdə,
Çindən dünyanın müxtəlif istiqamətlərinə gedən quru yolu nəzərdə
tutulur və Azərbaycan da həmin yolun üzərində yerləşir. “Bir yol”
isə Çini müxtəlif dövlətlərlə birləşdirən dəniz yollarını nəzərdə
tutur. Azərbaycan Prezidentinin bu sessiyaya dəvət olunması və ilk
sözün ona verilməsi təsadüfi deyildi. Çünki Azərbaycan azsaylı
ölkələrdəndir ki, öz maliyyə gücü ilə infrastruktura əhəmiyyətli
investisiyalar yatırmaqla, qitələrin birləşdirilməsində çox mühüm
rol oynayır.

– Natiq müəllim, suallarımız kifayət qədər çoxdur, çünki
Davosda çox önəmli görüşlər keçirildi, mühüm məsələlər müzakirə
edildi. Ən əsası Azərbaycan növbəti dəfə qlobal platformada konkret
layihələrlə təqdim olundu. Siz çox önəmli məqamlara toxundunuz ki,
məhz bu layihələrin mövcudluğu supergüclərdə və önəmli
təşkilatlarda bir dövlət kimi Azərbaycana maraq yaradır. Elə
dövlətimizin başçısının keçirdiyi görüşlərdən biri də Dünya
İqtisadi Forumunun prezidenti Borge Brende ilə oldu və həmin görüş
əsnasında Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə Azərbaycan arasında
ilk dəfə olaraq əməkdaşlığın təməli qoyuldu. Ümumiyyətlə, Dördüncü
Sənaye İnqilabı nədir? İstərdik bunun mahiyyətinə varaq.
Dövlətimizin başçısının iştirakı ilə keçirilən bu görüşdə səslənən
fikirlər, eləcə də bu sənaye inqilabının qarşıya qoyduğu əsas
hədəflər nədən ibarətdir? Bu görüş Azərbaycana nə kimi dividendlər
vəd edir?

– Bəli, xüsusilə Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən
Ələt qəsəbəsində Xəzər dənizinin ən böyük limanının tikintisi,
Bakı-Tbilisi-Qars dəmir yolunun inşası, eyni zamanda, Şimal-Cənub
nəqliyyat dəhlizi üzərində infrastrukturun yaradılması və bütün bu
infrastruktur layihələrinin Azərbaycan Prezidentinin bilavasitə
təşəbbüsü ilə, eyni zamanda, Azərbaycanın maliyyə vəsaitləri
hesabına formalaşması, təbii ki, dünyanın diqqətini çəkən
amillərdən idi. İlk baxışda kiçik görünən bu layihə Prezident İlham
Əliyevin uğurlu siyasəti nəticəsində dünyanın nəhəng ölkələrini və
maliyyə institutlarını bu layihənin ətrafında birləşdirməyə imkan
verdi. Yəni, əslində, Azərbaycan kiçik bir ölkə olsa da,
dövlətimizin başçısının səyləri bunu bizim üçün bir fürsətə, imkana
çevirdi ki, nəticədə, böyük ölkələr bu nəqliyyat habının ətrafında
birləşməklə “Bir kəmər, bir yol” layihəsinə, eyni zamanda,
Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına öz töhfələrini
verdilər.

– Ümumiyyətlə, müasir texnologiyalardan ən çox inkişaf
etmiş ölkələr yararlanır. Ən yeni nanotexnologiyaları iqtisadiyyata
iqtisadi baxımdan özünü doğrultmuş və büdcəsi buna imkan verən
ölkələr cəlb edirlər. Hər ölkənin qarşıya qoyulan hədəfləri var.
Siz də qeyd etdiniz – beşinci sənaye inqilabı, altıncı sənaye
inqilabı – hər birinin öz hədəfləri var. Qarşıya qoyulan konkret
tələblər var və hansı ölkə bu tələblərə cavab vermirsə, o zaman
əlbəttə ki, həmin ölkə ilə danışıqlar aparılmır. Deməli, bu, artıq
beynəlxalq miqyasda Azərbaycan iqtisadiyyatının inkişafına verilən
dəstək və eləcə də bu inkişafın etiraf olunmasıdır. “Doing
Business” hesabatında da Azərbaycan 32 pillə irəliləyərək 57-ci
yerdən 25-ci yerə yüksəldi. Elə bu faktın özü də ölkəmizə olan
marağı ifadə edir.

– Tamamilə doğrudur. Azərbaycan Prezidenti Davos İqtisadi
Forumundakı çıxışlarında da bunu qeyd edib. Mən bir faktı da deyim
ki, Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə əməkdaşlıq etmək istəyən
ölkələrin coğrafiyası həddindən artıq genişdir və hər bir ölkə
San-Fransisko şəhərində öz təqdimatını, bu məsələlərə öz baxışını
və dövlətin bu sahədə apardığı siyasəti təqdim edirdi. Bizim
ölkəmizin də orada təqdimatı keçirildi. Bütövlükdə, dövlətimizin
başçısı tərəfindən həyata keçirilən islahatlar həmin təqdimatın
iştirakçıları tərəfindən çox yüksək dəyərləndirildi. Biz cənab
İlham Əliyevin prezident olduğu son 15 ilə diqqət yetirsək,
istənilən dövrdən 3 il, 5 il əvvəllə müqayisə aparsaq, hər 3-5 ildə
çox əhəmiyyətli irəliləyişlərin baş verdiyinin şahidi olarıq.
Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı islahatlar,
innovativ və digər həllər istiqamətində atdığı addımlar
Azərbaycanın inkişafını, sözsüz ki, həm dayanıqlı, həm də davamlı
edir. Bu da qeyd etdiyiniz kimi, təbii ki, “Doing Business”
hesabatında da öz əksini tapır. Bu məsələ dövlətimizin başçısının
ikitərəfli görüşlərində xüsusilə vurğulanırdı. “Doing Business”
hesabatında Azərbaycanın birdən-birə 32 pillə irəliləyərək 25-ci
yerə çıxması iştirakçıların, demək olar, hamısı tərəfindən çox
yüksək dəyərləndirilirdi. Dünya Bankı Qrupunun baş icraçı direktoru
xanım Kristalina Georgiyeva cənab Prezidentlə görüşdə belə bir
sıçrayışın “Doing Business” hesabatı tarixində bir ilk olduğunu
söylədi. Burada bir haşiyəni qeyd edim. Azərbaycanın dövlət və
hökumət qurumları “Doing Business” hesabatı ilə daim məşğul
olurlar. Keçən il Prezident İlham Əliyev şəxsən özü “Doing
Business” hesabatının metodologiyasına qədər maraqlandı,
toplantılar keçirdi. Bildiyiniz kimi, Baş nazirin birinci müavini
Yaqub Eyyubovun rəhbərliyi ilə xüsusi komissiya yaradıldı və
müxtəlif qurumların 116 nümayəndəsi sistemli olaraq dövlətimizin
başçısının tövsiyələri əsasında bu hesabat üzrə Azərbaycanın atmalı
olduğu addımlar, eyni zamanda, həyata keçirməli olduğu islahatlar
üzərində işləməyə başladı. Cənab Prezident o zaman qeyd edirdi ki,
əgər biz hər hansı bir istiqamətdə irəli getmək istəyiriksə, bizim
aydın baxışımız olmalıdır, proqramımız olmalıdır və onu həyata
keçirəcək komandamız olmalıdır. Məhz dövlət başçısının bilavasitə
iştirakı ilə, prosesi artıq özünün göstərdiyi istiqamətdə davam
etdirməsi ilə, səmimi desəm, Azərbaycan bizim də gözləmədiyimiz bir
səviyyədə irəliyə doğru mühüm addımlar atdı. Bu, görüşlərdə
iştirakçıların hamısı tərəfindən qeyd olunurdu. Bu nəticələr
Azərbaycana diqqət və marağı artırmaqda, eyni zamanda,
investisiyalar gətirməkdə davam edir.

Ümumiyyətlə, qeyd edim ki, builki Davos Forumu daha çox
texnologiyaların – dördüncü sənaye inqilabına aid olan
texnologiyaların önə çıxması ilə əvvəlki illərdən fərqlənirdi. Siz
tamamilə doğru dediniz ki, Prezident İlham Əliyevin Borge Brende
ilə görüşündə Azərbaycanla Dünya İqtisadi Forumu arasında
əməkdaşlıq sazişinin mübadiləsi baş verib. Azərbaycan Dördüncü
Sənaye İnqilabı Mərkəzi ilə əməkdaşlıq sazişi imzalamaqla
iqamətgahı San-Fransisko şəhərində yerləşən bu qurumun rəsmi
tərəfdaşına çevrilib. Məlumat üçün bildirim ki, bu günə qədər
Dördüncü Sənaye İnqilabının rəsmi tərəfdaşları qismində Yaponiya,
Amerika Birləşmiş Ştatları, Çin və Hindistan kimi nəhəng ölkələr
çıxış edirdilər. Odur ki, sual yarana bilər: bu nəhəng ölkələrdən
sonra əhalisinin sayına, ərazisinə görə nisbətən kiçik olan
ölkələrlə belə bir müqavilənin bağlanması və məhz Azərbaycanın
seçilməsi nə ilə əlaqədardır? Qeyd etməliyəm ki, ilk növbədə,
Azərbaycan ümumi daxili məhsulda sənayenin payına görə dünyada
lider ölkələrdəndir. Yəni, dünyada çox az sayda ölkələr var ki,
ümumi daxili məhsulda sənayenin payı Azərbaycandakı qədər yüksək
olsun. Eyni zamanda, biz “Qlobal Rəqabətlilik Hesabatı”nda
texnologiyaların insanlara əlçatanlığına, vətəndaşların rəqəmsal
həllərdə iştirakına görə dünyada 15-ci yerdəyik. Azərbaycanın
dövlət başçısının son illərdə xüsusilə informasiya texnologiyaları,
innovativ həllər, rəqəmsal iqtisadiyyat sahəsində qərarları,
fərmanları və real iqtisadiyyatda atılan addımlar, son illərdə
aparılan islahatlar, təbii ki, Davos Dünya İqtisadi Forumunun, o
cümlədən Dördüncü Sənaye İnqilabı Mərkəzinin də diqqətindən
qaçmayıb.

Bilirsiniz ki, Azərbaycanda “Azexport.az”, Rəqəmsal Ticarət
Qovşağı və digər bu kimi həllər mövcuddur və onlar Dördüncü Sənaye
İnqilabı Mərkəzi ilə çox sıx əməkdaşlıq edirlər. İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə
nümayəndə heyəti San-Fransisko şəhərində Azərbaycanın rəqəmsal
imkanları, Dördüncü Sənaye İnqilabına verə biləcəyi töhfələr və
Azərbaycanın Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə əməkdaşlıq
imkanlarına dair təqdimat keçirərkən bütün bu məsələlər
qiymətləndirilib, tərəfdaş kimi məhz Azərbaycan Respublikası
seçilib. Dördüncü Sənaye İnqilabı artıq rəqəmsal iqtisadiyyata
doğru atılan ən böyük addımdır. Davosda artıq Beşinci Sənaye
İnqilabının ilk sədaları, ilkin istiqamətləri səslənir, bununla
bağlı çox mühüm təqdimatlar keçirilirdi. Davosun builki formatının
daha çox texnoloji istiqamətə yönəlməsi dövlətimizin başçısının
görüşlərində və cənab Prezidentin şəxsinə olan maraqda da özünü
bilavasitə əks etdirirdi.

– Azərbaycan Prezidenti çox önəmli şirkətlərin
rəhbərləri, icraçı direktorları ilə görüşdü. Bu görüşlərə, məsələn,
“Visa”, “CISCO” rəhbərləri ilə görüşlər aiddir. Həmin şirkətlərin
qlobal miqyasda nüfuzu barədə nə demək olar? Bu şirkətlərlə
əməkdaşlıq hansı perspektivlər vəd edir? Xüsusən nəzərə almaq
lazımdır ki, həmin şirkətlərin rəhbərləri məhz özləri Azərbaycan
Prezidenti ilə görüşə can atırdılar, bu görüşlər onların təşəbbüsü
ilə keçirilirdi.

– Qeyd edim ki, təkcə həmin şirkət rəhbərləri ilə görüşlər
deyil, ümumiyyətlə Davos şəhərində cənab Prezidentin keçirdiyi
bütün görüşlər qarşı tərəflərin təşəbbüsü və müraciəti əsasında
təşkil edilirdi. Davosda dövlətimizin başçısını müşayiət edən bir
heyət üzvü kimi bizim qarşımızda duran ən böyük çətinlik cənab
Prezidentin vaxt qrafikinin məhdud olması səbəbindən dünyada çox
böyük hörmət, nüfuz sahibi olan şirkətlərə, siyasətçilərə “yox”
demək idi. Yəni, həqiqətən onlara “cənab Prezidentin qrafiki
məhduddur, sizinlə görüşmək imkanı yoxdur” demək bizim üçün olduqca
çətin idi. Bəlkə də Azərbaycan nümayəndə heyəti yeganə nümayəndə
heyəti idi ki, səhər saat 7-də bizim Prezidentin birinci görüşü
olurdu. İştirakçılar səhər saat 7-də çatdıra bilmədiklərini deyəndə
biz düşünürdük ki, cənab Prezident onlara iş qrafikinin gərginliyi
ilə əlaqədar bir şərh, açıqlama verir. Amma o deyirdi ki, “bizim
Vətənimizdə saat 10-dur və bizim üçün normal iş vaxtıdır. Kim
bizimlə görüşmək istəyirsə, bu vaxt gəlməlidir”. Həqiqətən də
Prezident İlham Əliyevlə görüşmək, onunla müzakirə aparmaq istəyən
həm rəsmi dövlət nümayəndələrinin, həm də qlobal şirkət
rəhbərlərinin sayı həddindən artıq çox idi və dövlətimizin başçısı
vaxt məhdudiyyəti səbəbindən onların bəziləri ilə görüşə
bilmədi.

Ümumilikdə, Davos görüşləri bu il əsasən iki istiqaməti əhatə
edirdi. Birincisi, bilirsiniz ki, bizim ənənəvi neft sənayemiz, bu
sahədə ənənəvi tərəfdaşlarımız var. Cənab Prezident də onların
müraciəti əsasında, həm “BP” şirkətinin rəhbəri Robert Dadli, həm
“LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov, həm “Total”
şirkətinin rəhbəri, həm də keçmiş “Statoil” şirkətinin rəhbəri ilə
– indi həmin şirkət “Equinor” adlanır – görüşlər keçirdi. Bu
görüşlərdə Azərbaycanın neft strategiyası, Azərbaycanın yaxın
gələcəkdə bu sahədə atacağı addımlar, bütövlükdə dünyada neft
sənayesinin mövcud vəziyyəti və buradan irəli gələn məsələlər bizim
ənənəvi tərəfdaşlarımızla müzakirə olunurdu. Dövlətimizin
başçısının görüşləri sırasında qeyri-neft sektorunu təmsil edən
şirkətlərin, xüsusən texnoloji şirkətlərin nümayəndələri ilə
görüşləri xüsusi qeyd etmək lazımdır. İkinci istiqamət Prezident
İlham Əliyevin keçirdiyi siyasi əhəmiyyətli görüşləri idi ki, bu
sırada Borge Brende, eyni zamanda, İsveçrə Konfederasiyasının
Prezidenti Ueli Maurer, Gürcüstanın Baş naziri Baxtadze və
Ermənistanın Baş naziri ilə olan görüşləri qeyd edə bilərik.

Borge Brende ilə görüşü xüsusi vurğulamaq istərdim. Bu görüş
əsas etibarilə regional iqtisadi siyasət və regionun ətrafında olan
yaxın qonşuların iqtisadi münasibətləri, habelə siyasi
münasibətləri ilə bağlı cənab Prezidentin baxışlarını və mövqeyini
öyrənmək, eyni zamanda, tövsiyələrini eşitmək məqsədi daşıyırdı.
Borge açıq-aydın vurğulayırdı ki, Azərbaycan son 10-15 ildə
apardığı siyasət və islahatlar hesabına bölgənin tanınmış söz
sahibinə, nüfuzlu dövlətə çevrilib. Artıq bu coğrafiyada
Azərbaycanla müzakirə olunmadan, Azərbaycanın fikri, mövqeyi nəzərə
alınmadan, demək olar ki, heç bir böyük iqtisadi layihə həyata
keçirmək mümkün deyil. Borge Brende Orta Asiyanın və Çinin Avropa
ilə birləşdirilməsini təmin edən nəhəng infrastruktur layihələrinin
– buraya Ələt Dəniz Limanı, eləcə də Cənubi Qafqaz Boru Kəməri,
TANAP və TAP qaz boru kəmərlərini özündə birləşdirən “Cənub Qaz
Dəhlizi” layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr
daxildir – mövcud durumu ilə maraqlanır və heyrətini açıq-aydın
bildirirdi ki, bu layihələrin hamısı Prezident İlham Əliyevin
təşəbbüsü və möhkəm iradəsi sayəsində mümkün olub.

Bu arada onu vurğulayım ki, Davos Dünya İqtisadi Forumunda rəsmi
tədbirlərdən əlavə, kuluarlarda böyük şirkət rəhbərlərinin,
siyasətçilərin adi söhbətlərində bir narahatlıq ifadə olunurdu.
Onlar bildirirdilər ki, dünya Dördüncü Sənaye İnqilabı
ərəfəsindədir və bu sənaye inqilabı artıq qloballaşma formasında
bütün dövlətləri, şirkətləri, cəmiyyətləri əhatə etməkdədir. Eyni
zamanda, onları dünyada baş verən siyasi proseslər narahat edirdi.
Yəni, dünyanın hansı istiqamətə hərəkət etməsi, bir tərəfdən,
dediyimiz kimi, dördüncü sənaye inqilabı, beşinci sənaye inqilabı,
investisiya axını, iqtisadiyyatın və dövlətlərin, xalqların
tərəqqisi, digər tərəfdən, dünyada yeni bir trend olan ticarət
müharibələrinin, bir çox dünya ölkələrində sağ təmayüllü, radikal
qüvvələrin meydana gəlməsi, bir çox regionların münaqişə girdabına
yuvarlanması kimi hallar ilə bağlı həmin şirkət rəhbərlərində
narahatlıq var idi. Maraqlı haldır ki, onlar öz təhlillərində
dünyada bu kimi konfliktlərdən uzaq olan çox az dövlət tapa
bilirdilər. Bu dövlətlər içərisində Azərbaycan xüsusilə seçilirdi.
Demək olar ki, elə bir görüş yox idi ki, orada dövlətimizin
başçısına “Siz bunu necə edirsiniz?” sualını verməsinlər. Bu sualı
istər siyasətçilər, istərsə də şirkət rəhbərləri verirdilər: Yəni,
bu, necə mümkün olur ki, çalxalanan dünyada, xüsusilə Sizin
yerləşdiyiniz coğrafiyada – çox böyük siyasi gərginliyin, müharibə
və çəkişmələrin hökm sürdüyü regionda, hətta özünüzə qarşı davamlı
təhdidlərin olduğu, torpağınızın 20 faizinin işğal edildiyi bir
şəraitdə Siz Azərbaycanı bir təhlükəsizlik, sabitlik adasına çevirə
bilmisiniz? Dünyada bu problemlərlə yaşayan nəhəng ölkələrlə və
qonşularınızla mehriban, qarşılıqlı əməkdaşlıq mühitini necə
formalaşdıra bilmisiniz? Ən önəmli daha bir faktı qeyd edirdilər
ki, bütün bu münasibətlər çərçivəsində Azərbaycan dövlətinin,
Azərbaycan xalqının maraqları ən yüksək səviyyədə qorunur. Həm
kuluarlarda, həm də rəsmi görüşlərdə Prezident İlham Əliyevə bu
sual mütləq verilirdi.

– Dünyanın ən böyük maliyyə qurumlarını nə
maraqlandırır? Sabitlik. İnvestisiya hansı ölkəyə qoyulur? Sabitlik
olan ölkəyə.

– Sabitlik mütləq şərtdir ki, investisiyalar gəlsin. Çünki
investisiya ürkək olur. İnvestisiya özünə rahat, sabit, gələcəyi
proqnozlaşdırıla bilən yerlər tapır. Bu görüşlərdə Prezidentimizə
verilən suallardan biri də bu olurdu.

Borge ilə görüşdən sonra Prezident İlham Əliyev qeyri-neft
sektoruna aid şirkətlərin nümayəndələri ilə görüşməyə başladı. İlk
görüşlərdən biri Dünya Bankı Qrupunun icraçı direktoru Kristalina
Georgiyeva ilə oldu. Xanım Georgiyeva Azərbaycan haqqında çox xoş
sözlər dedi. Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatların
onların gözləntilərini aşdığını və Azərbaycanın əldə etdiyi
nailiyyətlərin doğrudan da dünya iqtisadi məkanı üçün bir nümunə
olduğunu vurğuladı. O, yenidən “Doing Business” hesabatını qeyd
edərək, Azərbaycanın uğurlarının bugünkü kəşməkəşli dünyada
bilavasitə dövlət başçısının iradəsi hesabına baş verdiyini və
bunun onlarda xüsusi sevinc yaratdığını bildirdi. Eyni zamanda,
xanım Georgiyeva xatırlatdı ki, 20 il bundan əvvəl Azərbaycan Dünya
Bankından yardım alan ölkələrdən biri idi. Həqiqətən də 1990-cı
illərin sonlarında Dünya Bankı Azərbaycana müəyyən layihələrin
həyata keçirilməsində kömək edirdi. O dövrdə dünyada bir çox ölkə
Dünya Bankından yardım alırdı. Xanım Georgiyeva bizim bilmədiyimiz
maraqlı bir faktı əlavə etdi ki, həmin çoxsaylı dövlətlərdən yalnız
bir neçəsi öz iqtisadi müstəqilliyini təmin etmək üçün
iqtisadiyyatlarını artıra bildi və bu gün Dünya Bankının yardımına
ehtiyac olmadan ayaq üstündə duran dövlətlərə çevrildilər. O, bu
ölkələrin sırasında Çini, Hindistanı, İndoneziyanı və Azərbaycanı
xüsusilə qeyd etdi. Təklif etdi ki, Azərbaycan da Dünya Bankının
Beynəlxalq İnkişaf Assosiasiyasının xətti ilə artıq dünyaya yardım
edən bir dövlətə çevrilə bilər. Bu, dünyada nadir iqtisadi
transformasiyalardandır ki, 20 il ərzində bir dövlət yardım alan
dövlətdən donor dövlətə çevrilsin, özü investisiya yatırsın, Dünya
Bankının xətti ilə həmin layihələrdə iştirak etsin. Kristalina
Georgiyeva bildirdi ki, bu, Azərbaycanın əldə etdiyi uğurların
dünya miqyasında tanınması, dünya tərəfindən qəbul edilməsi
deməkdir. Eyni zamanda, artıq Azərbaycanın Dünya Bankı Qrupuna
daxil olan həm Beynəlxalq Maliyyə Korporasiyasında, həm də
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankında öz səhmlərini hətta
artırmasının vaxtı çatdığını, bununla Azərbaycanın Dünya Bankının
investisiyalarında, qurumun həyata keçirdiyi siyasətdə rolunun
artırılması zamanının gəldiyini bildirdi və Prezident İlham
Əliyevdən bu proseslərə diqqət yetirməsini xahiş etdi.

Daha sonra dövlətimizin başçısı “CISCO” şirkətinin
vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott ilə görüşdü.
“CISCO” illik dövriyyəsi təqribən 50 milyard dollara yaxın olan
nəhəng bir şirkətdir və 74 mindən çox əməkdaşı öz sıralarında
birləşdirir. Bu şirkət texnoloji və rəqəmsal həllərin həm
iqtisadiyyatın ayrı-ayrı sahələrində, həm də sosial həyatda
tətbiqini təmin edən şirkətlərdən biridir. Çox səmimi və maraqlı
atmosferdə keçən görüşdə xanım Elliott belə bir sual verdi. Dedi
ki, mən bu sualı özümə ilk dəfə verirdim ki, uğur qazanılması üçün
nələr lazımdır. Mən özlüyümdə belə qənaətə gəlmişəm ki, uğurun
qazanılması üçün üç əsas prinsip lazımdır. Birincisi, bu uğuru
təmin edəcək lider, ikincisi, bu liderin həm orta, həm də
uzunmüddətli aydın və gələcəyə yönəlmiş baxışının, fəaliyyət
proqramının, strategiyasının olması, üçüncüsü, həmin baxışları,
strategiyanı həyata keçirəcək bir komandanı formalaşdırmaq
bacarığının olmasıdır. O əlavə etdi ki, “cənab Prezident, mən
bunların hər üçünü Sizdə görəndən sonra Azərbaycanın əldə etdiyi
uğurların nəyə söykəndiyini bir daha müşahidə etmiş oldum”.
Prezident İlham Əliyev də qarşılığında dedi ki, Azərbaycanın əldə
etdiyi bütün uğurların, ümumiyyətlə Azərbaycanın dövlət siyasətinin
mənbəyində xalq durur. Biz xalqa xidmət etməklə, bir siyasətçi
olaraq xalqın mənafeyinə, rifahına xidmət etməklə xalqdan bu
mandatı əldə etmişik və bizim əsas komandamız da Azərbaycan
xalqıdır. Azərbaycan xalqı Azərbaycan iqtidarını dəstəkləyir,
Azərbaycan Prezidentinin fəaliyyətini dəstəkləyir.

Dövlətimizin başçısının siyasəti də bu istiqamətə
yönəldilib.

– Natiq müəllim, keçirilən görüşlərdə diqqəti cəlb edən
ən mühüm məqamlardan biri, Sizin də qeyd etdiyiniz kimi, müxtəlif
ölkələrin dövlət və hökumət başçılarının və aparıcı şirkətlərin
rəhbərlərinin Azərbaycanda bu gün aparılan islahatlar, həyata
keçirilən kompleks tədbirlər, infrastruktur quruculuğu və əldə
olunan nəticələrlə bağlı səsləndirdiyi fikirlər idi. Yəni, bunu
artıq biz demirik. Bu gün Azərbaycan haradan-haraya gəlib çıxıb, nə
kimi inkişaf yolu keçib, bugünkü müasir Azərbaycanın inkişaf
göstəriciləri necədir? Bunu dünyanın aparıcı şirkətləri və nüfuzlu
dövlət xadimləri etiraf edirlər.

– Tamamilə doğrudur. “Visa” şirkəti cənab Prezidentlə görüş
xahiş etmişdi. Bu şirkət plastik kart infrastrukturu və maliyyə
xidmətləri sahəsində dünyanın ən nəhəng şirkətlərindən biridir.
Şirkətin illik dövriyyəsi təqribən 25 milyard avroya yaxındır. Eyni
zamanda, “Visa” öz sıralarında 16 mindən çox əməkdaşı birləşdirir.
Şirkət Azərbaycanda da çox geniş kart şəbəkəsinə malikdir.
Azərbaycanda mövcud olan bank kartlarının, kredit və debet
kartlarının 46,5 faizi bu şirkətə məxsusdur. Ölkəmizdə bank
sektorunun, maliyyə xidmətlərinin inkişafında “Visa” şirkətinin çox
böyük rolu, əhəmiyyəti var. Şirkətin prezidenti Rayan MakInerni
Prezident İlham Əliyevlə görüşdə bildirdi ki, əslində, bu il onun
Davosa gəlməsinin kökündə cənab Prezidentlə görüş niyyəti var idi.
O, “Doing Business” hesabatının nəticələri ilə tanış olandan sonra,
sözün yaxşı mənasında, bir sevinc yaşadığını və onda bu qələbələrin
müəllifi olan Azərbaycan Prezidenti ilə görüşmək arzusu yarandığını
bildirdi. Qeyd etdi ki, Azərbaycan iqtisadiyyatını və cənab
Prezidentin siyasətini təhlil edərkən Azərbaycanda rəqəmsal
iqtisadiyyatın və ümumiyyətlə, Dördüncü Sənaye İnqilabından irəli
gələn tələblərin çox geniş həll variantlarının və potensialın
olduğunu, bu potensialın reallaşdırılması üçün çox yaxşı
sabitliyin, maliyyə imkanlarının və ölkə Prezidentinin güclü
iradəsinin mövcudluğunu gördü. Müzakirələr zamanı o, Azərbaycan
iqtisadiyyatının transformasiyaya, rəqəmsal iqtisadiyyata, beşinci
sənaye inqilabı istiqamətində həll variantlarının işlənilməsinə
hazırlaşdığını qeyd etdi. MakInerni bildirdi ki, “Visa” şirkəti
Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlarda, iqtisadi
siyasətdə, layihələrdə iştirak etməyə hər zaman hazırdır və
dəstəkləməkdə davam edəcək.

Bir məqamı da qeyd edim ki, bundan əvvəlki görüşdə “CISCO”
şirkətinin nümayəndəsi Azərbaycan iqtisadiyyatının çox geniş
təhlilini vermişdi. Çox maraqlıdır ki, o, öz təhlilində ölkəmizin
ədliyyə və məhkəmə sistemində baş verən rəqəmsallaşmanı, burada
elektron xidmətlərin, elektron məhkəmə sisteminin qurulmasını
xüsusilə vurğulamışdı. Bir neçə gün əvvəl “İqtisadi azadlıq 2019”
hesabatı dərc olundu və mən gördüm ki, “CISCO” şirkətinin
vitse-prezidentinin söylədiyi fikirlər “İqtisadi azadlıq 2019”
indeksində də öz əksini tapıb. Bu, tamamilə yeni dərc olunan
indeksdir. Burada bizim mövqeyimiz birdən-birə 7 pillə irəliləyib.
Bu irəliləyişin kökündə isə çox maraqlı faktorlar durur. Mən
ölkəmizin hansı istiqamətlər üzrə irəlilədiyini müəyyən etmək üçün
alt indikatorları təhlil etdim. Ən maraqlı cəhətlərdən biri odur
ki, Azərbaycanın mövqeyi mülkiyyət hüquqlarının qorunması
istiqaməti üzrə yüksəlib və ən böyük irəliləyişimiz məhkəmələrin
səmərəliliyinin artırılması, eləcə də hökumətin bütövlüyü
istiqamətindədir. Hökumətin bütövlüyünün ölçüsü onun xalqa verdiyi
vədlər, həyata keçirdiyi siyasət və həmin siyasətin nə dərəcədə
ardıcıl həyata keçirilməsidir. Bu indeks üzrə bizim mövqeyimizdə
mühüm irəliləyiş olub. Hökumət xərcləri indeksində də mövqeyimiz
irəliləyib və əlavə olaraq bildirirəm ki, bu indeksdə biz, nəhayət,
investisiya azadlığı alt indikatoruna görə də irəliləyişə nail ola
bilmişik.

– Natiq müəllim, bir qədər öncə də qeyd etdiniz ki,
Azərbaycan Prezidenti Dünya İqtisadi Forumu çərçivəsində qlobal
miqyasda nüfuzu ilə seçilən 15 şirkətin icraçı direktoru, rəhbər
heyəti ilə görüşlər keçirib. Bu şirkətlər kifayət qədər nüfuzlu və
beynəlxalq maliyyə sektorunda öz çəkisi ilə seçilən şirkətlərdir.
Onlar bir çox başqa ölkələrə deyil, məhz Azərbaycana maraq
göstərirlər. Bu şirkətlərin rəhbərləri Prezident İlham Əliyevlə
görüşməyə can atır və Azərbaycanla iqtisadi münasibətləri, neft və
qeyri-neft sektorunda əməkdaşlığı dərinləşdirməkdə maraqlıdırlar.
Bu faktın özü bir çox mətləblərdən xəbər verir.

– Tamamilə doğrudur. Bu şirkətlər öz sahələri üzrə dünya
iqtisadi məkanında drayver rolunda çıxış edən şirkətlərdir. Yəni,
bu şirkətlər qaydalar müəyyənləşdirir, dünya iqtisadiyyatının öz
sahələri üzrə istiqamətini müəyyənləşdirir. Buraya “Microsoft”,
“CISCO”, “Visa” və digər innovativ şirkətləri aid etmək olar.
Onların Azərbaycan Prezidentinin ətrafında toplaşmasının,
dövlətimizin başçısı ilə görüşməyə hədsiz marağının əsasında onun
həyata keçirdiyi iqtisadi siyasət durur. Bir qədər əvvəl dediyimiz
kimi, Prezident İlham Əliyevlə onların çox isti və çox məhsuldar
görüşləri oldu. Bütövlükdə, görüşlərin mahiyyətində Dördüncü Sənaye
İnqilabından artıq beşinci sənaye inqilabına, “artificial
intelligence”, yəni sənayedə süni intellektin dominant rol
oynayacağı bir istiqamətə getməyimiz dayanır. Bu şirkətlərlə
məsləhətləşmələrdə, bütövlükdə Azərbaycan Prezidentinin iştirak
etdiyi müzakirələrdə belə bir qənaət hasil olurdu ki, artıq
dövlətlər elmi dairələri, biznes və hökumət dairələrini və bu cür
texnoloji şirkətləri bir yerə toplamaqla beşinci sənaye inqilabına,
yəni, süni intellektin dominantlıq edəcəyi bir dövrə hazırlaşmağa
istiqamət götürməlidir. Müzakirələr zamanı aydın olurdu ki, çox
qısa bir müddətdən sonra, bəlkə 5-10 ildən, 15 ildən sonra bu gün
bizim tanıdığımız, bildiyimiz peşələrin əksəriyyəti yoxa çıxacaq,
onlara ehtiyac qalmayacaq. Bəs artan əhalini, artan iqtisadiyyatı,
insanların rifah halını hansı yolla təmin etmək olar? Orada
Prezident İlham Əliyev çox doğru olaraq vurğuladı və şirkət
rəhbərləri tərəfindən də qeyd edildi ki, artıq insanları yeni
peşələrə hazırlayan strategiyalar müəyyənləşdirilməlidir. Süni
intellektin dominant rol oynayacağı dövrdə insanların peşəsini,
ixtisasını necə dəyişəcəyi, öz əmək fəaliyyətini hansı şəraitdə
davam etdirəcəyi istiqamətində indidən çalışmaq lazımdır.

Söhbətimizin əvvəlində dediyim kimi, Davos İqtisadi Forumunun
builki toplantısında məhz süni intellekt dövrünə hazırlıq, Dördüncü
Sənaye İnqilabının nəticəsi olan qloballaşmadan maksimum
faydalanmaq və bütün bu mürəkkəblik, çağırışlar zəminində ölkələrin
firavanlığını, sabitliyini, iqtisadi və siyasi təhlükəsizliyini
qorumaq dövlətlər qarşısında duran ən böyük çağırış idi və
Prezidentimizlə keçirilən görüşlərdə də bu məsələlər barədə ətraflı
müzakirələr aparıldı. Bu şirkətlərin marağının kökündə duran ən
mühüm məsələlərdən biri Azərbaycanın bütün iqtisadi
göstəricilərinin müasir dünyada üstün və çox innovativ inkişafa
meyilli olması idi. Bir faktı yenidən qeyd edim ki, “İqtisadi
azadlıq 2019” indeksində Azərbaycan investisiyaların azadlığı alt
indikatoruna görə də irəliləməyə nail olub və bu da “Doing
Business” hesabatından, bu hesabat üzrə ölkəmizin göstəriciləri isə
Prezident İlham Əliyevin apardığı siyasətdən irəli gəlir. “Doing
Business” göstəricisinə görə bu gün biz bütün BRICS ölkələrini,
Müstəqil Dövlətlər Birliyi ölkələrini, eləcə də bir çox Avropa
ölkələrini qabaqlayırıq. Eyni zamanda, Azərbaycan dünyada cəmi
üç-dörd ölkədən biridir ki, son 15-20 ildə adambaşına düşən sərvəti
iki dəfədən çox artıra bilib. Bu nailiyyət dövlət və xalq, iqtidar
və xalq birliyinin, vəhdətinin sayəsində əldə olunub.
Prezidentimizə sual veriləndə ki, Siz bu sabitliyə necə nail
olursunuz, dövlətimizin başçısı deyirdi ki, bizim fəaliyyətimizin
kökündə Azərbaycan xalqı dayanır, onun rifahı və xoşbəxt yaşaması
dayanır və biz də bütün fəaliyyətimizi xalqımızın firavanlığına,
dövlətimizin sabitliyinə və inkişafına yönəldirik. Bu, bizim
uğurlarımızın rəhnidir, bu, bizim uğurlarımızın kökündə duran əsas
amildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp