Turistlər Azərbaycanda 2 mlrd. dollara yaxın pul xərclədi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Son illərdə Azərbaycana gələn turistlərin sayı getdikcə
artır və bu, çox müsbət haldır. Keçən il gələn turistlərin sayı
təqribən 6 faizə yaxın artıb. Keçən il ölkəmizə əvvəlki illərdən
daha çox – 2 milyon 850 min turist gəlib. Aparılan hesablamalara
görə, bu turistlər ölkəmizdə 2 milyard dollara yaxın pul
xərcləyiblər”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan
konfransda çıxışı zamanı deyib.

Prezident bu rəqəmin əlavə 2 milyard dollar ixrac demək olduğunu
bildirib:

“Artıq bu rəqəm göstərir ki, turizmin nə qədər böyük əhəmiyyəti
var. Bu pullar xidmət sektoruna gedir, vətəndaşlar, sahibkarlar
bundan faydalanırlar. Yəni, bu pullar birbaşa o şirkətlərə gedir
ki, onlar bölgələrdə turistlərə müxtəlif xidmətlər göstərirlər.
Çünki turistlərin böyük hissəsi artıq Azərbaycanın bölgələrinə
gedir. Bütün lazımi şərait yaradılır və turizm sənayesi
Azərbaycanda çox geniş imkanlara malik olmalıdır. Bunun üçün bütün
lazımi ilkin şərtlər var. Azərbaycanda təhlükəsizlik, sabitlik hökm
sürür, xalqımız çox qonaqpərvərdir. İqlimimiz də çox gözəldir və
müxtəlif iqlim tipləri var. Müasir infrastruktur yaradılıb, 6
beynəlxalq aeroport, müasir yollar, dəmir yolları, otellər, gözəl
təbiət, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi
turizm inkişaf edir. Misal üçün, Naftalan indi böyük turizm
mərkəzinə çevrilib. Digər müalicəvi yerlərə – Naxçıvanda Duzdağ
müalicəvi mərkəzinə turistlər çox gəlir, Qalaaltıya müalicəyə
gəlirlər. Tarixi abidələrimiz kifayət qədər çoxdur. Bu da böyük
maraq doğurur. Coğrafi vəziyyətimiz də əlverişlidir. Bakı dünyanın
ən gözəl şəhərlərindən biridir. Yəni, bütün bu amillər deməyə əsas
verir ki, turizm sənayesi Azərbaycanda çox sürətlə inkişaf
edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp