Sahibkarlara tövsiyəm ondan ibarətdir ki, iş yerlərini ixtisar etməsinlər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sahibkarlara tövsiyəm ondan ibarətdir ki, iş yerlərini
ixtisar etməsinlər.

Publika.az xəbər verir ki, bunu Prezident İlham
Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına
həsr olunan konfransda yekun nitqində deyib.

Azərbaycan Prezidenti xatırladıb ki, keçən il 118 min yeni iş
yeri yaradılmışdır: “Bu, yaxşı rəqəmdir. İş yerlərinin yaradılması
daimi proses olmalıdır və bu sahədə əlbəttə ki, özəl sektor əsas
rol oynamalıdır. Dövlətin dəstəyi ilə verilən hər bir kreditin
tərkibində mütləq məruzə olunanda nə qədər iş yeri yaradılacaq
məsələsi də vardır. Məşğulluğun artırılması çox ciddi məsələdir.
Bəzi ölkələrdə əhali artmır, bəzi ölkələrdə əhali azalır,
Azərbaycanda isə əhali artır. Mən qeyd etdim ki, son 15 il ərzində
əhalimizin sayı 1,6 milyon nəfər artmışdır. Bu, əlbəttə ki, bizdən
çox ciddi iş tələb edir. Bir daha demək istəyirəm ki, iş yerlərinin
yaradılması prioritet məsələlərdən biridir. O bölgələrdə ki,
işsizlik var, biz o bölgələrdə işsizliklə mübarizə aparmaq üçün
ictimai işlər açmışıq. Bir neçə ildir ki, bu təşəbbüs reallaşır və
ictimai işlərdə minlərlə insan işləyir və əməkhaqqı alır.

Əlbəttə ki, son illərdə bir çox müəssisələr yaradılır və orada
iş yerləri açılır. Sahibkarlara tövsiyəm ondan ibarətdir ki, iş
yerlərini ixtisar etməsinlər. Çünki bu gün dünyada ümumi meyil
ondan ibarətdir ki, daha çox texnologiyalara üstünlük verilir,
elmi-texniki tərəqqi yeni texnologiyalar ortaya çıxarır, robotlar
insanları əvəzləyir, bütün bunlar reallıqdır. Biz bu reallıqla
hesablaşmalıyıq. Ancaq, eyni zamanda, biz Azərbaycanda mütləq iş
yerlərini qorumalıyıq – həm dövlət qurumlarında, həm özəl
sektorda”.

İlham Əliyev bildirib ki, dövlət qurumlarında aparılan struktur
islahatları, – bütün dövlət qurumlarına artıq bildirilib, – iş
yerlərinin ixtisarına gətirib çıxarmamalıdır: “Bu struktur
islahatları, sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə
yönəlib. Əlbəttə, dövlət müəssisələrində işləyən vətəndaşlar öz
işlərində qalacaqlar. Özəl sektor da heç bir ixtisar aparmamalıdır,
əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yerləri
açmalıdır. Yenə də deyirəm, bu istiqamətdə proses müsbət gedir.
Keçən il 118 min daimi iş yeri yaradılıb və təbii ki, bu, özəl
sektorda yaradılmış iş yerləridir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp