“Qarşıya qoyulan bütün vəzifələr uğurla icra ediləcək”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Azərbaycan ötən 15 ildə özünün sürətli inkişaf dövrünü
yaşayıb. Xüsusilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən
uğurlu daxili siyasət nəticəsində regionların sosial-iqtisadi
inkişafı yüksək səviyyədə təmin edilib, kənd və qəsəbələr simasını
əsaslı şəkildə dəyişib”.

Publika.az xəbər verir ki, bu fikirləri Yeni
Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə qeyd edib ki, cənab İlham Əliyev 2003-cü ildə
seçicilərin böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçildikdən
sonra qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib:

“Məhz möhtərəm Prezidentimizin təşəbbüsü ilə 2004-cü ildən
başlayaraq regionların sosial-iqtisadi inkişafı xüsusi olaraq
diqqət mərkəzində saxlanılıb. Bu mənada ötən 15 ildə 2004-2008,
2009-2013, 2014-2018-ci illəri əhatə edən 3 Dövlət Proqramı qəbul
olunub və müvəffəqiyyətlə icra edilib. Nəticədə regionlarda böyük
infrastruktur layihələri həyata keçirilib, kənd və qəsəbələrə yeni
yollar, işıq, qaz xətləri çəkilib, biz sözlə, insanların rahat
yaşaması üçün zəruri olan bütün tədbirlər görülüb”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, bu günlərdə
keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının
yekunlarına həsr olunan konfransda dövlətimizin başçısı xüsusi
olaraq regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət
Proqramının icrası təmin edildiyini, 5 il bundan əvvəl qəbul
edilmiş proqram artıqlaması ilə yerinə yetirildiyini deyib: “Bəli,
Dövlət Proqramının icrası ilə bağlı ötən 5 ildə qarşıya qoyulan
bütün vəzifələr uğurla icra edilib. Ümumiyyətlə, son 15 ilin
statistikası belə deməyə əsas verir ki, Azərbaycan inamla inkişaf
edib. 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb, 3200-dən
çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb
müəssisəsi tikilib və yenidən qurulub, 44 olimpiya mərkəzi
yaradılıb. Ümumi daxili məhsul 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə,
ixrac 4,7 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb. 2 milyon yeni iş
yeri yaradılıb. Regionların inkişafında xüsusi payı olan kənd
təsərrüfatı sahəsində də böyük artımlar müşahidə edilib. Belə ki,
2015-ci ildə cəmi 35 min ton pambıq yığıldığı halda, ötən il 233
min ton pambıq tədarük edilib. Ötən il 13 rayonda 6200 ton tütün
yığılıb. Əgər 2004-cü ildə 55 min ton üzüm yığılmışdısa, keçən il
bu rəqəm 167 min tona bərabər olub. Təbii ki, ayrı-ayrı sahələrlə
bağlı kifayət qədər belə müsbət rəqəmlər, göstəricilər qeyd etmək
olar. Bütün bunlar bir daha sübut edir ki, qəbul və uğurla icra
olunan 3 Dövlət Proqramının regionların sosial-iqtisadi inkişafında
müstəsna yeri var”.

V. Rəhimzadə əlavə edib ki, regionların sosial-iqtisadi inkişafı
bundan sonra da dövlət başçısının xüsusi nəzarətində olacaq:
“Möhtərəm Prezidentimizin növbəti Fərmanı ilə “Azərbaycan
Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi bunun bariz
nümunəsidir. Hesab edirəm ki, növbəti 5 ildə Dövlət Proqramı ilə
bağlı qarşıya qoyulan bütün vəzifələr uğurla icra ediləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp