Regionda Bolton GEDİŞİ: ABŞ Qarabağda nəyə hazırlaşır?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con
Boltonun Azərbaycan Prezidentinə telefon zəngini təsadüf
saymıram”.

Publika.az xəbər verir ki, bu barədə politoloq
Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Con Boltonun bir neçə gün əvvəl
Ermənistanın baş naziri Nikol Paşinyana zəng etməsi də təsadüfi
deyildi: “Doğrudur, Paşinyan telefon danışığından sonra rəqiblərini
sakitləşdirmək üçün and-aman etdi ki, Bolton onu yalnız baş nazir
seçilməsi münasibətilə təbrik edib, başqa söhbət olmayıb, yəni
Qarabağdan danışmayıblar. Ancaq Azərbaycan Prezidentinin Mətbuat
Xidmətinin yaydığı məlumata görə isə, Con Bolton İlham Əliyevlə bir
sıra mövzularla yanaşı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı danışıqlar prosesini müzakirə edib. Demək, bu
mövzu Paşinyanla da müzakirə edilib, sadəcə Ermənistanın baş naziri
“Qarabağ klanından” ehtiyat etdiyi üçün bu haqda açıqlama verməyib.
Bunların üzərinə ABŞ milli kəşfiyyatnın rəhbəri Deniel Koutsun bir
neçə gün əvvəl Rusiyanın müdaxiləsi nəticəsində Dağlıq Qarabağ
münaqişəsinin yenidən alovlana biləcəyi açıqlamasını da əlavə
etsək? ABŞ-ın bölgə ilə bağlı hərəkətə gəldiyini söyləmək
olar”.

E.Şahinoğlu Boltonun zənginin səbəblərini açıqlayıb.

“Birincisi, ABŞ hazırda dünyanın hər yerində Rusiyanın maraqları
ilə mübarizə aparır. İki dövlətin son toqquşduğu məkan
Venesueladır. ABŞ prezident Maduronu devirmək istəyən qüvvələri
dəstəkləyir, Moskva isə əksinə Venesuelanın hazırkı prezidentindən
ikiəlli yapışıb. Suriyada da işlər yaxşı getmir. Amerika Suriyadan
çıxmaq istəyir, ancaq Rusiyanın bu ölkəyə tam hakim olmasını da
istəmir, bunu əngəlləmək üçün yollar arayır. Ukrayna uğrunda
mübarizə də davam edir. Görünür, tədricən növbə Cənubi Qafqaza
çatır. Mümkündür ki, Dövlət Departamenti, Pentaqon və Mərkəzi
Kəşfiyyat İdarəsi birlikdə Cənubi Qafqazla bağlı yeni strategiya
hazırlayıblar və bu strategiyanın ana xətlərindən biri Rusiyanın
bölgədəki təsirlərinin azaldılmasına yönəlib. Ona görə də
Vaşinqtondan Bakıya və İrəvana zənglərin sayı artıb. İkincisi,
mümkündür ki, ABŞ Rusiyanın Avrasiya bölgəsindəəki mövqelərinin
sıxışdırılması üçün regional münaqişələrin həllindəki fəallığını
artıracaq. Məsələn, Vaşinqton görəndə ki, Rusiya təmsilçiləri
Əfqanıstanda Taliban hərəkatı ilə gizli təmaslara başlayıblar,
vəziyyəti dəyişməyə çalışdı. Bu gün Taliban təmsilçiləri amerikalı
diplomatlarla Qətərdə görüşürlər və çalışırlar ki, hansısa razılığa
gəlsinlər. Üçüncüsü, ABŞ 2000-ci ildən bu yana Dağlıq Qarabağ
münaqişəsinin həllində xüsusi fəallıq nümayiş etdirməyib. Amerika
ərazisində Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü
19 il əvvəl olub. Görünür, Vaşinqtonda yenidən bu mövzuya qayıtmağı
lazım bilirlər. Prezident Donald Trampdan olsaydı, bizim bölgə ilə
maraqlanmazdı. Ancaq Trampın güclü komandası var və Bolton kimi
təcrübəli diplomat anlayır ki, heç bir bölgəni Rusiyaya bəxşiş
vermək olmaz, bunun nəticəsi yaxşı olmur. Gürcüstan və Ukrayna buna
misaldır. İndi Vaşinqtondan tələb olunan Moskva və Paris
görüşlərindən sonra Azərbaycan Prezidenti ilə Ermənistanın baş
nazirinin görüşünü Amerika ərazisində təşkil etməkdir. Ancaq
görüşün məzmunlu olması və tərəflərin mövqeyini bir-birinə
yaxınlaşdırmaq üçün alt səviyyədə fəaliyyət başlamalıdır. O ki
qaldı, ABŞ Milli Kəşfiyyat rəhbərinin “Rusiya müharibəni
alovlandıra bilər” mesajına bu, daha çox Bakı və İrəvana
xəbərdarlıqdır ki, qonşunuzdan ehtiyatlı olun, o sizinlə
münasibətlərdə səmimi deyil”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp